13 oktyabr 2025 12:08
189

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi artacaq - Overçuk

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun hər 3 ölkəsinin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir. Dəhlizin fəaliyyətinin artırılması ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.

O bildirib ki, hazırda Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur.

“Biz yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələrini təşkil etməliyik. Rusiya avtomobil keçidləri üçün gömrükdə münbit şərait yaradıb, gecikmələrin qarşısı alınıb. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb”, -deyə A.Overçuk nəzərə çatdırıb.

Rusiya Baş nazirinin müavini vurğulayıb ki, İran ilə Rusiya arasında ticarət dövriyyəsi 33 faiz artıb və bu artım tendensiyası davam edir: “Bu da yaxın gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmini daha da artıracaq və biz buna hazır olmalıyıq”.