23 may 2025 09:22
89

Skuterdə qədim Roma artefaktını oğurlamaq istəyən şəxs saxlanılıb

İtaliyanın paytaxtı Romada 24 yaşlı alman turist icarəyə götürdüyü elektrik skuterində qədim Roma artefaktını apararkən polis tərəfindən yaxalanıb.

İki sahil” xəbər verir ki, hadisə çərşənbə günü axşam ABŞ səfirliyinin yaxınlığındakı tarixi Via Veneto küçəsində baş verib.

Roma polisi gənc turistin skuterinin ayağında 30 kq ağırlığında mərmər sütun əsası daşıdığını görüb onu təqib etməyə başlayıb. Qısa müddət sonra saxlanılan turist əsəri “yadigar” olaraq aldığını bildirib. Əsərin kim tərəfindən verildiyi və ya alındığı məlum deyil.

Roma Arxeologiya Müdirliyi, sözügedən mərmər parçasının tarixi əhəmiyyətə malik Roma əsəri olduğunu açıqlayıb. Əsərin dəqiq haradan götürüldüyünü müəyyən etmək üçün araşdırmalar davam edir.

Turistə qarşı hələlik heç bir ittiham irəli sürülməyib. Lakin ona qarşı “oğurlanmış mədəni sərvətləri saxlama” maddəsi ilə istintaq başladılıb.

İtaliya hakimiyyəti son illərdə turistlər tərəfindən qeyri-münasib davranışların artmasından narahatdır.

Əvvəllər bəzi turistlər skuterlər və Maserati avtomobilləri ilə İspan pilləkənləri ilə enmiş, qədim Pompey şəhərində motosiklet sürmüş və ya öz adlarını Kolizeyin divarlarına həkk etmişdilər.

Fevral ayında Yeni Zelandiyalı turist Trevi fəvvarəsinə tullanmaq üçün cərimələnib. Bu ayın əvvəlində amerikalı turist Roma Kolizeyini əhatə edən hasarın üstündən dırmaşmaq istəyərkən iti dəmir sünbül yaraladığı üşün əməliyyat olunub.

Rəsmilər, Romanın tarixi quruluşunu zədələyən bu cür hərəkətlərə qarşı daha sərt nəzarət mesajı verirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”