05 noyabr 2026 10:55
214

Azərbaycanda akvakultura istehsalının 2030-cu ilədək 2 dəfədən çox artırılması hədəflənir

Azərbaycanda akvakultura üzrə illik istehsal həcminin mövcud 3400 tondan 2030-cu ilədək 7700 tona çatdırılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 5-də Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunda bildirib.
Nazirin sözlərinə görə, istehsal həcminin artırılması daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşdırılmasına, idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.
M.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qarşıdakı dövr üçün əsas inkişaf istiqamətlərini və prioritet vəzifələri müəyyənləşdirir.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində balıqçılıq sahəsinin hüquqi bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılması, balıq ehtiyatlarının mühafizəsi və balıqartırma təsərrüfatlarının müasirləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, əlverişli istehsal zonalarının müəyyənləşdirilməsi, damazlıq potensialının gücləndirilməsi, akvakultura aqroparkının yaradılması, subsidiya və güzəşt mexanizmlərinin formalaşdırılması da əsas hədəflərdəndir.
Nazir vurğulayıb ki, balıqçılıq və akvakulturanın inkişafı ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından geniş imkanlar yaradır. Bu potensialın reallaşdırılması üçün müasir texnologiyaların tətbiqi, elmi biliklərin istehsalata inteqrasiyası və investisiyaların təşviqi mühüm əhəmiyyət daşıyır.
M.Məmmədov Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılmasının sahənin vahid yanaşma əsasında inkişafı üçün zəruri institusional baza formalaşdırdığını bildirib. O, su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası və qeyri-qanuni ovun qarşısının alınmasını əsas fəaliyyət istiqamətləri kimi qeyd edib.
Nazir bildirib ki, müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün dövlət, özəl sektor və elmi ictimaiyyət arasında səmərəli əməkdaşlığın qurulması vacibdir. Kənd Təsərrüfatı Nazirliyi sahibkarların təşəbbüslərinin dəstəklənməsinə, investisiyaların təşviqinə, müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə və mövcud təsərrüfatların istehsal potensialının artırılmasına xüsusi önəm verir.
O, həmçinin istehsalın genişləndirilməsinin su ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması, təbii balıq ehtiyatlarının bərpası və biomüxtəlifliyin mühafizəsi prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
M.Məmmədov Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar, mütəxəssis hazırlığı və texnologiya mübadiləsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin də əhəmiyyətini diqqətə çatdırıb.
Orxan Vahidoölu, "İki sahil"