16 iyul 2025 11:11
332

Çində mobil telefon nömrəsi 440 min dollara satılıb

Çində simvolik mobil telefon nömrəsi — 15177777777 rekord qiymətə satılıb.

İki sahil” Kvedomosti.ru-ya istinadla xəbər verir ki, nömrə Ali Auksion onlayn bazarında 3,2 milyon yuana və ya təxminən 440 min dollara alınıb.

Bu nömrə ölkənin ən böyük telekommunikasiya operatorlarından biri olan “China Mobile” tərəfindən təklif edilir. Əsas rəqəm 7-dən ibarət olduğu üçün Çində "şanslı nömrələr" siyahısında 12-ci qrupa daxildir. Ənənəvi Çin mədəniyyətində 7 rəqəmi şans və uğur simvolu hesab olunur.

Maraqlıdır ki, nömrəni alan şəxs onu əmlak kimi deyil, 20 il istifadə hüququ ilə alır. Müqaviləyə əsasən, o, hər ay 1500 yuan (təxminən 206 dollar) ödəyəcək.

Üstəlik, bu nömrəni rəsmi olaraq başqa şəxsə köçürmək imkanı yalnız 5 ildən sonra yaranacaq. Növbəti qeydiyyat üçün ən azı 5 il gözləməli olacaqsınız.

Alıcının adı açıqlanmayıb, lakin ekspertlər belə eksklüziv nömrələrin Çində prestij, sosial status və sərvət simvolu kimi yüksək qiymətləndirildiyini bildirirlər. Nömrə sahibi olmaq çox vaxt nüfuzlu insanlar və ya böyük şirkətlər üçün investisiya hesab olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”