Elçin Zaman |
Ermənistanın yeni hakimiyyəti inqilab öncəsi əhaliyə verdiyi iqtisadi və siyasi vədləri yerinə yetirmək iqtidarında deyil. Əvvəla, ona görə ki, dəfələrlə vurğuladığımız kimi, bu işğalçı ölkənin iqtisadi potensialı iflas ərəfəsindədir. Regiondakı bütün qlobal layihələrdən məhrum edilən, yalnız xaricdəki milyonçu ermənilərin yardımları hesabına dövlət büdcəsini alayarımçıq formalaşdıra bilən Ermənistan ac erməni millətinin ümidlərini doğrulda bilmir.
Artıq İrəvanın küçələrində maaşlarını və pensiyalarını aylardır ala bilməyən vətəndaşların etiraz aksiyaları başlayıb. Hətta aksiyalarda çıxış edənlər açıq şəkildə Paşinyanın daxili və xarici siyasətini pisləyirlər.
Bu arada Ermənistandakı siyasi və iqtisadi xaosun digər səbəbi buradakı klanlararası savaşın şiddətlənməsidir. Keçmiş prezident Serj Sarkisyanın ətrafının və qohumlarının korrupsiya və rüşvət ittihamları ilə həbs edilmələri, ordudakı qətl və cinayətlərə görə keçmiş generalların zindanlara atılması Qarabağ klanı ilə İrəvan klanı arasında az qala müharibə həddinə çatıb. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətindəki antirus əhval-ruhiyyə də bu ölkənin regional siyasi fəaliyyətini dalana dirəyib.
Bir sözlə, Ermənistanın mövcud hakimiyyəti bütün bu mənfi tendensiyaları önləmək və əhalinin etirazlarını səngitmək üçün Dağlıq Qarabağda yeni müharibə çağırışları ilə bağlı sərsəm açıqlamalar və bəyanatlar verməkdədirlər. Hətta əhalini Dağlıq Qarabağda başlayacaq müharibə ilə qorxudurlar. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “müdafiə naziri” Levon Mnasakyanın “Lazım gələrsə, Mingəçevir SES-ə dərhal zərbə endirəcəyik” deyə sərsəmləməsi gülüş doğurmaqla bərabər, onların özlərini erməni ictimaiyyətinə qəhrəman kimi təqdim olunmasına hesablanıb.
Qeyd edək ki, bu axmaq bəyanata Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti dərhal cavab verərək bildirib ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır: “Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirəcəyimiz təqdirdə, həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.
Erməni ictimaiyyətini sakitləşdirməyə yönəlik daha bir açıqlama isə Ermənistanın müdafiə naziri David Tonoyandan səsləndi. O iddia edir ki, guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükü başa çatdırılıb. Bu isə yenə də erməni əhalinin süni şəkildə ruhlandırılması cəhdidir. Çünki hələ bir müddət əvvəl erməni tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirmişdi: “Lakin qısa müddət keçdikdən sonra D.Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən belə, həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tamamilə başa çatdırıb. O ki qaldı Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə, silahlanmasına verilməyən silahların olması barədə elə həmin Tonoyanın dediklərinə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil”.
Təbii ki, Ermənistan hərbi rejiminin cəmiyyətə davamlı olaraq bu tip informasiylar ötürməsi məqsədli xarakter daşıyır və işğalçı ölkənin ordusundakı son korrupsiya qalmaqalı fonunda erməni əhalinin süni şəkildə ruhlandırılmasına hesablanıb.
Bu erməni avantürasına qarşı Azərbaycanın Müdafiə Nazirliyinin arqumentli açıqlaması isə onları tamamilə ifşa edir. Açıqlamada bildirilir ki, bir müdafiə naziri kimi Tonoyan bilməli idi ki, Rusiya öz silahlı qüvvələrini hər hansı bir silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir.
Digər tərəfdən, bu gerçək faktdır ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Ona görə ki, həmin silahlar artıq çox köhnəlib və istifadəyə yararsızdır.