30 oktyabr 2026 12:46
168

Qlobal çağırışların artdığı bir şəraitdə xalqların ortaq məqsədlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır

Azərbaycanın multikulturalizm modeli təkcə tarixi ənənələrə deyil, həm də dövlət siyasətinin əsas prinsiplərinə söykənir. Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər də müstəqil siyasətin və xalqımızın zəhmətinin nəticəsidir. Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat sahələrində mövqelərinin möhkəmlənməsi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa dövlətləri ilə əməkdaşlıq, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun mühüm göstəriciləridir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil siyasətini və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri bir daha nümayiş etdirib. Qlobal çağırışların artdığı bir şəraitdə xalqların bir-birini daha yaxından tanıması, fərqli dəyərlərə hörmətlə yanaşması və ortaq məqsədlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forum ötən 15 il ərzində səmərəli və əhatəli dialoq platformasına çevrilib. 100-dən çox ölkəni təmsil edən iştirakçıların Bakıda bir araya gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynaması, müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması bu təşəbbüsün möhkəm mənəvi əsaslarını təşkil edir.

Dövlət başçısı çıxışında vurğulayıb ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin tarixən formalaşmış multikultural dəyərlərinə, dini dözümlülük ənənələrinə və müxtəlif mədəniyyətlərə hörmət prinsipinə əsaslanır. Bu siyasət fərqli cəmiyyətlər arasında körpülərin qurulmasına, qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir.  Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ikili standartların yolverilməz olduğunu da qeyd edib. Beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə müdaxilə edilməməsi və xalqların öz gələcəyini sərbəst müəyyənləşdirmək hüququ beynəlxalq münasibətlərin əsas prinsipləri olmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hər bir dövlətin müstəqilliyinə və milli maraqlarına eyni dərəcədə hörmət göstərilməlidir. Çıxışda milli-mənəvi dəyərlərin, ana dilinin və ənənələrin qorunmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin qorunması ölkənin inkişafında mühüm rol oynayıb. Cəmiyyətdə həmrəyliyin və milli kimliyin qorunması, bu dəyərlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.  

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına da toxunub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunmasının, dövlətlər arasında etimadın möhkəmləndirilməsinin və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.

Forumda azərbaycançılıq ideyasının əhəmiyyətinə də xüsusi diqqət yetirilib. Azərbaycan xalqını birləşdirən bu ideya milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlarımızın ümumi dövlətçilik maraqları ətrafında birliyini ifadə edir. Tarixin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi çətinliklər milli kimliyimizin qorunmasının nə qədər vacib olduğunu göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Dövlət müstəqilliyinin bərpasından sonra isə öz taleyimizin sahibinə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirmək imkanı qazanmışıq.

     Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın sülh və qarşılıqlı anlaşma tərəfdarı kimi çıxış etməsidir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm zəmin yaradır. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni əməkdaşlıq imkanları formalaşıb. Bu imkanların reallaşdırılması dövlətlərin bir-birinin hüquqlarına hörmət etməsindən, qarşılıqlı etimadın gücləndirilməsindən və sülh gündəliyinə sadiqlikdən asılıdır. Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe isə dialoqun, əməkdaşlığın və davamlı sülhün alternativsiz əhəmiyyətini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq mövqelərinə də toxunub. Dövlətimizin başçısı ölkəmizin xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olduğunu vurğulayaraq iqtisadi dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması, müasir nəqliyyat infrastrukturunun yaradılması və regional bağlantı imkanlarının genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini artırır. Əlverişli coğrafi mövqeyimizlə yanaşı, həyata keçirilən infrastruktur layihələri və qonşu dövlətlərlə qurulan əməkdaşlıq əlaqələri ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. 

2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisə olub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda münasibətlərin yeni mərhələyə keçməsi üçün zəmin yaradıb. İndi əsas vəzifə əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və regionda uzunmüddətli sülhün təmin edilməsidir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası və dinlərarası münasibətlər, sülh quruculuğu, rəqəmsal inkişaf və müasir dünyanın digər aktual məsələləri müzakirə olunur. Tədbir müxtəlif ölkələrin nümayəndələri arasında fikir mübadiləsi aparılması, ortaq yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri