17 iyul 2025 08:00
187

Azərbaycan mətbuatı həm peşəkardır, həm də vətənpərvərdir - MÜSAHİBƏ

Eskpert: Hazırda informasiya siyasətində məğlub olduğumuz heç bir media seqmenti mövcud deyil

Milli mətbuatımızın 150 yaşı tamam olur. Bu müddət ərzində əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulmuş milli mətbuatımız şərəfli yol keçmiş, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır. Mətbuatımızla bağlı bu və ya digər suallarla Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərliyə müraciət etdik.

-Bildiyiniz kimi, Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə əlaqədar Sərəncam  imzalayıb. Bu Sərəncamı dövlətin mətbuata növbəti dəstək və qayğısı kimi dəyərləndirmək olarmı?

- “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamında media ictimaiyyətinin ötən dövrdəki fəaliyyəti yüksək qiymətləndirilir. Hətta həmin Sərəncamda jurnalistlərimizin Vətən müharibəsi dövründə sərgilədiyi fəaliyyətlərinə xüsusi diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycan mediası Vətən müharibəsində şanlı Zəfərin qazanılmasında, ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasında əsl vətənpərvərlik, həmrəylik nümunəsi sərgiləyib. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün yüksək səy göstərib. Prezidentin Sərəncamında yer tutan bu cümlələr mediamızın həm peşəkar, həm də vətənpərvər olduğunu göstərir və Azərbaycan jurnalistikasının tarixi fəaliyyətini qiymətləndirməkdə mənbə rolunu oynayır.

Sərəncam Azərbaycan mediasının keçmiş fəaliyyətini qiymətləndirməklə yanaşı, həm də jurnalistikamızın gələcəyindən gözləntiləri ifadə edir. Şübhəsiz, dövlət başçısının bu Sərəncamı ümumilikdə Azərbaycan mediasına diqqət və qayğının yüksək nümunəsidir.

-Media eksperi kimi son illər mətbuatımızın keçdiyi yolu necə dəyərləndirərdiniz?

-Medianın əsas işi maarifləndirmə, məlumatlandırma və əyləndirmədir. Son dövr nəzəriyyələrində bu missiyanı daha yığcam formada ifadə edirlər. Qeyd edilir ki, medianın əsas missiyası cəmiyyətin marağında olan məlumatları tapıb ona çatdırmaqdan ibarətdir. Bu kontekstdən yanaşsaq, Azərbaycan mediası öz işini peşəkar formada yerinə yetirir: cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi missiyasını uğurla davam etdirir. Bununla yanaşı, Azərbaycan mediası həm də vətənpərvərdir, milli təəssübkeşlik hissi yüksəkdir. Son 30 il müddətində cəbhə xəttinə yollanan, Qarabağ həqiqətlərini işıqlandırmaq, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq istəyən 11 nəfər media işçimiz fəaliyyətini yerinə yetirərkən şəhid olub. 80 nəfərə yaxın jurnalistimiz fiziki xəsarətlər alıb. Mediamız sözü, qələmi ilə informasiya məkanımızı qoruduğu kimi, yeri gələndə canı və qanı bahasına torpaqlarımızın keçiyində dayanır.  Bu iki komponentin vəhdətdə olması, Azərbaycan mediasının simasını müəyyən edir.  

- Dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövrdə Azərbaycan mediası qarşısında hansı yeni vəzifələr durur?

-Dünyanı yenidən bölüşdürən, yeni bir nizam qurmağa çalışan güc mərkəzləri öz maraqları naminə informasiya manipulyasiyalarına yol verirlər. Akademik mərkəzlər qeyd edirlər ki, yaşadığımız dövrdə “feyk xəbər”in çəkisi sürətlə artır. Qlobal informasiya dövriyyəsində onun həcmi 80 faizə yaxınlaşır. Dezinformasiya dünya üçün fəlakətə çevrilir. İstiqaməti bəlli olmayan sürətli dəyişikliklər fonunda milli informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinə həssas yanaşılması zərurətə çevrilir.  İnformasiya məkanımız kənar müdaxilərdən qorunmalıdır, ictimai rəy sabit tutulmalı, düzgün istiqamətə yönəldilməlidir. Bu mənada milli informasiya resurslarının üzərinə böyük məsuliyyət düşür.

-Azərbaycan mediası qeyd etdiyniz məsuliyyət yükünü çəkə bilirmi?

-Əlamətdar haldır ki, milli media resurslarımız bu missiyanın öhdəsindən gəlirlər. Diqqət yetirsək görərik ki, milli media subyektləri əvvəllər yalnız Azərbaycana qarşı yönələn informasiya hücumlarına cavab verir, müdafiə məzmunlu çıxışlar edirdilər. İndi isə önləyici tədbirlər alırlar, ölkənin maraqları ilə bağlı məsələlərdə maraqlı araşdırmalar apara, yeni faktlar tapıb təqdim edə bilirlər. Beləliklə, rəqib ölkələrin media subyektlərində və sosial şəbəkə seqmentində cavab reaksiyalarına, istinadlara səbəb olurlar.  Nümunə olaraq İran, Fransa və ABŞ mediası tərəfindən müxtəlif vaxtlarda baş vermiş informasiya hücumlarına qarşı Azərbaycan mediası tərəfindən peşəkar, operativ cavablar verilməsini və informasiya mübarizəsindəki uğurları göstərə bilərik. Məsələn, əgər 44 günlük Vətən müharibəsi zamanı dünya mediası Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatları daha çox Türkiyə informasiya agentliklərindən və Türkiyə TV-lərindən alırdılarsa, indi bu tendensiya dəyişib. 2021-ci ildən sonrakı bütün proseslərdə, o cümlədən lokal antiterror əməliyyatında xarici medianın istinadları tamamilə Azərbaycan mediasının üzərinə köklənib. Bu mənada hazırda informasiya siyasətində məğlub olduğumuz heç bir media seqmenti mövcud deyil.

-Azərbaycan mediasının qeyd etdiyiniz son uğurlarının səbəbini nədə görürsünüz?

-2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət-media münasibətlərinin hüquqi mənzərəsini aydınlaşdırır. Yeni qanunu əvvəlkindən fərqləndirən əsas məqamlardan biri budur ki, o, media subyektlərinin dəqiq təsnifatını verir. Çap, onlayn, audiovizual media subyektlərinin, informasiya agentliklərinin standartlarını, fəaliyyət çevrəsini müəyyənləşdirir. Qanun rəqəmsal transformasiya dövründə media subyektlərinin tiplərinin qorunub saxlanılmasını təmin edir. Yeni qanun media subyektləri ilə yanaşı, jurnalistlərin statuslarını, hüquq və vəzifələrini dəqiq ifadə edir ki, bu da yeni media alətlərinin inkişaf etdiyi bir dövrdə son dərəcə zəruridir. Bu tendensiyalar kontekstindən yanaşsaq, “Media haqqında” yeni Qanun ölkəmizdə fəaliyyət göstərən jurnalistlərin səlahiyyətlərini müəyyənləşdirmək, haqlarını qorumaq üçün faydalıdır. Eyni zamanda, peşəkar jurnalistikanı qoruyub yaşatmaq istəyən dünya ölkələri üçün bir örnəkdir. Bir cümlə ilə ifadə etsək, “Media haqqında” Qanun Azərbaycanda peşəkar medianın inkişafına təminat verir. Qanunun qəbulundan 3 ay sonra, 13 may 2022-ci il tarixində Azərbaycanda kütləvi informasiya məhsullarıının ərsəyə gəlməsi üçün kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bu dövr ərzində media subyektlərinin inkişafını təmin etmək üçün verilən dövlət dəstəyinin həcmi artırılıb.  Məlumat üçün bildirək ki, 2009-2020-ci illərdə ölkədə dövlət hesabına yalnız çap media subyektlərinə  - qəzetlərə dəstək göstərilirdisə, indi həmin dəstək həm də onlayn media subyektlərinə aid edilir. Son 3 ildə hər il 39 xəbər saytına (xəbər portalına) müsabiqəli yardımlar göstərilib. 39 xəbər saytı, 17 qəzet redaksiyası olmaqla ümumilikdə il ərzində 56 media subyektinə iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki təminatlarının yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətin artırılması məqsədilə maliyyə yardımı ayrılır. Dövlətin verdiyi dəstək ölkədə KİV qollarının paralel inkişafını təmin edir.  Azərbaycan media məkanı son 4 il ərzində aparılan çalışmaların nəticəsi olaraq yad təmayüllü, manipulyativ xarakterli “media nəzəriyyələrinin” ekspansiyası üçün poliqon rolunu oynamaq standartından çıxa bilib. Azərbaycan özü tərəqqipərvər, ictimai əhəmiyyət daşıyan media nəzəriyyələrinin, tendensiyaların yaradıcısına çevrilib. 

-Bəzi məlumatlara görə, dünya əhalisinin yarıdan çoxu sosial media, sosial şəbəkə platformalarının istifadəçisidir. Yəni, xəbərləri oradan alıb yayırlar. Sosial şəbəkələr isə “feyk xəbər”in sürətli artımı üçün münbit şərait yaradır. Bəs, Azərbaycan seqmentində vəziyyət necədir?

-Sosial şəbəkə platformalarının sürətli inkişafı xəbər istehsalçılarının çeşidini artırıb. Analitik mərkəzlər qeyd edirlər ki, hazırda dünya əhalisinin yarıdan çoxu sosial media istifadəçisidir. “Statista.com”-un hesablamalarında bu göstərici təqribən 5.7 milyard nəfərlə ifadə olunur. Yəni, dünya əhalisinin 62,6 faizi sosial şəbəkə platformaları üzərindən xəbər alır və yayır. Azərbaycan seqmentində də mənzərə oxşardır. Son məlumatlara əsasən, ölkə əhalisi arasında sosial media istifadəçilərinin sayı 50 faizi ötüb. Belə bir şəraitdə Azərbaycan dövləti ölkəmizdə “feyk xəbər”in çəkisini azaltmaq üçün müxtəlif addımlar atır. Məsələn, qanunvericilikdə düzəlişlər olunur, əhali arasında maarifləndirici işlər həyata keçirilir və sair. Bu sahədə mənim ən çox önəm verdiyim məsələ sosial media ilə rəqabətə davam gətirə bilən peşəkar media subyektlərinin qorunub saxlanılması üçün dövlətin verdiyi dəstəkdir. Dövlət milli informasiya məkanında etimadlı xəbərin çəkisini artırmaq üçün həmin etimadlı xəbəri istehsal edən peşəkar media subyektlərinə dəstək göstərir. Son 4 il müddətində verilən sistemli dəstəyə uyğun olaraq, Azərbaycanın peşəkar milli media resursları ciddi inkişaf mərhələsinə qədəm qoyaraq, milli informasiya məkanında tam söz sahibinə, həmçinin beynəlxalq hesabatlarda istinad mənbəyinə çevrilə biliblər.

Qvami Məhəbbətoğlu, “İki sahil”