KÖŞƏ

Elçin Zaman

Ayının min oyunu var bir armudun başında

29 yanvar 2019 10:35
2694

Yanvarın 19-da dağıdıcı müxalifət partiyalarının keçirdiyi dağınıq və azsaylı iştirakçıların qatıldığı mitinq şousu onların zəif sosial bazaya malik olduqlarını cəmiyyətə bir daha göstərdi. Xüsusilə dağıdıcı müxalifət partiyalarının rəhbərlərinin və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. Artıq əsrin dördə biri qədər yaşı olan bu qaragüruhçu təşkilatların nəinki  dövrün hadisələrinə, inkişafa yeni baxışları yoxdur, əksinə müasir dövrün siyasi tələblərindən çox geridə qalırlar.

Düzdür, dağıdıcılar bu mitinqi  az qala qələbə kimi qələmə verirlər. Ancaq görünən odur ki, onların bu iddiaları populizmdən başqa bir şey deyil. Çünki əvvəla bu mitinqdə yeni, cəmiyyətin diqqətini çəkən ciddi şüarlar yox idi. Digər tərəfdən, ölkənin ziyalıları bu mitinqdə iştirakdan imtina etməklə Əli Kərimli kimi antimilli və diletant bir partiya sədrinə öz yerini göstərdilər.

Burada mitinqi gözdən salan digər bir məqam isə  onun təşkilatçılarının illərdir eyni və vaxtı keçmiş, boyatlaşmış şüarlarla çıxış etmələri, ən başlıcası isə əsassız ittihamlara geniş yer vermələridir. Xalq artıq onların timsah göz yaşlarına inanmır.

Mitinqdə diqqətçəkən məqamlardan biri də o idi ki, çağırışlar yalnız ölkə daxilindəki müxalifətdən deyil, eyni zamanda, xaricdəki antiazərbaycan qüvvələrdən maliyyə və ideoloji dəstək gəlmişdi.

Təbii ki, AXCP sədri Əli Kərimlinin ətrafı, xüsusilə də onun inhisarında olan qondarma “Milli Şura” funksionerləri hələ də revanş götürmək, 26 il əvvəl itirdikləri hakimiyyəti zor gücü ilə geri qaytarmaq iddiasındadırlar. Ancaq xalq onlara dəstək vermirsə, təbii ki, bu niyyətləri ömürboyu xülya olaraq qalacaq. Çünki xalqın etimad göstərdiyi mövcud hakimiyyət həm güclüdür, həm də peşəkar.

Müxalifətin dağıdıcılığının və qaragüruhçuluğunun artması faktoru da cəmiyyət üçün bir problemdir. Ona görə ki, ölkə ictimaiyyəti konstruktiv, siyasi hadisələri daha ciddi təhlil edə bilən və milli mənafelərdən çıxış edən müxalifət arzulayır. Cəmiyyət anlayır ki, dağıdıcılıq və populizm hərəkətləri dağıdıcı təşkilatların ölkəyə və dövlətə vurmaq istədiyi ən ağır zərbədir. O səbəbdəndir ki, xalq bu kimi qaragüruhçulara həmişə “yox” deyib.

Məhz Əli Kərimlinin və onun ətrafının dağıdıcılıq xisləti 19 yanvar mtinqindən sonra 20 Yanvar Ümumxalq Hüzn Günündə  Şəhidlər xiyabanı ətrafındakı oyunbazlığında da özünü bir daha göstərdi. Onlar Şəhidlər Xiyabanını da mitinq yerinə çevirmək istəməklə hakimiyyəti təxribata çəkmək və  beynəlxalq təşkilatları ölkəmizin üzərinə qaldırmaq istədilər. Necə deyərlər, ayının min oyunu var bir armudun başında...

Bu da gerçəklikdir ki, ölkəmizdə genişmiqyaslı və səmərəli islahatlar aparılanda, xüsusilə də rüşvətə və korrupsiyaya qarşı mübarizə gücləndirildikdə dağıdıcı müxalifət bu yeniliklərə qarşı mütəşəkkil şəkildə müqavimət göstərməyə cəhd edir. Təbii ki, Prezident İlham Əliyevi bu qətiyyətli mövqeyindən kimsə çəkindirə bilməz. Ona görə ki, ölkəmizin başçısının arxasında müdrik xalq dayanıb.