05 noyabr 2026 14:13
132

Qalib Azərbaycan – güclü dövlət, məğrur xalq

Hər bir xalqın tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti zamanın sərhədlərini aşaraq bütöv bir millətin taleyinə həkk olunur. Azərbaycan xalqı üçün 8 Noyabr məhz belə bir tarixdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi otuz ilə yaxın davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası və milli iradənin təntənəsi idi. Bu gün Zəfərimizin altıncı ildönümünü qeyd edərkən bir daha aydın olur ki, həmin Qələbə yalnız 44 günlük müharibənin deyil, uzun illər ərzində həyata keçirilən ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.

Prezident İlham Əliyevin 2022-ci il noyabrın 8-də Şuşada səsləndirdiyi fikirlər Zəfərə aparan yolun mahiyyətini aydın ifadə edir: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Bu sözlər böyük bir həqiqəti əks etdirir: tarixi Qələbələr təsadüfən qazanılmır. Onların arxasında illərin zəhməti, uzaqgörən siyasi qərarlar, möhkəm iqtisadi təməl və qarşıya qoyulan məqsədə sədaqət dayanır.

Azərbaycanın Zəfərə aparan inkişaf yolunun əsasları Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası ilə qoyulmuşdur. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs davam etdirilmiş, ölkənin iqtisadi qüdrətinin artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və müdafiə potensialının gücləndirilməsi prioritet istiqamətlərə çevrilmişdir. Uğurlu enerji layihələri, müstəqil xarici siyasət və müasir ordu quruculuğu Azərbaycanın strateji imkanlarını genişləndirmişdir. Dövlətimizin ərazi bütövlüyü məsələsində nümayiş etdirdiyi prinsipial mövqe, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan diplomatik fəaliyyəti bu siyasətin mühüm tərkib hissəsi olmuşdur.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcına çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində mühüm hərbi uğurlar qazandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və yüzlərlə yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 8-də isə Azərbaycanın mədəniyyət paytaxtı, milli ruhumuzun və tarixi yaddaşımızın ayrılmaz hissəsi olan Şuşa azadlığına qovuşdu. Bu hadisə müharibənin gedişində həlledici dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın yaddaşına əbədi həkk olundu.

Qələbənin qazanılmasında müasir hərbi texnika və peşəkar komandanlıqla yanaşı, Azərbaycan əsgərinin Vətən sevgisi, fədakarlığı və döyüş əzmi mühüm rol oynadı. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi şücaət və xalqımızın nümayiş etdirdiyi həmrəylik Zəfərin mənəvi dayaqlarını təşkil etdi. Müharibə günlərində bütün Azərbaycan vahid amal ətrafında birləşdi. “Dəmir yumruq” yalnız hərbi əməliyyatın adı deyil, həm də milli birliyin, qətiyyətin və dövlətlə xalqın həmrəyliyinin rəmzinə çevrildi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını rəsmiləşdirdi və Ağdam, Kəlbəcər, Laçın rayonlarının müvafiq ərazilərinin Azərbaycana qaytarılmasına şərait yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazisində bərpa olundu. Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması tarixi bir mərhələnin tamamlanmasının rəmzinə çevrildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yeni inkişaf mərhələsində davam etdiyini göstərir. Yenidən qurulan şəhər və kəndlər, istifadəyə verilən yollar, məktəblər, sosial obyektlər və Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qovuşan ailələr tarixi Qələbənin real nəticələridir. Eyni zamanda, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində mühüm diplomatik addım olmuşdur.

Zəfər tariximizin ən mühüm mənəvi dəyərlərindən biri də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə və onların ailələrinə göstərilən qayğıdır. Bu Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Gənclərimiz müstəqilliyimizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin dəyərini dərindən anlamalı, ölkəmizin gələcək inkişafına bilikləri, bacarıqları və vətənpərvərlikləri ilə töhfə verməlidirlər.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, birliyinin və dövlətçilik iradəsinin əbədi rəmzidir. Altı il əvvəl Şuşada dalğalanan üçrəngli bayrağımız bu gün bütöv və suveren Azərbaycanın gələcəyə inamını ifadə edir. Zəfər yalnız keçmişimizin şanlı səhifəsi deyil, həm də bu günümüzün quruculuq əzmi, sabahımızın sülh və tərəqqi yoludur.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri