“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi bu tarixi fikirlər xalqımızın yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan xalqı uzun illər ürəyində yaşatdığı arzusuna qovuşdu, Şuşa işğaldan azad edildi. Bu Qələbə dövlətimizin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və milli həmrəyliyimizi bütün dünyaya nümayiş etdirdi.
Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi və hərbi gücünü artıraraq tarixi hədəfinə doğru inamla irəliləmişdi. Müasir ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və xalq-iqtidar birliyi torpaqlarımızın azadlığı üçün zəruri imkanlar yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək ardıcıl qələbələr qazandı.
Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mürəkkəb hərbi əməliyyatlarından biri idi. Sıldırım qayalar, sıx meşələr və çətin dağlıq relyef qəhrəman hərbçilərimizin qarşısında ciddi maneələr yaratsa da, onların cəsarəti və döyüş əzmi bütün çətinlikləri üstələdi. Əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi.
Prezident İlham Əliyevin müharibənin ilk günlərindən Şuşanın azad olunmasını xüsusi hədəf kimi müəyyənləşdirməsi şəhərin strateji və mənəvi əhəmiyyətindən irəli gəlirdi. Şuşanın azadlığı düşmənin hərbi mövqelərinə sarsıdıcı zərbə vurmaqla yanaşı, müharibənin taleyinə də həlledici təsir göstərdi. Bu Qələbə Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin peşəkarlığını və xalqımızın birliyini təsdiqlədi.
Şuşanın azad edilməsi münasibətilə xalqa müraciət edən dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi. Noyabrın 8-nin Zəfər Günü elan olunması isə bu tarixi Qələbənin milli yaddaşımızda əbədiləşdirilməsinə xidmət etdi. Şuşa əməliyyatı Azərbaycan tarixində qəhrəmanlıq və qətiyyət rəmzinə çevrildi.
2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın suverenliyi ölkənin bütün ərazilərində bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. Beləliklə, Şuşada qazanılan Zəfərin ardınca dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və ictimai fikrinin mühüm mərkəzlərindən biri olub. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və bir çox görkəmli sənətkarın adı bu şəhərlə bağlıdır. Şuşa muğam sənətinin, milli musiqisinin və zəngin ədəbi ənənələrin yaşadıldığı müqəddəs məkanlardan biridir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirdi. Ölkəmizdə “Şuşa İli” elan edilməsi şəhərin tarixi və mədəni irsinin təbliğinə əlavə təkan verdi. Şuşanın beynəlxalq səviyyədə tanınması da davam edir. Şəhər 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olub. 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi isə onun beynəlxalq turizm imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir.
Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Əsas məqsəd tarixi-memarlıq irsini qorumaqla yanaşı, müasir infrastruktur yaratmaq və şəhərdə davamlı yaşayışı təmin etməkdir. Tarixi abidələrin bərpası, yolların yenidən qurulması, yaşayış binalarının və sosial obyektlərin istifadəyə verilməsi Şuşanın dirçəlişini sürətləndirir.
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması şəhərin mədəni yaddaşının bərpasının rəmzidir. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin yenidənqurmadan sonra istifadəyə verilməsi, səhiyyə və xidmət obyektlərinin fəaliyyətə başlaması şəhərin gündəlik həyatının canlanmasına xidmət edir. Şuşaya aparan 101 kilometrlik Zəfər Yolu isə şəhərin əlçatanlığını artırmaqla yanaşı, Zəfər tariximizin rəmzlərindən birinə çevrilib.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı şəhərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Sənəddə tarixi quruluşun qorunması, yaşayış sahələrinin təşkili, sosial xidmətlərin əlçatanlığı və müasir infrastrukturun yaradılması nəzərdə tutulur. Bu yanaşma Şuşanın özünəməxsus simasının saxlanılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Şəhərin dirçəlişinin əsas göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata görə, Şuşa şəhərində 377 ailə olmaqla 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1 579 nəfər Şuşa şəhəri və ətraf kəndlərdə doğma yurda qayıdıb. Bu rəqəmlər illərlə davam edən həsrətin sona çatdığını, insanların öz evlərinə dönərək yeni həyata başladığını göstərir. Çünki Şuşanın dirçəlişi yalnız binaların və yolların bərpası ilə deyil, şəhərdə həyatın yenidən canlanması, ailələrin doğma torpaqda yaşaması və gələcək qurması ilə ölçülür.
Bu gün Şuşa həm də Azərbaycanın mədəni diplomatiyasının mühüm mərkəzidir. “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər tədbirlər şəhərin zəngin sənət ənənələrini yaşadır, milli mədəniyyətimizi beynəlxalq auditoriyaya təqdim edir. Tarixi abidələri, təbiəti və mədəni irsi Şuşanın turizm imkanlarını da genişləndirir.
8 Noyabr – Şuşa şəhəri Azərbaycan xalqının qəhrəmanlığını, dövlətimizin qüdrətini və milli birliyini təcəssüm etdirir. Bu gün şəhərdə aparılan quruculuq işləri, tarixi irsin bərpası və sakinlərin doğma yurda qayıdışı Zəfərin davam edən nəticələridir. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın gələcəyə inamının, mədəni zənginliyinin və quruculuq əzminin ifadəsidir.
Nurlan Həsənov,
Milli Məclisin deputatı