14 oktyabr 2026 18:16
178

Kamboca və Laos: Cənub-Şərqi Asiyada yeni tərəfdaşlıq ünvanlarımız

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək, mövcud əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bu baxımdan Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu mənada 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin, oktyabrın 13-də isə Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfərləri çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsi baxımından mühüm hadisələrdir.

Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manetlə görüşündə iki ölkə arasında siyasi münasibətlərin mövcudluğunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək ticarət, investisiya, birgə istehsal və enerji təhlükəsizliyi kimi istiqamətlərin əhəmiyyətinə diqqət çəkib. Yeri gəlmişkən qeyd edək ki, iki ölkə arasında iqtisadi münasibətlərin potensialı hələ tam reallaşdırılmayıb. Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirdiyi kimi, ölkələrimiz arasında ticarət dövriyyəsi hələlik çox aşağı səviyyədədir.  Odur ki, dövlətimizin başçısı bu sahədə canlanmanın vacibliyini vurğulayıb. Kambocanın Baş naziri bəyanatında bildirib ki, bugünkü səfərimdən etibarən biz birgə səylərimizlə, məsələn, ticarət əlaqələri kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik: ”Biz ticarət əlaqələrimizin inkişafı istiqamətində konkret tədbirləri müəyyənləşdirəcək və həyata keçirəcək birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəldik. Həmçinin müdafiə, təhlükəsizlik və təhsil sahələrində əməkdaşlıq məsələləri üzərində iş aparmış və bu məsələləri müzakirə etmişik”. Bu yanaşma onu göstərir ki, Bakı ilə Pnompen arasında münasibətlərin inkişafında əsas məqsəd mövcud siyasi əlaqələri real iqtisadi nəticələrlə tamamlamaqdır. Elə oktyabrın 12-də Prezident İlham Əliyev və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə iki ölkə arasında imzalanmış bir sıra sənədlər də bu niyyəti ortaya qoyub. Sənədlər sırasındakı digər 2 sənədlə yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”i də yer alıb.

Laosla münasibətlərdə də oxşar mənzərə müşahidə olunur. Oktyabrın 13-də Prezident İlham Əliyev ilə Laos Prezidenti Thonqlun Sisulitin görüşündən sonra iki ölkə arasında “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və bir sıra sənədlərin, o cümlədən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi həyata keçirilib.

Laosla əlaqələrin inkişafında təhsil və humanitar əməkdaşlıq da xüsusi yer tutur. Prezident İlham Əliyevin və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin mətbuata bəyanatlarlarında bu məsələ dəfələrlə vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb: “Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik”.

Azərbaycanın Kamboca və Laosla əməkdaşlığının perspektivlərindən danışarkən bu məsələni diqqətdən qaçırmaq olmaz. Şübhəsiz, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın iqtisadi və strateji əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhlizin genişləndirilməsi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarının şaxələndirilməsi baxımından mühümdür. Laosla aparılan danışıqlarda bu marşrutun əhəmiyyətinin vurğulanması tərəflərin nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirdiklərini göstərir.

Bütün bunlar göstərir ki, Azərbaycan yalnız ənənəvi tərəfdaşlarla münasibətlərin dərinləşdirilməsinə deyil, eyni zamanda, yeni regionlarda əlaqələrin qurulmasına və mövcud əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə çalışır. Bu mənada Cənub-Şərqi Asiya dövlətləri -Kamboca və Laosla əməkdaşlığın genişləndirilməsi ölkəmizin yeni bazarlara çıxışı, iqtisadi əlaqələrinin şaxələndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımından da əhəmiyyətlidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”