Elçin Zaman |
Ötən həftə oxudum ki, dünyada ən böyük iki transmilli şirkətlərdən biri olan “Microsoft”un yaradıcısı və sahibi Bill Qeyts sıradan bir vətəndaş kimi, qamburger almaq üçün növbəyə durub. Dostlardan birinin dediyi kimi, o, şəkildə çox sadəlövh və fağır bir insan təsiri bağışlayır... Bəli, məhz bizə onun bu hərəkəti ona görə qeyri-adi göründü ki, biz lovğa şərqliyik, bizim də onun kimi 90 milyard dollarlıq sərvətimiz olsaydı, qamburgerxananın nəinki qarşısında növbə gözləyərdik, hətta onlarla cangüdənlə, sirena siqnallarla oranın şefini qarşımıza müntəzir vəziyyətə gətirərdik.
Amma 90 milyard dollarlıq bir sərvətə malik Bill müəllimin bu davranışı sadəlövhlük deyil ki, əxlaq saflığıdır, nəfsinin toxluğudur. Belələrinə Peyğəmbər də demək olar, onun davamçısı da ... Çünki o, bu əxlaqı ilə Peyğəmbərlik nümunəsi göstərir. Tez-tez deyirlər ki, müasir dövrdə qarışıq dünyamızı nizama salmaq üçün Allah-Təala yeni Peyğəmbər göndərəcək. Ay dostlar, məhz peyğəmbərlər belə insanların timsalında, onların davranışları və əxlaqı ilə zühur edir də...
Bu həmin Peyğəmbər əxlaqlı Bill Qeytsdir ki, hər il varidatının 2 milyard dollardan çoxunu kimsəsiz uşaqlara, onların təhsilinə, sağlamlığına xərcləyir.
Mən niyə məhz Bill Qeytsdən yazmağı lazım bildim?! Ona görə ki, ötən günlərdə özünü şairə elan etmiş, ancaq şeirdən başqa nə desən yazan və xına gecələrinin aparıcısı kimi məşhurlaşan xanım (adını yazsam ucuz şöhrətə minər) metroda qatara mindikdən sonra selfi çəkdirib şəklini qoyub “instaqram”a ki, bəs mən şəxsi avtomobilimlə deyil, bu gün metro ilə gedirəm. Bunu sanki insanların gözünə soxmaq istəyir ki, mənim kimilər də metroya minir və xalq mənim sadəliyimdən nümunə götürə bilər. Və bu düşük paylaşımdan sonra onlarla insan ərinməyib ona şərh də yazıb.
Təbii ki, bu gün ölkəmizdə gündəmi belə düşük və mənasız hərəkətləri ilə zəbt etmək istəyənlərin sayı yüzlərlədir. Amma belələrindən soruşmaq haqqımız çatır ki, axı sən kimsən? Sizin kimilərinin şöhrəti “Herostat şöhrəti”ndən başqa bir şey deyil... “Herostat şöhrəti” nədir desəm, onu da bilməyəcəklər. Ona görə də bu barədə məlumat verim. Qədim Romada bir qul məşhurlaşmaq istəyi ilə alışıb-yanır. Ancaq bacarıq yox, qabiliyyət yox-sıradan bir quldur. O, məşhurlaşmağın yolunu məşhur kilsəni yandırmaqda görür və yandırır da... Soruşanda kilsəni kim yandırıb, deyirlər ki, Herostat. Al, bu da sənə ucuz şöhrət!
Əzizlərim, Bill Qeyts müsəlman deyil, amma bütün davranışları ilə həqiqi müsəlmanın etməli olduqlarını edir. Ona görə ki, onun yaşadığı cəmiyyət, onun böyüdüyü mühit onu belə saf əxlaq sahibi edib. Adını unutduğum məşhur bir ilahiyyatçı alim məqalələrindən birində yazırdı ki, mən Avropada məscid görmədim, İslam gördüm, Şərqdə isə məscid gördüm, İslam görmədim. Bu gün məhz Suriyada, İraqda, Əfqanıstanda, Yəməndə davam edən çoxillik vətəndaş müharibələrinin bir səbəbi də İslamın düzgün təbliğ edilməməsidir. Ondan hər təriqətçinin, hər aşirət rəhbərinin özünə sərf edən şəkildə istifadə etməsidir.
Bəlkə də burada deyənlər olacaq ki, həmin ölkələrdə vətəndaş müharibəsini böyük güclər konkret olaraq, ABŞ və Avropa ölkələri yaradıblar. Bu fikri qəbul etmirəm. Ona görə ki, o ölkələrdə ki, İslamın ilk növbədə müsəlmanlara buyurduğu təhsildən kasaddırlar, orada Amerika da, Avropa da at oynadacaqdır. Birdəfəlik yadda saxlamalıyıq ki, İslamı qaydalara riyaət etmək hər gün bir neçə dəfə namaz qılmaqla ölçülmür. Onun birinci şərti yüksək təhsillə kamilləşməkdir, Allaha kamil insan kimi ibadət etməkdir. Axı, İslam kamil, dürüst dindir. Onu sünniyə və şiəyə bölənlərin məqsədi isə təbii ki, müqəddəs və kamil dinimizi parçalamaq, onun gözəl hikmətlərini anlamağa ciddi şəkildə mane olmaqdır.
Ötən il həm Avropa, həm də müsəlman ölkələrində belə bir sorğu aparıblar: hansı ölkələrdə İslam dininin tələblərinə daha düzgün riayət edirlər. Məlum olub ki, vətəndaş-dövlət münasibətləri, insanların bir-birinə qarşı mədəni davranışları, cəmiyyətdəki yüksək intellekt, qanunlara sayğı, insanlara diqqət və qayğı kimi meyarlara görə (hansı ki, İslam bunu təlqin edir) Avropa ölkələri öndə gəlir. Bu kriteriyalara görə 34-cü yerdə İslam ölkəsi olan İndoneziya qərarlaşıb.
Ölkəmizdə mal-mülk sahibi olan bir nəfər 28 dəfə Həcc ziyarətinə getməsini az qala insanların gözünə soxur. Getsin və Allah ondan razı olsun deyirik. Amma bu 28 dəfə Həccə getmək mənə bir reklam və yaxud bir ticarət vərdişi kimi gəlir. Axı 28 dəfə Həccə gedən adam həmin pulları buradakı kasıb, imkansız ailələrə xərcləyə bilər. İnsanlar var övladları ağır xəstədirlər. Televiziyalara çıxıb müraciət edirlər, yardım istəyirlər. Allahın sevimli bəndəsi olmaq üçün onlara yardım etməkdən gözəl fürsət varmı? Bunu mən demirəm. Bu hikmətlər İslamın müqəddəs kitabında “Qurani-Kərimdə” tez-tez təkrarlanan kəlamlardır.
Burada bir anlamı gözəl olan məsəli çəkmək yerinə düşər. Bir gün müəllim dərs zamanı deyir-Allah hər şeyi görürsə və hər şeyə qadirdirsə niyə pis insanların pisliklərinin qarşısını almır? Sinifdəki kamil düşüncəli şagirdlərdən biri deyir-müəllim soyuq var? Müəllim deyir var. Şagird deyir, müəllim soyuq yoxdur, ocaq yanmayan, günəş tutmayan yerlər soyuq olur. Şagird yenə müəllimindən soruşur: qaranlıq var? Müəllim cavab verir: var! Şagird deyir, yenə düz demədiniz-işığın olmadığı yerlərdə qaranlıq olur. Nəhayət şagird deyir: müəllim, pisliklər o yerlərdə olur ki, orada Allah qorxusu yoxdur. Allaha inam olmayan yerdə isə şeytan at oynadar.
Özümə gəldikdə isə deyə bilərəm ki, mən hər gün bir neçə dəfə Allaha dua edirəm, onun dərgahına əl açaraq ölkəmə, xalqıma, ailəmə əmin-amanlıq, ruzi və bərəkət arzu edirəm. Allahıma qəlbən inanıram. Onun lütfündən heç vaxt narazı qalmamışam. Pis, yaxşı nə veribsə onun məsləhətinə şükür etmişəm. Hiss etmişəm ki, o böyük yaradanın hətta mənə əzab-əziyyət kimi görünən lütfündə də bir xeyir varmış.