21 iyul 2025 02:33
137

Tramp və Vensin məzuniyyəti harada keçirəcəkləri bəlli oldu

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay tətilini Böyük Britaniyada keçirəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Məlumata görə, Vens həyat yoldaşı və üç övladı ilə birlikdə avqustun ortalarında Londona səfər edəcək, orada kottec kirayələyəcək və İngiltərənin cənub-qərbində yerləşən Kotsvolds bölgəsində bir neçə gün qalacaq. Daha sonra ailəsi ilə birlikdə Şotlandiyaya yollanacaq.

Eyni zamanda, vitse-prezident məzuniyyəti dövründə İngiltərənin xarici işlər naziri Devid Lemmi ilə görüşmək istəyib. Lakin onların qrafikləri uyğun gəlməyib.

Bundan əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt ABŞ Prezidenti Donald Trampın da iyulun 25-dən 29-dək Şotlandiyaya səfər edəcəyini bildirmişdi. Britaniya mediası Trampın səfər zamanı özünə məxsus qolf klublarında qalacağını və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcəyini yazır.