22 may 2025 12:45
129

Türk Dövlətləri Təşkilatı Avrasiyada mühüm güc məzkəzinə çevrilməkdədir

“Təqribən 11 milyon kvadrat kilometr ərazini, 200 milyon nəfərə qədər əhalini ehtiva edən Türk Dövlətləri Təşkilatı Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn yolun, Macarıstanın timsalında Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır”.

“İki sahil” xəbər verir ki,  bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar yaradır və bu da təşkilatın daha da möhkəmlənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir: “Yeni dövrdə Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri Türk Dövlətlər Təşkilatının gücünün və nüfuzunun artırılmasıdır. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikirləri də məhz Azərbaycanın bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər də sözügedən birliyi daha da gücləndirir. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Azərbaycan dövləti və xalqının türk dünyasının inkişafı naminə həyata keçirdiyi bütün işlərə verilən yüksək qiymət idi”.

“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 2024-cü ildə Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. 2025-ci ildə isə bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü Macarıstanda təşkil edilib” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu cür görüşlərin müntəzəmliyi Türk dünyasını daha da gücləndirir, bütün siyasi-iqtisadi təşəbbüslərin koordinasiya olunmasına əlavə təkan verir: “Məsələn, hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur Türk Dövlətləri Təşkilatının üzvlərinin əməkdaşlıq platformasına çevrilib. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə qardaş Türkiyədir. Eyni zamanda, Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilmiş məktəb və incəsənət mərkəzinin fəaliyyətə başlaması, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda məktəbin təməlinin qoyulması, Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə məktəbin inşası Türk dünyasının birliyinin əyani nəticəsi kimi də qiymətləndirilə bilər. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Eləcə də Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri də göstərir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının üzvləri artıq yaşıl enerji sahəsində də böyük uğurlara imza atmaqdadırlar. Macarıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində müqavilələr də imzalanıb. Bütün bunlar isə heç şübhəsiz ki, Türk dünyasının daha da güclənməsinə, xalqlarımızın rifahının daha da yüksəlməsinə, dövlətlərimizin isə regional və qlobal miqyasda nüfuzunun daha da artmasına səbəb olmaqdadır”.