Elçin Zaman |
Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi son və həm də qərəzli qətnamə Azərbaycan kimi müstəqil siyasət yürüdən bir ölkəyə təzyiq vasitəsidir. Bu, həm də o Avropa Parlamentidir ki, onun üzvlərinin təmsil olunduqları ölkələrin bir çoxunun məhz enerji təminatçısı Azərbaycan dövlətidir.
Təbii ki, Avropa Parlamenti bir məqamı unudur ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında avropalıların ən ehtiyac duyduğu ölkə Azərbaycandır. Yəni, Avpropa ölkəmizə nə qədər lazımdırsa, Azərbaycan da bir o qədər Avropaya gərəklidir. Çünki Azərbaycan qlobal enerji layihələrinin müəllifi olaraq regionda əsas söz sahibidir.
Əslində bu, neçə illərdir ölkəmizə qarşı yürüdülən ikili standartlar tendensiyasının davamıdır. Sual olunur: necə olur ki, Fransa Prezidenti Emmanuel Makronun ölkədə yanacağın qiymətinin artırılması qərarına etiraz edən «sarı jiletlilər»ə qarşı polis zorakılığından eninə- boyuna istifadə edildiyi halda, Avropa Parlamenti ancaq Mehman Hüseynovu müzakirəyə çıxarıb qərar qəbul edir?
Bundan başqa, Ermənistandakı Robert Koçaryan və Serj Sarkisyan xuntasının 20 il ərzində erməni xalqını polis rejimi ilə əzməsi, seçkilərdə saxtakarlıqlara etiraz edən onlarla etirazçını gülləbaran etməsi, yüzlərlə siyasi fəalı həbs etdirərək zindanlarda çürütməsi, parlament üzvlərinin elə zalda qətlə yetirilmələri və daha onlarla belə ciddi insan hüquqlarının pozulması faktları varkən niyə Avropa Parlamenti bunlar barəsində ciddi qətnamə qəbul etmədi?
Avropa Parlamentinin daha bir saxtakarlığı və ölkəmizə qarşı həyata keçirdiyi ikili standart siyasətinin nümunəsi məhz Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə həbs edilən «Haynyus.am» saytının rəhbəri və «Erməni qartalları: Vahid Ermənistan Partiyası»nın sədr müavini Mqer Yegiazaryanın «Nubaraşen» təcridxanasındakı ölümünə hələ də biganə qalmasıdır. Məlumatlara görə, bu media nümayəndəsinə təcridxanada ciddi psixoloji təzyiqlər göstrəilib və işgəncələr verilib.
Qeyd edək ki, Ermənistanda dekabrın 5-dən aclıq aksiyası keçirən Mqer Yegiazaryan yanvarın 26-da səhhətində yaranan problem səbəbindən ölüb. Onun aclıq aksiyası keçirməsinə səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən dələduzluq ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi olub.
İddia edilir ki, Paşinyanın inqilabi hərakatına dəstək verməyən Yegiazaryan Nikolun şəxsi düşməni statusu qazanmışdı. Hətta o rəhbərlik etdiyi saytda tənqidi məqalələr yazmaqla Paşinyanın siyasi fəaliyyətini pisləmişdi. Məhz buna görə də o, Ermənistanın yeni baş nazirinin göstərişi ilə həbs edilmişdi.
Ümumiyyətlə, bu təşkilatın həmişə sərgilədiyi ermənipərəst mövqe hər kəsə məlumdur. Bu təşkilat haqqında artıq belə bir qəti rəy formalaşıb ki, o islamofobiya xəstəliyinə yoluxmuş və insan hüquqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur. Ən dəhşətlisi isə odur ki, qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumlarının ölkəmizdəki dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənməsi bir daha onların antimilli mahiyyətindən xəbər verir.