Öz ərazi bütövlüyünü və suverenliyini təmin edən, cəmiyyətin birliyini qoruyub saxlayan, kənar geosiyasi layihələrin içərisində öz milli kimliyini və müstəqil siyasi iradəsini itirməyən dövlətin beynəlxalq aləmdə bərabərhüquqlu tərəf kimi söz deməyə tam mənəvi və siyasi əsası var
Tarixin müxtəlif dövrlərində böyük imperiyaların və ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan, mədəniyyətlərin qarşıdurma meydanı deyil, əksinə, zənginləşmə və inteqrasiya mərkəzi kimi formalaşmışdır. Məhz bu tarixi-mədəni zəmin üzərində əsrlərin sınağından çıxmış milli birliyimizin və mənəvi bütövlüyümüzün təməli - azərbaycançılıq ideologiyası formalaşmışdır. Azərbaycançılıq ideologiyası ölkədə yaşayan bütün xalqların nümayəndələrini "Azərbaycan vətəndaşı" ali ideyası ətrafında sıx birləşdirir. Burada hər kəs öz milli-mədəni xüsusiyyətlərini, dilini və adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, ümumi Vətənin ayrılmaz bir parçası olduğunu dərk edir.

Müstəqilliyimizin ilk illərində ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında və cəmiyyətin ideoloji zəmində konsolidasiyasında azərbaycançılıq məfkurəsi həlledici rol oynamışdır. Bu ideologiya xalqımızı daxili ziddiyyətlərdən qoruyan güclü bir qalxan rolunu oynayıb. Həmin ideologiyanın müasir dövlətçilik müstəvisində əsas memarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Məhz dahi şəxsiyyətin siyasi fəaliyyəti dövründə azərbaycançılığın fəlsəfi, elmi və ictimai-siyasi əsasları sistemli məzmun qazanmış, milli kimlik ətrafında aparılan müzakirələrə aydın istiqamət verilmişdir. Ortaya qoyulan başlıca prinsip bundan ibarət idi: Azərbaycana mənsub olmaq üçün hamının eyni mədəniyyətə, dilə və ya dini dünyagörüşünə sahib olması tələb edilmir. Əsas meyar ortaq tarixi taleyi bölüşmək, vətəndaş məsuliyyəti daşımaq və dövlətə sədaqət göstərməkdir.
Müasir qloballaşan dünyada da milli identikliyin qorunub saxlanılması, fərqli mədəniyyətlər arasında dialoqun təmin edilməsi hər bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə dünyaya nümunəvi bir model təqdim edir.

Prezident İlham Əliyevin "Ümumi gələcək naminə dialoq" mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı sadəcə beynəlxalq tədbir iştirakçılarına ünvanlanmış salamlama nitqi deyildi. Dövlət başçısı mahiyyət etibarilə, 35 il ərzində müstəqilliyin ilk illərinin ağır sınaqlarından keçərək beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, nüfuzlu və müstəqil siyasi aktora çevrilmiş Azərbaycanın dövlətçilik fəlsəfəsini ortaya qoydu. Bu fəlsəfənin təməlində isə azərbaycançılıq məfkurəsi dayanır. Lakin ölkə daxilində möhkəm birliyin mövcudluğu kənardan qaynaqlanan təhlükələri tamamilə aradan qaldırmır. Prezident İlham Əliyev çıxışında cəmiyyətin həmrəyliyini sarsıda biləcək daxili risklərin olmadığını xüsusi vurğulayaraq potensial təhdidlərin məhz xarici mənbələrdən qaynaqlandığına diqqət çəkdi. Üstəlik, müasir dövrdə təhlükələr yalnız birbaşa hərbi müdaxilə ilə məhdudlaşmır. Rəqəmsal əsrdə ideoloji təxribatlar, informasiya manipulyasiyaları, yad siyasi modellərin müxtəlif vasitələrlə cəmiyyətlərə sırınması bir güllə belə atılmadan dövlət institutlarını sarsıtmağa qadirdir. Məhz buna görə ideoloji təhlükəsizlik dövlət sərhədlərinin mühafizəsi qədər strateji əhəmiyyət daşıyır. Müstəqilliyi qorumaq dünyadan təcrid olunmaq demək deyil. Bunun üçün möhkəm milli kimliyə, sağlam ictimai şüura, maariflənməyə və səmimi dialoqla siyasi təzyiq arasındakı fərqi düzgün müəyyənləşdirmək bacarığına ehtiyac var.
Bu yanaşma özünü beynəlxalq münasibətlərdə başqalarına dərs vermək səlahiyyəti ilə çıxış edən qüvvələrə ünvanlanan prinsipial mövqedə də göstərir. Digər dövlətlərə necə yaşamağı, hansı siyasi yolu seçməyi öyrətməyə çalışanlar əvvəlcə güzgüyə baxmalı, öz cəmiyyətlərində yığılıb qalmış problemlərə nəzər salmalıdırlar. Müstəqil dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi siyasi maraqlardan asılı olaraq seçmə qaydada tətbiq edilə bilməz. Suverenlik yalnız müəyyən ölkələrə tanınan imtiyaz, beynəlxalq hüquq isə arzuolunmaz tərəfləri cəzalandırmaq üçün istifadə edilən təzyiq aləti olmamalıdır. Azərbaycanın müdafiə etdiyi prinsip olduqca aydındır: hörmət qarşılıqlı olmalıdır və ikili standartların hökm sürdüyü şəraitdə həqiqi mədəniyyətlərarası dialoqdan danışmaq mümkün deyil.
Bu prinsipial mövqenin arxasında Azərbaycanın yaşadığı ağır və faciəli tarixi təcrübə dayanır. Ölkəmiz onilliklər ərzində Ermənistanın hərbi təcavüzünün və torpaqlarımızın işğalının ağır nəticələri ilə üzləşib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, həmin sənədlərin icrasını təmin edəcək təsirli mexanizmlər işə salınmadı. İşğal davam etdiyi halda qətnamələr kağız üzərində qaldı. Beynəlxalq vasitəçilər illərlə sülhdən danışdılar, lakin ədalətin bərpasına nail ola bilmədilər. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə dövlət suverenliyinin tam bərpası və bundan sonra sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşdırdı. 2025-ci ildə Ermənistanla sülh sazişinin mətninin paraflanması uzun illər davam edən qarşıdurma məntiqindən münasibətlərin normallaşdırılması perspektivinə keçid baxımından mühüm mərhələ oldu. Əlbəttə, bu, bütün problemlərin birdəfəlik aradan qalxması anlamına gəlmir. Lakin Azərbaycan təcrübəsi bir həqiqəti ortaya qoyur: işğalın nəticələri aradan qaldırıldıqda və dayanıqlı sülh üçün siyasi zəmin yarandıqda onilliklərlə davam edən münaqişəyə son qoymaq mümkündür.
Müstəqilliyin ötən 35 ili ərzində Azərbaycan siyasi institutlarını möhkəmləndirib, iqtisadi müstəqilliyini gücləndirib, müasir nəqliyyat və enerji infrastrukturu yaradıb, müdafiə qabiliyyətini artırıb və beynəlxalq diplomatiyada mövqelərini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün ölkəmiz getdikcə daha çox orta güc statusuna malik dövlət, yəni, milli maraqlarını müstəqil müəyyənləşdirən və regional proseslərin gedişinə real təsir göstərmək imkanına sahib olan siyasi aktor kimi qəbul edilir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin bu yaxınlarda keçirilmiş sammiti də Bakının artan beynəlxalq çəkisini bir daha nümayiş etdirdi. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə, 2028-ci ildə isə “Avropa Siyasi Birliyi”nin toplantısına ev sahibliyi edəcək. Belə miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün ölkənin həm siyasi nüfuzu, həm də güclü təşkilati potensialı mövcuddur. Bakının dünyaya ünvanladığı əsas mesajın mahiyyəti də məhz bundadır. Öz ərazi bütövlüyünü və suverenliyini təmin edən, cəmiyyətin birliyini qoruyub saxlayan, kənar geosiyasi layihələrin içərisində öz milli kimliyini və müstəqil siyasi iradəsini itirməyən dövlətin beynəlxalq aləmdə bərabərhüquqlu tərəf kimi söz deməyə tam mənəvi və siyasi əsası var.
Sevinc Azadi, “İki sahil”
Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi mövqeyini möhkəmləndirir