21 may 2025 16:55
186

YAP Mərkəzi Aparatında görüş keçirilib - FOTO

Mayın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvləri ilə “Türk Ağsaqqaları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin nümayəndələrinin görüşü keçirilib.

“İki sahil” xəbər verir ki,  YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin təşviqi və Prezident İlham Əliyevin milli maraqlara əsaslanan məqsədyönlü siyasətinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması kimi məsələlərin daim diqqət mərkəzində olduğunu və ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Görüşün əhəmiyyətinə diqqəti cəlb edən Arif Rəhimzadə sözügedən istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin önəmini vurğulayıb.

“Türk Ağsaqqaları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib. İctimai Birliyin aktual məsələlərlə əlaqədar mühüm layihələr reallaşdırdığını, o cümlədən türk dövlətlərində əlamətdar hadisələrlə bağlı çoxsaylı tədbirlər keçirdiyini, Azərbaycanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran S.İmamverdiyev rəhbərlik etdiyi təşkilatın YAP Veteranlar Şurası ilə işbirliyində maraqlı olduğunu bildirib.

Görüşdə YAP Veteranlar Şurasının üzvləri Tahir Məmmədov, Elbay Qasımzadə, Arif Qaraşov, Zərifə Quliyeva, Adilə Abasova, Tahir Rzayev, Şahlar Əsgərov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, “Türk Ağsaqqaları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məşədihəsənli, Qadınlar Şurasının sədri Güllü Yoloğlu, təşkilatın nümayəndəsi İbrahim Quliyev çıxış edərək əməkdaşlıq imkanları barədə fikirlərini bildiriblər.