Nahid Qasımov: Bu ilin ilk 3 ayında açıq məkanda yayımı dayandırılan 6950 reklamdan 99-u dövlət dilinin normalarının pozulması ilə əlaqədar olmuşdur
Müasir dövrdə açıq məkanda reklam fəaliyyəti yalnız kommersiya məqsədi daşımır. Eyni zamanda, şəhər estetikasına, hüquqi tələblərə və dil normalarına uyğunluq baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) bu sahədə tənzimləyici funksiyanı həyata keçirərək reklam bazarının şəffaflaşdırılması, qanunsuz reklamların qarşısının alınması, dövlət dilinin qorunması və reklam daşıyıcılarının texniki təhlükəsizlik standartlarına cavab verməsi istiqamətində ardıcıl tədbirlər görür. ADRA-nın Aparat rəhbəri Nahid Qasımovla reklam sahəsində görülən işlər, mövcud vəziyyət və qarşıya qoyulan məqsədlər barədə söhbətimizi oxuculara təqdim edirik.
– Açıq məkanda reklam sahəsinin inkişafı, şəffaflığın təmin olunması, eyni zamanda, reklamlarda qanunvericiliyin tələblərinə və dövlət dilinə riayət edilməsi istiqamətində hansı tədbirlər görülür?
-Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bir sıra sistemli tədbirlər həyata keçirir. Bunlara açıq məkanda reklam bazarında şəffaflığın təmin edilməsi, icazəsiz reklamların qarşısının alınması, reklam daşıyıcılarının texniki təhlükəsizlik və estetik görünüş baxımından yoxlanması daxildir. Reklam subyektlərinə verilən icazələr onlayn formada ADRA-nın İcazələr Sistemi (is.adra.gov.az) vasitəsilə həyata keçirilir ki, bu da prosesi sadələşdirir və şəffaflaşdırır. Eyni zamanda, reklamlarda dövlət dilinin qorunması daim nəzarətdə saxlanılır. Bu məqsədlə mütəxəssis qrupu tərəfindən monitorinqlər aparılır və pozuntu hallarında xəbərdarlıqlar edilir, sahibkar tərəfindən addım atılmadıqda isə reklamın yayımı dayandırılır. 2025-ci ilin 1-ci rübündə ümumilikdə 48701 obyektə baxış keçirilib, açıq məkanda 6950 reklamın yayımı dayandırılıb.
– Agentlik olaraq bu il ərzində nə qədər reklamın yayımına icazə vermisiniz? Bu icazələrin hansı hissəsi ərazi reklam idarələrinin payına düşür?
-Bu ilin ilk 3 ayında paytaxtda 85364 reklamın yayımına icazə verilib. Cari ilin ilk rübündə ADRA-nın regional idarələrinin verdiyi icazə sənədlərinin sayı isə 51107 olub. Bu rəqəmlər açıq məkanda reklam bazarının aktivliyinin göstəricisidir. Eyni zamanda, regionlarda da açıq məkanda reklam yayımlamaq istəyənlərin sayının artdığına və ADRA-nın bölgələrdə də reklam fəaliyyətinə nəzarət imkanlarının gücləndiyinə dəlalət edir. İcazələrin verilməsi reklamların qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından sonra həyata keçirilir.
– Qeyri-qanuni reklamların qarşısını almaq üçün hansı nəzarət mexanizmləri tətbiq olunur və konkret hansı tədbirlər görülür?
- Qeyri-qanuni reklamların qarşısının alınması məqsədilə ADRA mütəmadi olaraq monitorinqlər həyata keçirir. Aşkar edilən icazəsiz reklamlarla bağlı əvvəlcə maarifləndirici tədbirlər görülür, sahibkarlara xəbərdarlıq edilir və reklamların qanunvericiliyə uyğunlaşdırılması üçün müddət verilir. Əgər bu müddət ərzində pozuntu aradan qaldırılmazsa, müvafiq inzibati xəta haqqında protokollar tərtib edilir və reklamın yayımı dayandırılır. 2024-cü ildə 24000-ə yaxın reklamın yayımı dayandırılıb.
– Reklam və reklam qurğularının hansı ərazilərdə və hansı hallarda yerləşdirilməsinə icazə verilmir?
-Reklam qurğularının yerləşdirilməsi təhlükəsizlik, şəhərsalma və estetik meyarlar əsasında qiymətləndirilir. Binaların memarlıq üslubuna zidd olan, piyadaların və nəqliyyatın hərəkətini məhdudlaşdıran, kommunikasiya və fövqəladə hallarda istifadə edilən çıxışları əngəlləyən yerlərdə reklam qurğularının yerləşdirilməsinə icazə verilmir. Eyni zamanda, açıq məkanda tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların, tündlüyü 5 faizdən yuxarı alkoqollu içkilərin, bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının, qumar oyunlarının, pirotexnik vasitələrin, eləcə də Nazirlər Kabinetinin 414 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil olan digər əmtəələrin reklamına icazə verilmir.
– Dil normalarının pozulması ilə bağlı aşkarlanan reklam sayı nə qədərdir? Belə halların qarşısının alınması üçün hansı mexanizmlərdən istifadə olunur?
-Bu ilin ilk 3 ayında açıq məkanda yayımı dayandırılan 6950 reklamdan 99-u dövlət dilinin normalarının pozulması ilə əlaqədar olmuşdur. Bu rəqəm əvvəlki illərlə müqayisədə azdır. Bu isə o deməkdir ki, mütəmadi aparılan maarifləndirmə işləri nəticə verir. Ümumiyyətlə, Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin qanunvericiliyə əsasən, sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan ticarət və xidmət obyektlərinin sahibləri həmin hüquqlarından istifadə edirlər.
– Ulduz kateqoriyası düzgün göstərilməyən mehmanxanaların reklamlarına edilən düzəlişlər barədə oxucularımıza məlumat verə bilərsinizmi?
- ADRA-nın Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2024-cü ilin sentyabr ayında təkcə paytaxtda ulduz kateqoriyası düzgün qeyd edilməyən 70 mehmanxananın açıq məkandakı reklamlarında düzəlişlər edilib. Məlum olub ki, həmin mehmanxanalarda müvafiq təsdiqedici sənəd olmadan daha yüksək ulduz dərəcəsi ilə satış həyata keçirilirmiş. Bakı Şəhəri Reklam İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində həmin obyektlərin reklamları demontaj olunaraq nöqsanlar aradan qaldırılıb. Araşdırmalar nəticəsində o da məlum olub ki, "Turizm haqqında" Qanunda qeyd edilən tələblərə cavab verməyən 77 yerləşmə vasitəsi də "hotel" adından istifadə etməklə istehlakçı hüquqlarını pozub. Həmin yerləşmə yerlərinin artıq 61-nin açıq məkandakı reklamlarının yayımı dayandırılıb. Bu istiqamətdə işlər davam etdirilir. Sonuncu monitorinqlər paytaxtdan sonra 2025-ci ildə Gəncə şəhərində aparılıb. Baxış keçirilən 30 yerləşmə vasitəsindən 3-də "hotel" adından istifadə edilərək istehlakçı hüquqlarının pozulması halı aşkarlanıb və həmin reklam lövhələrinin demontajı təmin olunub. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
– Ulduz kateqoriyasının düzgün göstərilməməsi ilə bağlı reklam yerləşdirən mehmanxanalara qarşı hansı məsuliyyət tədbirləri nəzərdə tutulur?
- Açıq məkandakı reklam lövhələrində ulduz kateqoriyasını düzgün göstərməyən hotellər "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununu pozmuş sayılır və bu səbəbdən inzibati məsuliyyət daşıyırlar. Bu cür pozuntuya yol verənlərə qarşı cərimələr tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 428.7.2-ci maddəsinə görə bu cərimələrin məbləğı fiziki şəxslər üçün 300-500 manat, vəzifəli şəxslər üçün 1500-2500 manat, hüquqi şəxslər üçün isə 5000-10000 manatdır.
– Bakının estetik görünüşünə xələl gətirən reklam daşıyıcılarının yenilənməsi istiqamətində görülən işlərin cari vəziyyəti necədir?
- Bakı şəhərinin vizual görünüşünə xələl gətirməmək üçün ADRA estetik baxımdan uyğun olmayan reklam qurğularının sökülməsini və müasir standartlara cavab verən daşıyıcılarla əvəzlənməsi prosesini həyata keçirib. Hazırda bu işlər Bakı Dəmiryol Vağzalının ətrafında aparılır. Metronun “28 May” stansiyasının yaxınlığındakı binaların üzərinə mediafasad qurğuları yerləşdiriləcək. Qeyd edim ki, mediafasad qurğusu binaların üzərində yerləşdirilən LED texnologiyası üzrə hazırlanmış böyükölçülü rəqəmsal ekranlardır. Bu qurğuların köməkliyi ilə şəhər estetikası müasir görünüş alacaq, dinamik və dəyişən kontentləri uzaqdan idarə edərək yayımlamaq mümküm olacaq, eyni zamanda, binalara futuristik və texnoloji görüntü veriləcək. Bakı Dəmiryol Vağzalının ətrafında ixtisaslaşmış reklam yayıcıları tərəfindən görüləcək bu yeniliyin gələcəkdə digər ərazilərində də həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd açıq məkandakı reklam sahəsində dünyada təcrübəsini ölkəmizdə tətbiq edərək, bu sahədə inkişafa nail olmaqdır.
– Paytaxtda və regionlarda təhlükəli vəziyyətdə olan reklam qurğularının sökülməsi və estetik baxımdan uyğun olmayan reklamların yenilənməsi istiqamətində hansı tədbirlər görülür?
- Təhlükəsizlik tələblərinə cavab verməyən reklam qurğuları ADRA tərəfindən prioritet nəzarət sahəsi olaraq qiymətləndirilir. Belə qurğuların müəyyən edilməsi üçün vaxtaşırı texniki baxışlar keçirilir. Aşkar edilən nasaz və təhlükəli reklam qurğularının dərhal sökülməsi barədə göstəriş verilir. Nazirlər Kabinetinin 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”in 4.3 bəndinə əsasən reklam qurğusunun mülkiyyətçisi sahib olduğu qurğulara qulluğu, onların yuyulmasını və təmizliyini təmin etməlidir. ADRA son 1 il ərzində Bakının Səməd Vurğun, Rəsul Rza, Xəqani, Üzeyir Hacıbəyov, Bülbül, 28 May, Füzuli, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva küçələrindəki binaların, eləcə də tarixi abidələrin üzərindəki açıq məkan reklamlarının yenilənməsini həyata keçirib. Sahibkarlara yeni eskizlərlə bağlı məsləhətlər verilib, tikililərin estetik görünüşünə uyğun olmayan, onların fasadlarına xələl gətirən reklamlar demontaj olunub. Hazırda Təbriz və Ağa Nemətulla küçələrindəki açıq məkan reklamları ilə bağlı yenilənmə işləri aparılır və proses mərhələli şəkildə davam etdirilir.
– Binalarda yerləşdirilən reklam qurğularına dair müəyyən edilmiş əsas tələblər nələrdir?
- Binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər Nazirlər Kabinetinin 25 dekabr 2023-cü il tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər” və digər aidiyyəti qanunvericilik aktlarına əsasən müəyyən edilmişdir. Sahibkarlar bu sahədə fəaliyyət göstərərkən aşağıdakı əsas tələbləri mütləq nəzərə almalıdırlar: Reklam qurğularının binanın fasadının tinlərində, memarlıq detallarında, memorial lövhələrin, eləcə də memarlıq abidələrinin məlumat lövhələrinin 1 metrdən yaxın məsafəsində yerləşdirilməsinə icazə verilmir. Memarlıq abidələrinin üzərində eyni sahibkarlıq obyektinə aid birdən çox fasad reklamının yerləşdirilməsi və kronşteyn panel tipli reklam qurğularının quraşdırılması qadağandır. Reklamın birbaşa binanın fasadına dekorativ-bədii və ya mətn formasında çəkilməsinə yol verilmir. Reklam qurğularının eyvanlarda və digər çəpərləyici qurğularda (məhəccər və hasarlar istisna olmaqla) yerləşdirilməsi qadağandır. Binanın üzərində bir neçə fasad reklamı yerləşdirildikdə, bu reklamlar vahid üfüqi xətt üzrə, eyni hündürlük səviyyəsində olmalıdır. Bu,estetik baxımdan vizual uyğunluğun təmin olunmasına xidmət edir. Sahibkarlar reklam qurğusunu açıq məkanda yerləşdirməzdən əvvəl onun eskizini ADRA-ya təqdim etməli və müvafiq icazə almalıdırlar. İcazə olmadan reklam qurğusu quraşdırmaq qanun pozuntusu hesab olunur və inzibati cərimə və ya söküntü ilə nəticələnə bilər.
Maraqlı müsahibə üçün təşəkkür edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq…
Yaqut Ağaşahqızı, “İki sahil”