KÖŞƏ

Elçin Zaman

Gəncə iğtişaşlarını törədənlərə qarşı möhtəşəm ümumxalq birliyi

12 iyul 2018 21:36
3451

Bu gün ölkəmizdə hər cür mübarizənin də, Mübarizliyin də yolu əsl düşmənlə, təcavüzkar Ermənistanla vuruşmaqdan, işğal altındakı torpaqların azad edilməsindən keçir

Gəncədəki iğtişaş cəhdini kənardan seyr edən hər kəs  yaxşı anlayır ki, bu hadisə Azərbaycanda sabitliyə yüklənmiş, xalqı öz dövləti ilə üz-üzə qoymaq istəyənlərin ölkəmiz üçün planlaşdırdıqları təxribat əməliyyatı idi. İğtişaşın əsas «rejissorları» xaricdəki antiazərbaycan qüvvələridirsə,  aparıcı «aktyorları» yerli antimilli ünsürlər idi. İğtişaş zamanı asayişi və əmin-amanlığı qoruyan iki polisin isə qəddarcasına qətlə yetirilməsi bir daha göstərdi ki, bir qrup iğtişaş iştirakçısı öz dövlətinə, xalqına və polis qardaşlarına hədsiz nifrət  hissi ilə yaşayanlardır.

Hadisə baş verəndən, hüquq mühafizə orqanları rəsmi məlumat yayandan dərhal sonra isə yenə də Gəncədəki başıpozuq dəstənin sosial şəbəkələrdəki dəstəkçiləri «iş başına keçdilər». Onlar bu dəfə lap  yalanın, və arqumentsizliyin pik nöktəsinə kimi qalxıblar. Sosial şəbəkələrdə «iki polis zabitinin məhz məqsədli, iğtişaş yaratmaq görüntüsü üçün hökumət tərəfindən qətlə yetirildiyini»  yazıb əks təbliğat aparırlar. Halbuki özlərinin yaydıqları videogörüntülərdə, radikal yönümlü saytlarının həyəcanlı qızının vay-şüvən içindəki yayımında belə soyuq silahla silahlanmış dəstənin polisə necə hücum çəkdiyi, zabitləri yaraladığı açıq-aydın görünür.

Bəs bu hücrəçilər, saxta islamçılar Azərbaycan dövlətinə və hakimiyyətinə olan kinlərini soyutmaq üçün bundan betər «arqument» tapa bilmədilərmi? Hansı dövlət illərlə yetişdirdiyi, hər zaman məhz anarxistlərin, qatı cinayətkarların  qarşısında dayanan, kəskin mövqeyi, sədaqəti ilə seçilən polisini vurdurar? Bunu düşünmək belə ağılsızlığın bir göstəricisidir.

İyulun 10-da Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə, dünyəvilyinə, sabitik boyda sərvətinə xain gözlə baxmağın nümunəsidir. Bu iğtişaş, əslində bir ovuc radikal yönümlülərin istəyi, məramı bilinmədən, hardan gəldiyi, nə səbəbə gəldiyi bəlli olmadan şəhəri qarışdırmaq cəhdidir. Əslində açıq deyək ki, oyun o qədər primitiv oynanılır ki, bu hücrəçilərin yetişdirildiyi, mesaj aldığı mərkəzlər çox aydın görünür.

Onların oturduqları yer Avropa və ya Azərbaycanda bir cami küncü ola bilər, amma oxuduqları moizənin dinlə, heç bir əlaqəsi ola bilməz. Xüsusilə o yerdəki günahsız insanları, dövləti, onun vətəndaşını qoruyan qanun keşikçilərini amansızcasına qətlə yetirəsən.

Təbii ki, Azərbaycana uzanan bu qanlı əllərin sahiblərini yaxşı tanıyırıq. Bu əllər harada Azərbaycan əleyhinə işləyən qüvvələr  varsa onun xidmətindədir. Həmin əllər həmişə ölkəmizin müstəqilliyinə qənim kəsilib, uğurlarımıza, inkişafımıza vurulacaq baltalara sap olublar.

İndi Azərbaycan vətəndaşlarının bir tələbi var: dərhal qanunun ən sərt üzü tətbiq edilməklə bu əməli törədənlər, bu əmələ təşviq edənlər tapılmalı, cəzalandırılmalıdırlar. Bu ölkənin ən böyük sərvəti olan sabitliyə, dünyəviliyə göz dikən, ölkədə qarşıdurma yaratmaq istəyən heç kimə güzəşt olunmamalıdır. Buna yol açanların əlləri, bu cığırda yüyürmək istəyənlərin ayaqları dərhal qandallanmalıdır.

Xalq eyni zamanda tələb edir ki, sosial şəbəkədə, adını siyasi müxalifət qoyub, amma haradan silahlandığı, haradan əmr aldığı bəlli olmayan ən kiçik anarxist dəstəyə belə, hakimiyyətə qarşı olduğu üçün dəstək verənlər də cəzadan, məsuliyyətdən kənarda qalmamalıdırlar.

Ölkə vətəndaşları baş verənlərdən hiddətlənib, çünki azərbaycanlılar başqa bir imperiyanın tərkibindən qurtulmaq üçün həqiqi azadlıq mübarizəsi aparanda belə heç kimi qətlə yetirməyblər. İndi, müstəqil və suveren Azərbaycan Respublikasının vətəndaşları yaxşı anlayırlar ki, bu məmləktdə mübarizənin də, Mübarizliyin də yolu əsl düşmənlə, təcavüzkar Ermənistanla vuruşmaqdan, işğal altındakı torpaqların azad edilməsindən keçir.

Artıq Azərbaycan vətəndaşlarını xaricidilli hücrələrdə yıxanan beyinlərin sahibləri, onların lom tutan əlləri hiddətləndirir. Bu ölkənin əsl vətəndaşı öz polisinin, qanı qanından, dini dinindən, can canından olan qardaşının üstünə lomla, dəynəklə getməz, getməyib. Bu ölkənin qeyrətli oğulları bu lom tutan, daş atan, polis öldürən əlləri tanıyır, ona görə də o əllərin sahiblərinə haqlı olaraq xain deyir, lənətləyir və bağışlamır.    

Bu gün həmin qanlı əllərin sahiblərini  sosial şəbəkələrdə antiazərbaycan çıxışlarda və təxribata cəhdlərdə də görmək mümkündür. Ölkənin bütün sağlam düşüncəli, geniş təfəkkürlü və sabitlik istəyən çoxluğu bu başıpozuqluğu lənətləyir. Hətta 5 gün əvvəldən elan olunmasına baxmayaraq, xalq bu zorakılığı, iğtişaşı dəstəkləmədi, ona qoşulmadı. Əksinə, Gəncə şəhəri də daxil bütün Azərbaycan etiraz səsini qaldırmaqla bu terroru lənətlədi.

Təbii ki, bütün bunlara rəğmən açıq şəkildə və qürurla demək lazımdır ki, Azərbaycan xalqı inkişaf edən, yüksələn dövlətini  sevir və hansısa qara qüvvələrin  qanlı əllərinin bu ali dəyərləri məhv etməsinə razı olmaz. Necə ki, artıq ölkəmizdə Gəncə iğtişaşlarını törədənlərə qarşı  möhtəşəm  ümumxalq birliyi mövcuddur.

Elçin Zaman,

«İki sahil»