29 noyabr 2026 22:55
254

Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər

Çinin süni intellekt yarışında mümkün qələbəsi ABŞ iqtisadiyyatı üçün dəhşətli problem yarada bilər. Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett belə düşünür.

“İki sahil” xəbər verir ki, CNN-ə açıqlamasında Kevin Hassett ABŞ-nin süni intellekt yarışmasında Çinə məğlub olmasının Amerika iqtisadiyyatı və maliyyə institutları üçün dağıdıcı zərbə olacağını deyib.

"İkinci yerdə qalmamaq üçün çinlilərlə rəqabət aparırıq, çünki bu, ABŞ iqtisadiyyatı və maliyyə qurumları üçün dəhşətli bir problem olardı", - deyə o bildirib.

Hassettin sözlərinə görə, ABŞ ən son Amerika süni intellekt çipləri üzərində nəzarəti gücləndirə bilər.

"Biz əvvəlki nəsil çiplərin satışına icazə verirdik, lakin ən yeni, ən yaxşı çiplərin satışını qadağan etdik. Əgər ən yeni çiplərin bəzilərinin birbaşa və ya dolayı yolla məlumat mərkəzləri vasitəsilə səhv əllərə düşdüyü doğru olarsa, onda nəzarəti gücləndirməliyik", - deyə o qeyd edib".