04 noyabr 2026 12:15
116

Zəfərin formulu: qətiyyətli lider, sarsılmaz milli birlik və güclü ordu

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsinə silinməz qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın işğalçı hərbi qüvvələri üzərində parlaq və tarixi qələbə qazanaraq torpaqlarımızı 30 illik düşmən tapdağından azad etdi. Müharibənin hərbi-siyasi nizam nöqtəsi olan Şuşa şəhərinin azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Zəfər Günü elan olundu. Bu şanlı tarix müasir Azərbaycan dövlətinin hərbi gücünün, diplomatik üstünlüyünün və sarsılmaz milli birliyinin təntənəsidir.

Azərbaycan torpaqlarının işğalı xalqımızın yaddaşında dərin yaralar açmış, beynəlxalq vasitəçilərin cəhdləri isə problemi həll etmək əvəzinə münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla, təcavüzkar tərəfin – ermənilərin maraqlarına xidmət etmişdi. Lakin Azərbaycan bu 30 ilə yaxın sürmüş ədalətsiz status-kvo ilə heç vaxt barışmadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz Zəfərdən sonrakı çıxışlarının birində bütün münaqişə dövründə ona münasibətdə Azərbaycanın dövlət siyasətinin ana xəttini belə ifadə edirdi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq”.

30 illik işğalın sonundakı möhtəşəm Zəfərə gedən yol əslində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, düşməni və onun havadarlarını tam tərksilah etməyi nəzərdə tutulan, obrazlı desək, zərgər dəqiqliyi ilə hesablanan, ilmə-ilmə toxunan siyasət nəticəsində mümkün oldu. Məhz Ümummilli Liderimizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü bu uzaqgörən siyasət 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin ideoloji, diplomatik və hərbi-iqtisadi bünövrəsini qoymuşdu. Müstəqilliyin ilk illərində əldə edilən atəşkəs rejimindən səmərəli istifadə edən Ulu Öndər modern ordu quruculuğunun təməlini atmış, nəhəng enerji, nəqliyyat-kommunikasiya proqramları (“Əsrin müqaviləsi”, Böyük İpək Yolu və s.) vasitəsilə ölkənin maliyyə müstəqilliyini təmin etmişdir. Beynəlxalq müstəvidə isə (BMT qətnamələri, ATƏT-in Lissabon Sammiti) Azərbaycanın ərazi bütövlüyünü hüquqi norma kimi təsbit etdirərək gələcək tarixi qələbənin sarsılmaz hüquqi-siyasi bazasını formalaşdırmışdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi, 8 Noyabr Şuşa Zəfəri məhz bu strateji ardıcıllığın və ata vəsiyyətinin şərəflə icra olunmasının parlaq təzahürüdür.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da, işğal olunmuş torpaqlarımız tam azad edildikdən və Azərbaycanın dövlət suverenliyi tam şəkildə bərqərar olunduqdan 3 ay yarım sonra yerli televiziya kanallarına verdiyi müsahibədə düşmənlə aparılan danışıqları təhlil edərək, separatizm yuvasının tamamilə təmizlənməsinin tarixi və ümummilli bir vəzifə olduğunu vurğulamaqla belə deyirdi: “Mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq”.

Beləliklə, məhz bu hədəflə 2003-cü ildən etibarən həyata keçirilən bütün sistemli islahatlar, tam siyasi və iqtisadi müstəqilliyin təmin olunması, dövlət büdcəsində nəzərdə tutulan hərbi xərclərin ilbəil artırılması güclü Silahlı Qüvvələrin yaradılmasını əsas vəzifə elan edən Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Milli Ordumuzun modernləşdirilməsinə xidmət etdi. Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılmasına ən yüksək səviyyədə elə dövlətimizin gücləndirilməsi kimi baxılırdı. Nəticədə güclü iqtisadiyyat, müasir hərbi-sənaye kompleksi və beynəlxalq müstəvidə hüquqi bazanın möhkəmləndirilməsi Böyük Qələbənin sarsılmaz təməlini qoydu: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.  

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan “Dəmir yumruq” əks-hücum əməliyyatı dünya hərb tarixinə unikal hərbi strategiya və taktikalarla daxil oldu. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə düşmənin viran qoyduğu torpaqlarımızın azad olunması uğrunda son, qəti və həlledici döyüşə girdiklərini tamamilə dərk edərək, elə bu məsuliyyətdən doğan şücaətlə irəliləyərək düşmənin 30 il boyunca qurduğu dərin eşelonlaşdırılmış müdafiə xətlərini ardıcıl şəkildə darmadağın etdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində hətta taktiki gediş üçün belə bir addım da olsun, geriyə çəkilmədi.

Mühüm döyüş əməliyyatlarının gedişində Prezident İlham Əliyevin xalqa müraciətləri, yerli və xarici mediyaya verdiyi onlarla analitik, “Dəmir yumruğ”un sözlü ifadəsi olan musahibə və nitqlər bütün ölkə əhalisi, bütün dünya azərbaycanlıları tərəfindənn böyük ruh yüksəkliyi və fəxarətlə təqdir edildi. Bu çıxışlar yalnız hərbi xəbərlərin çatdırılması deyil, həm də informasiya cəbhəsində düşmənin yalanlarını ifşa edən strateji və öldürücü ideoloji zərbələr idi. Digər tərəfdən, dünya siyasətinin kamil bilicisi olan Azərbaycan lideri Silahlı Qüvvələrimizin müzəffər yürüşünü dayandırmaq üçün dəridən-qabıqdan çıxan qlobal məkandakı bütün erməni havadarlarına qarşı qabaqlayıcı və uğurlu diplomatik addımlar atırdı. Başqa sözlə, Ali Baş Komandan İlham Əliyev bütün cəbhələrdə – siyasi, hərbi, diplomatik, ideoloji və informativ müstəvidə düşmənlə kompleks mübarizə aparırdı. Məhz onun bu əzmi həm xalqımızı, həm də şanlı Ordumuzu mütləq qələbə naminə bir yumruq kimi birləşdirdi. Biz elə bir qələbə qazandıq ki, dövlət başçımızın sözləri ilə desək: “…biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”.

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında tarixə “Üçtərəfli bəyanat” adı ilə düşən və düşmənin kapitulyasiyasını rəsmiləşdirən sənədlə 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələri üzərində qazandığı möhtəşəm Zəfərlə nəticələndi və ölkəmizin yalnız düşmən üzərində deyil, regiondakı hərbi-diplomatik üstünlüyünü birdəfəlik bərqərar etdi. Bu tarixi qələbə yalnız işğala son qoymadı, həm də bütün ərazimizdə dövlət suverenliyimizin mərhələli və tam bərpası üçün möhkəm zəmin yaratdı. Bu tarixi Zəfər, ardınca 2020-ci il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı bütün dünyaya Azərbaycanın hərbi və siyasi qüdrətini nümayiş etdirdi.

Zəfər yürüşünün həlledici addımlarından biri kimi, 2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycan özünün dövlət sərhədlərinə nəzarətini tam bərpa etdi və qanunsuz silah-sürsat daşınmasının qarşısını alaraq suverenliyini təmin etdi. Bu addım Ermənistanın Qarabağdakı separatçı rejimlə fiziki əlaqəsini birdəfəlik kəsməklə, ölkəmizin sərhəd təhlükəsizliyinin tam nəzarətə götürülməsi ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün sərhəd müstəvisindəki ən parlaq hüquqi və praktiki qələbəsi oldu. 

Ardıcıl strateji gedişlərin, operativ taktiki qərarların məntiqi davamı olaraq, 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror tədbirləri nəticəsində düşmən işğalında olan ərazilər tam azad edildi, buradaki vəhşi separatçılığın kökü tamamilə kəsildi və Konstitusiya quruluşumuz ölkənin bütün ərazisi boyunca bərqərar edildi. Prezident İlham Əliyev Vətən müharibəsi ilə başlayan tarixi hərbi prosesin kulminasiya nöqtəsi olan 19-20 sentyabr uğurlu antiterror tədbirlərinə qiymət verərək deyirdi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.

Üçtərəfli bəyanatla bu sənədin imzalanmasından dərhal sonra hələ o zaman Xankəndi və ətrafındakı ərazilərdə varlığını qorumağa başlayan erməni terrorçu xunta rejiminin nəzarətində olan ərazilərə yerləşdirilən, lakin sonradan faktiki olaraq, buradaki cinayətkar erməni hıərbi dəstələrinin mühafizəçisinə çevrilən Rusiya Federasiyasının sülhməramlı kontingentinin çıxarılması prosesi isə, sözün əsl mənasında, anti-Azərbaycan qüvvələr üçün gözlənilməz oldu: 2024-cü ilin aprel ayında başlayan rus əsgərlərinin Qarabağı tərk etmə prosesi iyunun 12-də rəsmən başa çatdı. Azərbaycan lideri, xalqı və Ordusu bütün dünyanın gözləri qarşısında XXI əsrin ədalətli, rəşadətli, ləyaqətli müharibəsinin necə aparılacağı barədə unikal nümünə göstərdi. Lakin hər şeydən əvvəl, xalqımız, həm bugünkü, həm də gələcək nəsillər 30 illik işğala, 100 illik tarixi ədalətsizliyi, 300 illik torpaqlarımızın itirilməsi kimi mənfi praktikaya son qoyulması kimi misilsiz bir tarixi hadisəni yaşadı. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

Bu gün yalnız möhtəşəm Zəfərin deyil, həm də Cənubi Qafqazda üfüqdə görünməyə başlayan sabitliyin, dayanıqlı sülhün müəllifi olan Azərbaycan regional sabitliyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ilə iki ölkə arasında normallaşma prosesində tarixi nəticələr əldə edən Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhün banisi kimi cıxış edir: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.

Beləliklə, ölkəmizin həm hərbi, həm diplomatik müstəvidə qazandığı uğurlar daxili birliyi daha da sarsılmaz edir. Bu, bir tərəfdən Azərbaycanın qlobal məkan üçün önəmini, dünyada oynadığı rolu artırır, digər tərəfdən Zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı “Böyük Qayıdış Proqramı” çərçivəsində bərpa və quruculuq işlərində məqsədyönlü səfərbərliyimiz üçün əsas zəmin təşkil edir.

Eyni zamanda Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Vətən uğrunda canından keçmiş şəhidlərimizin əmanətləri olan ailələri və yaralanmış qazilərimiz dayanır. 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Mənzil və avtomobil təminatı, reabilitasiya xidmətləri, müasir protezləşdirmə və sosial ödənişlər müharibə iştirakçılarına göstərilən yüksək diqqətin əyani sübutudur. Prezident İlham Əliyev bu barədə bəyan etmişdir: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

İndi artıq 6 ildir hər günümüzü fəxarət və qürur dolu tükənməz təəssüratları altında yaşadığımız 8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbənin ildönümü deyil, Azərbaycan xalqının ləyaqətinin, torpaqlarımızın azadlığının və milli dövlətçiliyinin təntənəsidir. Qətiyyətli liderlik, yenilməz ordu, sarsılmaz milli birlik və şəhidlərimizin müqəddəs ruhuna olan sonsuz ehtiram Azərbaycanı gələcəyə, yeni zəfər zirvələrinə və əbədi inkişafa və rifaha doğru inamla aparır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent