04 noyabr 2026 21:24
210

İki qardaş dövlətin ortaq gələcəyinə ünvanlanan tarixi sənəd

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə iki xalqın tarixi-mədəni yaxınlığını möhkəm dövlətlərarası öhdəliklərlə birləşdirən mühüm siyasi və hüquqi sənəddir. Bu müqavilə təkcə mövcud münasibətlərin inkişafını deyil, həm də gələcək nəsillər üçün qarşılıqlı etimad və strateji tərəfdaşlıq ənənəsinin qorunmasını hədəfləyir. 1996-cı ildə imzalanmış dostluq və əməkdaşlıq, 2024-cü ildə bağlanmış müttəfiqlik münasibətləri haqqında müqavilələr Azərbaycan–Özbəkistan əlaqələrinin ardıcıl inkişafını təmin edən mühüm mərhələlərdir. Yeni sənəd isə bu münasibətləri daha yüksək siyasi və hüquqi müstəviyə daşıyır. Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri var. Prezident cənab İlham Əliyev və Prezident cənab Şavkat Mirziyoyev arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və siyasi etimad iki qardaş dövlətin münasibətlərinə xüsusi dinamizm qazandırır. Dövlət başçılarının müntəzəm təmasları, qarşılıqlı səfərləri və birgə təşəbbüsləri əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə güclü təkan verir. Prezident cənab Şavkat Mirziyoyevin Azərbaycanla müttəfiqlik münasibətlərinin inkişafına göstərdiyi ardıcıl diqqət və səylər ölkəmizdə yüksək qiymətləndirilir. Eyni zamanda, Prezident cənab İlham Əliyevin təşəbbüsləri və strateji baxışı Azərbaycan–Özbəkistan əlaqələrinin regional və beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirir. Bu, bir daha göstərir ki, dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız ortaq maraqlardan deyil, həm də liderlər arasında şəxsi etimad və siyasi iradənin vəhdətindən qaynaqlanır. Münasibətlərin humanitar və mənəvi müstəvidə inkişafında birinci xanımların – Mehriban xanım Əliyeva və Ziroat xanım Mirziyoyevanın səmimi münasibətləri, qarşılıqlı ehtiramı və ortaq humanitar dəyərlərə əsaslanan fəaliyyəti də xüsusi yer tutur. Onların təhsil, mədəniyyət, xeyriyyəçilik və humanitar təşəbbüslərə diqqəti iki xalq arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir. Bu münasibətlər dövlətlərarası əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, həm də insani və mənəvi dayaqlar üzərində inkişaf etdiyini nümayiş etdirir. Bu kontekstdə Heydər Əliyev Fondunun beynəlxalq humanitar və mədəni fəaliyyətini, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Özbəkistana səfərlərini və həyata keçirdiyi təşəbbüsləri xüsusi qeyd etmək lazımdır. Bu səfərlər və layihələr Azərbaycanla Özbəkistan arasında mədəni-humanitar əlaqələrin genişlənməsinə, ortaq tarixi-mədəni irsimizin təbliğinə və xalqlarımız arasında qarşılıqlı tanışlığın güclənməsinə mühüm töhfə verir. Fondun fəaliyyəti ölkəmizin humanitar diplomatiyasının təsirli nümunələrindən biri olmaqla, ikitərəfli münasibətlərin ictimai və mədəni əsaslarını da möhkəmləndirir. Bu yaxınlaşmada Azərbaycanın qazandığı tarixi Zəfərin yaratdığı yeni reallıqlar və imkanlar da xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyi, Qarabağda həyata keçirilən quruculuq prosesinə töhfəsi qardaşlıq münasibətlərimizin əməli təzahürüdür. Müqavilənin əsas əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. İlk növbədə, dövlətlərin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstək konkret öhdəliklərlə təsbit olunur. Tərəflərin öz ərazilərindən bir-birinə qarşı istifadə edilməsinə yol verməməsi siyasi etimadın mühüm hüquqi təminatıdır. Müasir beynəlxalq şəraitdə bu cür təminatlar regional sabitlik və təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlıq müqavilənin digər mühüm istiqamətidir. Nəqliyyat və logistika, energetika, rəqəmsal inkişaf, yaşıl iqtisadiyyat və innovasiyalar üzrə birgə fəaliyyət hər iki ölkənin potensialından daha səmərəli istifadə etməyə imkan verir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada artan iqtisadi və tranzit imkanları bu tərəfdaşlığa daha geniş regional məzmun qazandırır. Belə əməkdaşlıq Şərq–Qərb iqtisadi əlaqələrinin genişlənməsinə və türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsinə də töhfə verə bilər. Müqavilənin strateji əhəmiyyətini gələcək nəsillər baxımından müəyyən edən əsas sahələrdən biri isə elm, təhsil və mədəniyyətdir. Xüsusilə 5-ci maddədə Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisi, təhsil və elmi müəssisələr arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əbədi dostluğun davamlılığı, ilk növbədə, bu münasibətlərin gənc nəsil tərəfindən mənimsənilməsindən asılıdır. Qarabağda Özbəkistanın dəstəyi ilə inşa edilmiş Mirzə Ulubəy adına məktəb və Özbəkistanda fəaliyyət göstərən Nizami Gəncəvi adına Pedaqoji Universitet bu dostluğun təhsil və humanitar sahədəki real nümunələridir. Bu layihələr xalqlarımız arasında mənəvi bağları gücləndirməklə yanaşı, ortaq gələcəyimizin formalaşmasına xidmət edir. Bu baxımdan, müqavilənin 5-ci maddəsinin icrası çərçivəsində Azərbaycan–Özbəkistan təhsil və gənclər əməkdaşlığı üzrə üçillik birgə fəaliyyət proqramının hazırlanmasını məqsədəuyğun hesab edirəm. Proqram universitetlərarası tələbə və müəllim mübadiləsini, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisini, ortaq mədəni irsimizə dair rəqəmsal tədris materiallarının hazırlanmasını və gənc tədqiqatçıların birgə layihələrini əhatə edə bilər. Eyni zamanda, süni intellekt, yaşıl texnologiyalar və peşə təhsili sahələrində əməkdaşlığın genişləndirilməsi gələcəyə hesablanmış mühüm addım olardı. Proqramın konkret icraçıları, müddətləri və ölçülə bilən nəticələrinin müəyyənləşdirilməsi, parlamentlərimizin aidiyyəti komitələri arasında isə onun icrasına dair illik fikir mübadiləsinin aparılması səmərəliliyi artırardı. Əminəm ki, belə bir yanaşma siyasi səviyyədə əldə olunmuş razılaşmaların konkret nəticələrə çevrilməsinə və Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar əsaslarının daha da möhkəmlənməsinə xidmət edəcək. Əbədi dostluq haqqında Müqavilə tarixi yaxınlığımızı gələcək inkişafın mühüm resursuna çevirən strateji sənəddir. İndi əsas vəzifə onun müddəalarını real əməkdaşlıq layihələri ilə zənginləşdirmək, dövlətlərarası münasibətlərin müsbət nəticələrini vətəndaşlarımızın gündəlik həyatında hiss olunan nailiyyətlərə çevirməkdir. Azərbaycan və Özbəkistan prezidentlərinin səmimi dostluğu və siyasi iradəsi, birinci xanımların humanitar sahədəki əməkdaşlığı, Heydər Əliyev Fondunun təşəbbüsləri və xalqlarımızın tarixi qardaşlığı bu münasibətlərin çoxşaxəli və davamlı inkişafının mühüm təminatıdır. Bu müqavilə isə həmin möhkəm təməlin gələcək nəsillərə ötürülməsinə xidmət edən tarixi sənəddir.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı