05 noyabr 2026 12:10
134

Əziz Şuşa, sən azadsan!!!

Müzəffər Ali Baş Komandanın xalqa  bu möhtəşəm  müjdəsii 27 illik həsrətə son qoyan təntənənin ifadəsi idi

8 Noyabr -Şuşa Şəhəri Günüdür.Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri məhz Şuşa şəhərinin  27 illik  azad edilməsidir.

Müharibənin davam etdiyi 44 gün ərzində qəhrəman ordumuz şərəfli döyüş yolu keçərək Şuşaya doğru dayanmadan, inamla irəlilədi və bir vaxtlar xəyal kimi görünən arzumuz noyabrın 8-də reallaşdı. İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərərək Şuşa şəhərini işğaldan azad etdi. Həmin gün Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı, xaricdə yaşayan soydaşlarımıza qürurverici və möhtəşəm bir müjdə verdi: «Əziz Şuşa, sən azadsan!!!  Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!»

Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.

Xatırladaq ki, Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir. 289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa 1992 -ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi vardı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu.
Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi.

Artıq azadlığına qovuşmuş Şuşa hazırda  böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin  keçirildiyi məkana çevrilib. İgid hərbçilərimizin Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolu da salınıb və Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu  «Zəfər yolu» adlandırıb.

Ölkəmizin başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2021-ci il 31 may tarixində qəbul edilmiş  «Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında» Azərbaycan Respublikasının Qanunu isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu da yaradılıb. Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında «Şuşa İli» elan edilib.

Eyni zamanda, Şuşa şəhəri həmin il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı», 2023-cü il sentyabrın 25-də Qətərin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı», 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında 2026-cı il üçün «İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı» elan edilib.

Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərin keçirldiyi nüfuzlu bir şəhərə çevrilib. Məcburi köçkün kimi yaşayan minlərlə şuşalı artıq öz doğma şəhərlərinə qayıdaraq burada işləyir və yaşayırlar. Eyni zamanda Şuşa şəhəri regionun turizm mərkəzinə çevrilib. Hər il şəhərə minlərlə turist gəlir. Xüsusilə Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin dünya hərb tarixində keçilməz hesab edilən sərt qayaları ram edərək düşməni məğlub etməsi bi əfsanə kimi insanları həmin qayaları görməyə sövq edir. Xatırladaq ki, bu əməliyyat beynəlzalq hərbi ekspertlər üçün hələ də möcüzə hesab edilir. Hətta artıq bu barədə yüksək rütbəli amerkalı hərbçilərin  44 gjünlük İkinci qarabağ müharibəsinə həsr olunmuş ktabında da xüsusi məqamlar var.

Qeyd edək ki, iki gün əvvəl  Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM), Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə ABŞ ordusunun ehtiyatda olan polkovniki Liam Collins və mayoru John Spencerin müəllifi olduğu  «Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə» (The War for Karabakh Strategy, Technology, and Victory) kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hərbi-strateji xüsusiyyətləri, müasir müharibələrin xarakterinə təsiri və bu qələbənin arxasında dayanan milli güc amilləri geniş müzakirə olunub.

Con Spenser qeyd edib ki, biz altı dəfədən çox bölgəyə səfər etmişik: «İlk səfərimi 2021-ci ildə, Şuşa döyüşünü araşdırmaq məqsədilə etmişdim. Bu, Azərbaycanın qələbəsini təmin edən həlledici döyüş idi.»

Elçin Zaman, "İki sahil"