05 noyabr 2026 12:48
167

Milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız şanlı Zəfər simvoluna çevrilib

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan xalqının üçrəngli bayrağına münasibətini, dövlət rəmzimizin milli şüurdakı yerini və mənəvi dəyərini ifadə edir. Bayraq tariximizin, müstəqilliyin və milli birliyin təcəssümüdür.

Azərbaycanın üçrəngli bayrağı xalqımızın istiqlal mübarizəsinin yadigarı, dövlətçilik ənənələrimizin mühüm atributudur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayraq milli ideologiyanın əsas prinsiplərini özündə birləşdirirdi. Mavi, qırmızı və yaşıl rənglər türkçülük, müasirlik və islamçılıq məfkurəsini ifadə edərək xalqımızın milli-mənəvi dəyərlərini və dünyagörüşünü nümayiş etdirir.

1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsi ilə üçrəngli bayrağımızın rəsmi statusuna son qoyulsa da, istiqlal arzusu xalqın yaddaşından silinmədi. Müstəqillik ideyası sonrakı nəsillərə ötürüldü, milli dövlətçilik düşüncəsi yaşadıldı. Bu baxımdan, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi tarixi cəsarət və siyasi iradə nümunəsi idi.

1991-ci il fevralın 5-də üçrəngli bayrağın yenidən Azərbaycan Respublikasının Dövlət Bayrağı elan edilməsi, həmin ilin oktyabrında dövlət müstəqilliyin bərpası ilə milli dövlətçilik tarixinin yeni mərhələsi başlandı. Beləliklə, xalqımızın azadlıq arzusu dövlət müstəqilliyinin rəmzində öz ifadəsini tapdı.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsində dövlət rəmzlərinə ehtiram milli birliyin və dövlətçilik şüurunun vacib şərtlərindən biri kimi xüsusi yer tuturdu. Ulu Öndər üçrəngli bayrağın yalnız rəsmi atribut deyil, hər bir azərbaycanlının qəlbində yaşamalı olan müqəddəs dəyər olduğunu bildirirdi. Bu yanaşma müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının möhkəmlənməsinə, milli kimliyin qorunmasına xidmət etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın beynəlxalq nüfuzu daha da yüksəldi. Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı, diplomatik əlaqələrinin genişlənməsi və müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər üçrəngli bayrağın dünyanın müxtəlif ölkələrində dalğalanması ilə müşayiət olundu. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması da milli rəmzə verilən yüksək dəyərin göstəricisidir. Lakin bayrağımızın tarixində ən qürurverici məqamlardan biri onun işğaldan azad edilmiş torpaqlarımızda ucaldılmasıdır. Uzun illər xalqımızın qəlbində yaşayan bu arzu 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə gerçəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi missiyanı yerinə yetirdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması xalqımızın iradəsinin, əsgər və zabitlərin qəhrəmanlığının, şəhidlərin fədakarlığının təntənəsinə çevrildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində suverenliyin təmin edilməsi isə dövlət bayrağımızın vahid Azərbaycan üzərində dalğalanmasını tam reallığa çevirdi.

Bu gün bayrağımız azad edilmiş şəhər və kəndlərimizdə yalnız dövlət suverenliyini deyil, həm də həyatın yenidən qurulmasını, doğma yurda qayıdışı və gələcəyə inamı təcəssüm etdirir. Onun kölgəsində bərpa olunan yaşayış məntəqələri, yenidən qurulan infrastruktur və doğma torpaqlarına qayıdan ailələr Azərbaycanın Zəfərdən sonrakı inkişaf yolunu nümayiş etdirir.

Dövlət bayrağına hörmət hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyası da dövlət rəmzlərinə ehtiramı vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirir. Bu ehtiram bayrağı qorumaqla yanaşı, onun ifadə etdiyi müstəqillik, milli birlik və dövlətçilik dəyərlərinə sahib çıxmaq deməkdir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini dərindən bilməsi, onun uğrunda aparılan mübarizəni və qazanılan Zəfərin qiymətini dərk etməsi böyük əhəmiyyət daşıyır. Çünki milli rəmzlərə bağlılıq yalnız keçmişə ehtiram deyil, həm də gələcək qarşısında məsuliyyətdir.

9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün qürur və milli həmrəyliyi təcəssüm etdirir. Bu tarix bizi dövlət müstəqilliyimizin qədrini bilməyə, suverenliyimizi qorumağa və milli dəyərlərimizi yaşatmağa səsləyir. Üçrəngli bayrağımız xalqımızın azadlıq salnaməsinin, müstəqil dövlətimizin gücünün və tarixi Zəfərin rəmzidir. Onun ucalığı Azərbaycanın ucalığı, dalğalanması isə müstəqilliyin və milli birliyin ifadəsidir. Bu bayraq daim yüksəklərdə dalğalanacaq, gələcək nəsillərə azadlığın, qürurun və Vətən sevgisinin ən qiymətli mirası kimi ötürüləcəkdir.

Mahir Süleymanlı,
Milli Məclisin deputatı