Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Halbuki Avropa İttifaqı (Aİ) çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Bu müstəqil siyasətin özəyini isə Macarıstanın Baş naziri Viktor Orbanın həmişə dövlət və milli maraqlarını hər şeydən üstün tutmasından irəli gəlir. Bununla əlaqədar Prezident İlham Əliyev dost ölkəyə işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatında bildirib ki, biz bunu alqışlayırıq: “Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə”.
Həqiqətən də Viktor Orban Aİ məkanında öz maraqlatını müdafiə edən, kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacaran liderdir. Bu gün Macarıstanda milli dəyərlərin, ailə dəyərlırin qorunması, neqativ təsirlərin qarşısının alınması da onun siyasəti sayəsində mümkün olub. Bu mənada Macarıstanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən birinin müxtəlif ölkələrlə bütün sahələrdə münasibətlərdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik. Yeri gəlmişkən, qeyd edək ki, maraq məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən irəli gəlir.
Bəzi Avropa dövlətlərinin təhdidlərinə baxmayaraq, türk dünyasına qədim tarixi köklərlə bağlı olan Macarıstan milli maraqları naminə türk dövlətləri ilə əməkdaşlığa üstünlük verir. Çıxışında bu məsələyə toxunan Orban bildirib ki, türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Hətta “Macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır” deyən Viktor Orban Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda (Macarıstan 2018-ci ildən bəri Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malikdir) iştirak üçün ötən il iyulun 6-da Şuşaya səfər etmişdi. Bu da Avropada böyük qıcıqla qarşılanmışdı. Avropa İttifaqının sabiq Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bəyanatla çıxış edərək bildirmişdir ki, Viktor Orbanın Aİ-ni Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti yoxdur. Viktor Orban isə ona belə cavab vermişdi: “Bəlkə sizdən soruşmalıyıq, cənab Borrell, harada nahar edəcəyik? Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur”.
Yeri gəlmişkən qeyd edək ki, V. Orban açıqlamalarının birində son beş ili Aİ-ni tarixində ən uğursuz dövr kimi səciyyələndirmişdi. Hətta o, Aİ-də demokratiya “defisiti”nin mövcud olduğunu bildirmişdi. Orban bu uğursuzluğa görə Avropa Komissiyasını və Brüsseldəki elitanı tənqid etmişdi.
Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında da türkdilli ölkələrin, o cümlədən Azərbaycanın maraqlarını hər zaman müdafiə edir. Yeri gəlmişkən qeyd edək ki, Macarıstan Azərbaycanın Aİ-dəki bir nömrəli tərəfdaşıdırr və bəzi hallarda ölkəmizə qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə bu ölkə qalxır. Məsələn, Macarıstan Aİ-nin Avropa Sülh Mexanizmi vasitəsilə Azərbaycana da yardımın göstərilməsini tələb edərək, Ermənistana əlavə 20 milyon avroluq hərbi yardım göstərməsinə mane olub. Qeyd edək ki, Aİ-yə üzv olan digər dövlətlərdən fərqli olaraq, Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib.
Bəli, Macarıstanın xarici siyasəti milli maraqlar üzərində qurulub. Bu da sözügedən ölkəyə digər dövlətlərlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər qurmağa imkan verir. Odur ki, Macarıstanöz milli maraqlarını həmişə lazımi səviyyədə qoruyur. Elə bu kimi səbəbdən Macarıstan da Azərbaycan kimi bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu yüksək dərəcədə artırır.
Bu gün Azərbaycan ilə Macarıstan arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Belə ki, Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt da imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan, həmçinin Macarıstanla yaşıl enerji üzrə fəal işləyir. Ölkəmiz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına da başlayıb. Hətta bu gün Macarıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində fəal iştirak edir. Belə ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü ianə edib. Cəbrayıl rayonunun Soltanlı kəndinin inşası da macar şirkətlərinin iştirakı ilə həyata keçirilir. Elə buna görə də qarşılıqlı inam və etimada əsaslanan, milli maraqlara söykənən, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
Qvami Məhəbbətoğlu, “İki sahil”