05 noyabr 2026 12:48
201

Zatulinin ermənipərəst ritorikası

Rusiyanın bəzi siyasi dairələrində Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirən, heç bir əsası olmayan iddialar səsləndirən şəxslərin fəallığı səngimək bilmir. Görünür, ölkəmizin beynəlxalq nüfuzunun artması, regionda yaratdığı yeni reallıqlar və müstəqil siyasəti bu dairələrdə ciddi narahatlıq doğurur. Belə şəxslərdən biri də Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin müavini, ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulindir. O, növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoyaraq, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə kölgə salmağa yönəlmiş fikirlər səsləndirib.

Həmişə anti-Azərbaycan mövqeyi ilə seçilən Zatulin Moskvada MDB İnstitutunda keçirilən “Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masada ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ağlına gələn fikirləri səsləndirib. Belə ki, o, “Qarabağın itririlməsini” ermənilərin “milli faciəsi” kimi xarakterizə edib. Bununla da Zatulin ölkəmizin suveren, ayrılmaz hissəsi olan Qarabağın Azərbaycana məxsusluğunu sual altına almağa çalışıb. Həm də beynəlxalq ictimaiyyətin qəbul etdiyi reallıqlara məhəl qoymadığını bir daha nümayiş etdirib.

Zatulinin diqqətinə çatdırmaq lazımdır ki, Qarabağ tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və beynəlxalq hüquq baxımından da ölkəmizin suveren ərazisi kimi tanınıb. Sadəcə, bu torpaqlar uzun illər Ermənistanın hərbi işğalı altında saxlanılıb. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, eləcə də 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, ölkəmizin beynəlxalq hüquqla təsbit olunmuş legitim haqqı idi. Görünür, Zatulin bütün bunları unudub. Yaxud da ermənipərəst mövqeyi onun reallıqları obyektiv qiymətləndirməsinə imkan vermir. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan da dəfələrlə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyib və Qarabağ məsələsinin Ermənistan üçün artıq bağlandığını bəyan edib. Belə olan halda, hansı əsasla Rusiyanın siyasi dairələrində təmsil olunan bu siyasi dələduz Azərbaycanın suverenliyini şübhə altına almağa çalışır? Şübhəsiz, onun bu sayıqlaması hazırda regionda formalaşmış yeni reallıqlara açıq hörmətsizlikdir.

Zatulinin çıxışında diqqət çəkən digər məqam isə Azərbaycan xalqına qarşı ağır cinayətlərdə ittiham olunan və separatçı rejimin rəhbərliyində təmsil edilmiş şəxslərin taleyinə münasibətlə bağlıdır. O, Araik Arutyunyan, Davit Babayan, Davit İşxanyan, David Manukyan, Levon Mnatsakanyan, Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Ruben Vardanyan və digər şəxslərin Bakıda məhkəmə qarşısında cavab verməsini özünün şəxsi faciəsi kimi təqdim edib. Hətta həmin şəxsləri “əsir götürülmüş dostlarım və tərəfdaşlarım” adlandıraraq bildirib: “Mənim mahiyyət etibarilə əsir götürülmüş dostlarım və tərəfdaşlarım indi həbsdədirlər və Azərbaycan məhkəməsi tərəfindən məhkum ediliblər. Mənim üçün bu, şəxsi faciədir”.

Bu açıqlama Zatulinin kimlərin maraqlarını müdafiə etdiyini və hansı siyasi mövqedən çıxış etdiyini bir daha açıq şəkildə göstərir. Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərlə əlaqədar ittiham olunan, separatçı rejimin fəaliyyətində iştirak etmiş şəxsləri tərəfdaş və dost kimi təqdim etmək, əslində, onların əməllərinə siyasi bəraət qazandırmaq cəhdidir. Zatulin unutmamalıdır ki, söhbət uzun illər Azərbaycan torpaqlarının işğal altında saxlanılmasından, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınmasından, mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən və ağır humanitar fəsadlardan gedir.

Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra Qarabağdakı terrorçuların məhkəmə qarşısına çıxarılması ölkəmizin daxili işi və suveren hüququdur. Bu proses Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Özünü demokratik dəyərlərin və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən şəxsin bu reallığı qəbul etmək əvəzinə, separatçı rejimin rəhbərlərini müdafiə etməsi ciddi suallar doğurur.

Görünür, Cənubi Qafqazda sülh və əməkdaşlıq gündəliyinin irəlilədiyi, Azərbaycan-Ermənistan münasibətlərində normallaşma istiqamətində mühüm addımların atıldığı bir vaxtda müəyyən siyasi dairələr regionda əvvəlki qarşıdurma mühitinin qorunub saxlanılmasında maraqlıdırlar. Zatulinin açıqlamaları da məhz bu yanaşmanın növbəti təzahürüdür. Onun mövqeyi sülhə xidmət etmək əvəzinə, revanşist düşüncələri və köhnə münaqişə ritorikasını yenidən gündəmə gətirməyə hesablanıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”