05 noyabr 2026 11:37
231

Çin investisiyaları Azərbaycanın qeyri-neft sektorunu necə dəyişir?

Azərbaycan - Çin strateji tərəfdaşlığı son illərdə sürətlə dərinləşərək həm siyasi, həm də iqtisadi müstəvidə yeni mərhələyə qədəm qoyub. İki ölkə arasında ticarət dövriyyəsinin artması ilə yanaşı, real iqtisadiyyat, istehsalat, nəqliyyat və enerji sahələrində iri həcmli müştərək layihələr həyata keçirilir. Çinin diplomatik terminologiyasında “Hərtərəfli Strateji Tərəfdaşlıq” ən yüksək səviyyəli etimad və əməkdaşlıq anlamına gəlir. Bu statusun Azərbaycana verilməsi Pekinin Bakının artan geosiyasi əhəmiyyətini tanıdığını göstərir. Azərbaycan isə bu əməkdaşlıq sayəsində xarici siyasətini daha çoxşaxəli etmək, strateji müstəqilliyini artırmaq və regional-logistik mövqeyini möhkəmləndirmək imkanı qazanır. İki dövlətin səyləri investisiya tərəfdaşlığını genişləndirməyə, o cümlədən emal sənayesi, yaşıl enerji, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə birgə biznes təşəbbüslərini gerçəkləşdirməyə hədəflənib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yekunlarına əsasən, iki dövlət ticarət həcmini 30,2 faiz artıraraq 4,87 milyard dollara çatdırıb və üst-üstə üç ildir ki, artım tempi üzrə rekordları təzələyir. Bu müsbət dinamikanı cari ilin yanvar-sentyabr aylarında da qoruyub saxlamaq mümkün olub: Bakı və Pekin arasında ticarət əməliyyatlarının həcmi 3,459 milyard dollar təşkil edərək keçən ilin üç rübünün göstəricilərini üstələyib. Hesabat dövründə Çin ilə ticarət dövriyyəmiz ölkənin ümumi ticarət dövriyyəsinin 9,3 faizni təşkil edib və bununla da Çin Xalq Respublikası (ÇXR) Azərbaycanla ən böyük ticarət əməliyyatları aparan ölkələrin siyahısında dördüncü pilləni tutub.

Bakının “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi, Azərbaycan ticarət və şərab evlərinin Çindəki aktiv fəaliyyəti, investisiya sahəsində əlaqələrin genişlənməsi və birgə müəssisələrin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin iqtisadi əsaslarını möhkəmləndirir. Azərbaycan ilə Çin nəqliyyat-logistika sahəsində də tərəfdaşlığı fəal şəkildə inkişaf etdirirlər; Çin konteyner blok-qatarlarının və digər qeyri-neft mallarının Qərb istiqamətində multimodal daşınmasını, eləcə də Türkiyə və Avropadan yüklərin əks istiqamətdə çatdırılmasını təmin edir. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında Çindən Azərbaycan vasitəsilə tranzit daşımaların və geriyə daşımaların həcmi 8 faiz artaraq 272,6 min ton təşkil edib. Ticarət və birgə nəqliyyat təşəbbüsləri ilə yanaşı, Bakı və Pekin investisiya komponentinin inkişafını və birgə müəssisələrin yaradılmasını sürətləndirirlər. 1995-ci ildən bu günə qədər Çinin Azərbaycana birbaşa investisiyalarının ümumi həcmi 976 milyon dollara çatıb, eyni zamanda, Azərbaycanın ÇXR-ə qoyduğu sərmayələr təxminən 1,9 milyard dollar həcmində qiymətləndirilir. Hazırda ölkəmizdə sənaye, kənd təsərrüfatı, tikinti, sərnişin nəqliyyatının istehsalı, İKT və rəqəmsallaşma, bərpaolunan enerji mənbələri (BEM) sektorunun inkişafı, xidmət sferası, turizm və ictimai iaşə kimi sahələrdə fəaliyyət göstərən Çin kapitalına malik 455-ə yaxın şirkət qeydiyyata alınıb. Bundan əlavə, iri Çin şirkətləri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən istehsalat da daxil olmaqla 50-yə yaxın irimiqyaslı birgə layihəni gerçəkləşdirir.

Bakı və Pekin, həmçinin birgə Azərbaycan-Çin sənaye parkının yaradılması perspektivlərini nəzərdən keçirirlər. Bu məsələ bu günlərdə Çinin «CSCEC International» şirkətinin nümayəndə heyəti ilə Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbərliyi arasında aparılan danışıqlar zamanı xüsusi olaraq müzakirə edilib. Belə ki, Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Çinin «CSCEC International» şirkətinin İdarə Heyətinin sədri Qao Bo arasında keçirilən görüş olduqca mühüm əhəmiyyət daşıyır. “Biz Azərbaycanda infrastruktur, şəhərsalma, energetika, sənaye və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik, həmçinin Azərbaycan-Çin sənaye parkının yaradılması barədə fikir mübadiləsi apardıq. Bundan əlavə, birgə investisiyaların cəlb edilməsi və irimiqyaslı infrastruktur və sənaye layihələrinin reallaşdırılması üçün «CSCEC International» şirkətinin təcrübəsindən istifadə imkanları nəzərdən keçirildi”, – deyə İqtisadiyyat Nazirliyinin rəhbəri özünün «X» sosial şəbəkə hesabında qeyd edib.

Çin, biznesinin ölkəmizə marağı həqiqətən də böyükdür və Azərbaycan-Çin sənaye klasteri çərçivəsində birgə müəssisələrin yaradılması perspektivləri xarici investorlara ölkəmizdə istehsalat və digər layihələrin icrası zamanı təqdim olunan müxtəlif güzəşt və imtiyazlara söykənir. 2026-cı ilin may ayında Quanqçouda keçirilən Azərbaycan-Çin İnvestisiya və Ticarət Əməkdaşlığı Forumunda Quanqdun Əyalət Sənaye və Ticarət Federasiyasının baş katibi Quan Syanmin vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, tranzit imkanları, regional bazarlara çıxış üstünlükləri, eləcə də əlverişli investisiya mühiti Çin şirkətləri və investorları üçün Azərbaycanın qeyri-neft sektorunda əməkdaşlıq etmək adına yeni imkanlar yaradır. Burada vurğulamaq lazımdır ki, Çinin xarici sərmayələri artıq 14 ildir ki, dünyada ən böyüklər sırasındadır: ÇXR-in xarici bazarlara birbaşa investisiyaları 2021–2025-ci illərdə 800 milyard dollar həcmində qiymətləndirilir və dünyanın təxminən 190 ölkə və regionunu əhatə edir. Çində daxili tələbatın azalması və istehsal həddinin normadan artıq olması Çin şirkətlərini və investorlarını daha yüksək tələbatı olan yeni bazarlar axtarmağa sövq edir. Digər tərəfdən, Çin şirkətlərinin strategiyasında dəyişiklik baş verib: əgər əvvəllər əsasən resursların hasilatına və xammalın emalına yönəlirdilərsə, bu gün qeyri-neft sektoru sahələrinə, o cümlədən istehsalata sərmayə yatırırlar. Azərbaycan üçün bu, geniş üfüqlər açır, çünki ölkəmiz tələb olunan kriteriyalara böyük ölçüdə cavab verir. Xüsusilə bərpaolunan enerji sektorunda uzunmüddətli ikitərəfli əməkdaşlıq böyük perspektiv vəd edir. Bu baxımdan 2025-ci il çox məhsuldar olub. Həmin il bir neçə Çin şirkəti Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində beş yeni layihənin reallaşdırılması üçün sənədlər imzalanıb. Buraya ümumi qoyuluş gücü 1570 МVt olan fotoelektrik və külək elektrik stansiyalarının tikintisi, eləcə də ölkəmizdə akkumulyator enerji saxlanması sistemlərinin (BESS) tətbiqi daxildir. Öz növbəsində, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə Çinin yüksək texnologiyalı şirkətlərindən olan “Sichuan Sunsync Photovoltaic Technology” arasında Ələt Azad İqtisadi Zonasında günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb.

Sənaye təşəbbüslərində də tərəfdaşlıq inkişaf edir: Çinin «BYD Company Limited» şirkəti «Electrify Azerbaijan» birgə müəssisəsini yaradaraq Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının iri qovşaqlar üzrə yığımını həyata keçirir. Bundan əlavə, Ağdam Sənaye Parkında Çin ehtiyat hissələrindən lift və eskalatorların istehsalı üzrə «Fujiai Azerbaijan» zavodunun tikintisi planlaşdırılır – bu, birgə Azərbaycan-Çin müəssisəsi olacaq. Bundan əlavə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib. AİH-dən bildirilib ki, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard dollar) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Belə bir fondun formalaşdırılması infrastruktur, logistika, sənaye və energetika sahələrində konkret layihələrin maliyyələşdirilməsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Bu əməkdaşlıq “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər” sənədinə tam uyğundur. Həmin strategiya dayanıqlılıq, iqtisadi şaxələndirmə və innovasiyaları ön planda tutur. Çin bu layihələr vasitəsilə təkcə özünün imkan dairəsini artırmır, eyni zamanda, inkişafda olan bir ölkə kimi Azərbaycanın yeni qlobal çağırışlar fonunda gələcəyini yenidən qurmasına dəstək verir.

Sevinc Azadi, “İki sahil”