KÖŞƏ

Elçin Zaman

Ermənistan ona görə dünyanın ən rəzil ölkəsidir ki...

08 fevral 2019 11:01
3201

Çağdaş dünyadakı ən ciddi geosiyasi anormallıq odur ki, müstəqil, BMT üzvü olan bir  dövlətin sərhədlərini  başqa bir dövlətin silahlı qüvvələri qoruyur. Məhz belə bir rəzil və ləyaqətsiz ölkə Ermənistandır. Bu dövlət adına iddialı olan ölkə başqa bir dövlətin - Rusiyanın forpostudur və onun  siyasi iradəsindən asılıdır.

Təbii ki, erməni ictimaiyyətində bu rəzil vəziyyətdən narahat olan qruplar özlərini açıq şəkildə büruzə verirlər. Xüsusən Serj Sarkisyan hakimiyyətini devirən Nikol Paşinyanın ətrafı artıq Rusiyanın forpostluğundan qurtarmaq istəyənlərlə “zəngindir”.

Nikol Paşinyanı Qərbin məhsulu hesab edənlər də çoxdur. Çünki onun son dövrdəki hərəkətləri, o cümlədən antirusiya əhval-ruhiyyəli insanları yüksək  vəzifələrə yerləşdirməsi bu qənaətə gəlməyə əsas verir. Digər tərəfdən, Rusiyanın hakim elitasında da antiermənistan əhval-ruhiyyəsi yaranıb. Artıq Rusiyada Ermənistana etimad limiti tükənmək üzrədir və ona müttəfiq gözü ilə baxanların sayı azalır.

Qeyd edək ki, son bir neçə ayda Nikol Paşinyan siyasi hiyləgərlik etməklə Rusiyanı sanki küsdürməyə çalışır. Məsələn, Ermənistanın baş naziri çalışır ki, ölkəsini Avrasiya İqtisadi Birliyindən (AİB) və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatından uzaqlaşdırsınlar.  Məhz Nikolun hər iki təşkilatın üzv dövlətlərin-  Qazaxıstanın və Belarusun rəhbərləri ilə aralarında ciddi fikir ayrılıqlarının olması da onun siyasi “məharəti”dir.

Artıq Qərbin iqtisadi və siyasi sanksiyalarına məruz qalan Rusiyada sosial-iqtisadi tənəzzül qaçılmazdır. Belə bir ölkənin forpostu olmaq isə Ermənistana heç yaxşı gələcək vəd etmir.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Ermənistan rotasiya qaydası ilə Avrasiya İqtisadi Birliyinə sədrlik edir. Rusiya mətbuatında vurğulanır ki, Ermənistanın yeni hakimiyyəti quruma neqativ münasibəti ilə seçilir. Hələ deputat olanda Paşinyan Ermənistanın AİB-ə üzv olmasının əleyhinə səs vermişdi. 2017-ci ildə  isə onun rəhbərlik etdiyi parlament fraksiyası ölkəsinin təşkilatdan  çıxması təklifini müdafiə etmişdi. O bildirirdi ki, Ermənistan AİB-ə məcburən üzv etdirilib.

Paşinyanın qənaətincə, Ermənistanın sözügedən təşkilata üzvlüyü ölkəsinin iqtisadiyyatına və təhlükəsizliyinə problemlər yaradıb. Nikolun sözlərinə görə, Birliyə üzvlük müddətində Ermənistanın ümum daxili məhsulu 8 faiz aşağı düşüb.

Bundan başqa, Paşinyan hakimiyyətə gələndən sonra Moskva tərəfindən dost addımı kimi qarşılanmayan bir sıra qərarlar qəbul edib. Onun göstərişi ilə Rusiya siyasi və işgüzar dairələri ilə sıx əlaqədə olan erməni elitasının nümayəndələrinə qarşı cinayət işləri qaldırılıb. Nəhayət, rəsmi İrəvan Gümrüdəki rus hərbi bazasına qarşı keçirilən etiraz aksiyalarına da gizli şəkildə dəstək verib.

Bütün bunların nəticəsi isə belədir ki, rəsmi İrəvan  son bir il ərzində Rusiyanın söz sahibi olduğu  AİB-ə deyil, Avropaya doğru irəliləmək əzmindədir. Erməni KİV-ləri aşıq şəkildə yazırlar ki, Nikol Paşinyan bütün mümkün variantlardan istifadə edir ki, ölkəsinin Qərbə istiqamətlənməsini asanlaşdırsın. O, bu məsələdə “əsasları” tapmağa çalışır. Məsələn, deyir ki, Türkiyə və Azərbaycan arasında qalan ölkəsinin “təhlükəsizlik qarantiyası” yoxdur.  Bir sözlə, Paşinyanın bu hərəkəti başqa varlı kişini sevən qadının ərindən boşanmaq istəyinə oxşayır.

Məhz bu səbəbdən də Nikol Paşinyan Rusiyadan mehribancasına ayrılmaq və əvəzində Qərbin qucağına qaçmaq istəyir. Qərbdən maliyyə yardımları almaq isə onun hazırkı siyasi fəaliyyətinin  əsas prinsiplərindən biridir.