04 noyabr 2026 22:04
155

Qarabağ Dirçəliş Fondu “AIREX 2026” sərgisində iştirak edir

Bakıda ilk dəfə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi (“AIREX 2026”) keçirilir.

“İki sahil” xəbər verir ki, “PASHA Property Management” şirkətinin təşkilatçılığı ilə keçirilən Sərgidə 47 yerli, 14 xarici olmaqla, ümumilikdə 61 şirkət iştirak edir.

Noyabrın 6-dək davam edəcək sərginin rəsmi açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru Tural Əliyev çıxış ediblər.

Qeyd edək ki, “AIREX 2026” ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunduğu dövrə təsadüf edir. Bakının gələcək inkişafı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin yenidən qurulması fonunda sərgi Azərbaycanda həyata keçirilən layihələrin yerli və beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm platforma rolunu oynayır. Sərginin açılış gününün işgüzar proqramında da Azərbaycanın şəhərsalma təcrübəsi və yenidənqurma işləri əsas yer tutur.

Üç gün ərzində sərgini 20 min nəfərin ziyarət edəcəyi gözlənilir. Tədbir həm ilk mənzilini almaq istəyənlər, həm də yeni bazarları və əməkdaşlıq imkanlarını araşdıran investorlar üçün geniş imkanlar yaradır.

Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “AIREX 2026”da Qarabağ Dirçəliş Fondunun stendi ilə də tanış olublar.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Sərgi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə məruzəçi qismində çıxış edib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yaşayış binalarının, infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Əsas məqsəd insanların bu ərazilərə daimi yaşamaq və fəaliyyət göstərmək üçün qayıtmasını təmin etməkdir. Bu baxımdan dayanıqlı məskunlaşmanın formalaşdırılması əsas çağırışlardan biridir.

Rəhman Hacıyevin sözlərinə görə, daşınmaz əmlak anlayışına yaşayış evləri ilə yanaşı, hotellər, logistika və biznes mərkəzləri, yeni iş yerlərinin yaradılmasına xidmət edən digər obyektlər də daxildir. Tarixi məkanlar, abidələr və muzeylər isə həm daşınmaz əmlakın, həm də tarixi yaddaşın mühüm tərkib hissəsidir.