14 oktyabr 2026 18:51
153

Azərbaycan–Kamboca münasibətləri: Qarşılıqlı etimaddan strateji əməkdaşlıq perspektivlərinə

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal çağırışların artdığı, beynəlxalq təhlükəsizlik məsələlərinin aktuallıq qazandığı bir dövrdə müxtəlif coğrafiyalarda yerləşən ölkələrin ortaq maraqlar əsasında əməkdaşlıq qurması həm regional sabitliyə, həm də beynəlxalq münasibətlərin inkişafına mühüm töhfə verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə səfəri zamanı mətbuata bəyanatı da məhz bu baxımdan mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bəyanat Azərbaycan–Kamboca münasibətlərinin mövcud vəziyyətini, əməkdaşlığın yeni imkanlarını və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycan ilə Kamboca arasında beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış siyasi həmrəylik və qarşılıqlı dəstəkdir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda ölkələrimizin əməkdaşlığı ikitərəfli münasibətlərin möhkəm siyasi təmələ söykəndiyini göstərir. Bu əməkdaşlıq beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, tərəflərin ikitərəfli təmasları intensivləşdirmək barədə razılığa gəlməsi siyasi dialoqun daha konkret nəticələrlə zənginləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsidir. Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Kamboca ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Asiya istiqamətində əməkdaşlıq imkanlarını artırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlər coğrafi məsafədən asılı olmayaraq, ortaq maraqların, qarşılıqlı hörmətin və bərabərhüquqlu tərəfdaşlığın beynəlxalq əməkdaşlıq üçün əsas olduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin bəyanatında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi yer ayrılması təsadüfi deyil. Dövlətlərimiz arasında ticarət dövriyyəsinin hazırda mövcud potensiala uyğun olmaması tərəflərin qarşısında yeni imkanlar açır. Əsas məsələ bu imkanları müəyyənləşdirmək, biznes dairələri arasında əlaqələri gücləndirmək və siyasi razılaşmaları konkret iqtisadi nəticələrə çevirməkdir. Ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan mühüm addımdır. Bu mexanizm iqtisadi əlaqələrin inkişafına mane olan amillərin araşdırılmasına, qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsinə və biznes subyektləri arasında davamlı təmasların qurulmasına xidmət edə bilər.

Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu da iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir. Belə platformalar sahibkarların bir-birini daha yaxından tanımasına, bazar imkanları və investisiya prioritetləri barədə məlumat mübadiləsinin genişlənməsinə şərait yaradır. Prezidentin vurğuladığı kimi, coğrafi məsafə müasir dünyada əməkdaşlıq üçün həlledici maneə deyil. Əsas məsələ məlumat çatışmazlığını aradan qaldırmaq, qarşılıqlı maraqları düzgün müəyyənləşdirmək və tərəfdaşlıq üçün əlverişli şərait yaratmaqdır. Bu baxımdan biznes forumunun nəticələri gələcək iqtisadi münasibətlərin məzmununa və miqyasına təsir göstərə biləcək mühüm amillərdəndir.

Sənaye sahəsində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının müzakirə olunması da diqqətəlayiqdir. Belə əməkdaşlıq yalnız ticarət dövriyyəsinin artmasına deyil, eyni zamanda, istehsal əlaqələrinin qurulmasına, texnologiya və təcrübə mübadiləsinə, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edə bilər. Turizm və təhsil sahələrində əməkdaşlığın inkişafı isə münasibətlərin iqtisadi çərçivədən kənara çıxaraq humanitar məzmun qazanmasına şərait yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan–Kamboca əlaqələrinin inkişafı üçün potensial kifayət qədər genişdir və həmin potensialın reallaşdırılması ardıcıl, məqsədyönlü fəaliyyət tələb edir.

İki ölkə arasında təhsil əlaqələrinin bərpası və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ölkələrimiz arasında mövcud olmuş humanitar əlaqələrin tarixi əsaslarından biridir. Bu ənənənin yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi tələbə mübadiləsinin genişlənməsinə, elmi və akademik əməkdaşlığın inkişafına, xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər. Təhsil sahəsində qurulan əlaqələr uzunmüddətli perspektivdə ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin ən təsirli vasitələrindən biridir.

Rəqəmsal transformasiya və nəqliyyat sahələrinin prioritet istiqamətlər sırasında qeyd edilməsi də müasir dövrün reallıqlarına uyğundur. Rəqəmsal texnologiyalar dövlət idarəçiliyinin səmərəliliyini artırmaqla yanaşı, iqtisadi münasibətlərin inkişafına, xidmətlərin əlçatanlığına və məlumat mübadiləsinin sürətlənməsinə imkan verir. Bu kontekstdə Azərbaycanın qabaqcıl təcrübəsinin, xüsusilə “ASAN” dövlət xidmətləri sistemimizin Kambocada maraq doğurması ölkəmizin beynəlxalq əməkdaşlığa təqdim etdiyi innovativ həllərin əhəmiyyətini nümayiş etdirir. Vətəndaş məmnunluğuna, operativliyə, şəffaflığa və xidmət keyfiyyətinə əsaslanan bu sistem Azərbaycanın dövlət idarəçiliyi sahəsində qazandığı təcrübənin beynəlxalq miqyasda tətbiqi üçün imkanlar yaradır. Belə təcrübə mübadiləsi ikitərəfli əlaqələri möhkəmləndirməklə yanaşı, ölkəmizin müsbət beynəlxalq imicinin güclənməsinə də xidmət edir.

Parlamentlərarası əməkdaşlıq da Azərbaycan–Kamboca münasibətlərinin mühüm istiqamətlərindəndir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi qanunvericilik orqanları arasında dialoqun inkişafına və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi isə Cənub-Şərqi Asiya ilə əlaqələrin genişləndirilməsi baxımından əlamətdar hadisədir. Bu fakt Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin əhəmiyyətini, regional təşkilatlarla əlaqələrin inkişafına verilən önəmi və yeni əməkdaşlıq platformalarından səmərəli istifadə etmək niyyətini nümayiş etdirir.

Prezident İlham Əliyevin bəyanatında toxunulan məsələlər arasında mina problemi də xüsusi yer tutur. Azərbaycan və Kambocanın bu sahədə oxşar çətinliklərlə üzləşməsi təcrübə və bilik mübadiləsini zəruri edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın işğal dövründə basdırdığı minaların yaratdığı təhlükə bu gün də insanların həyatına, sağlamlığına və bərpa prosesinə ciddi təsir göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin miqyasını aydın göstərir. Bu şəraitdə mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və praktiki təlimlərin keçirilməsi humanitar baxımdan böyük əhəmiyyət daşıyır.

Mina problemi yalnız təhlükəsizlik məsələsi deyil, həm də azad edilmiş ərazilərin dirçəldilməsinə, infrastrukturun qurulmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına təsir edən ciddi maneədir. Azərbaycan bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır, “Böyük Qayıdış” Proqramını mərhələli şəkildə həyata keçirir. Buna görə də mina təhlükəsinin aradan qaldırılması həm insanların təhlükəsizliyinin təmin edilməsi, həm də dayanıqlı inkişafın sürətləndirilməsi baxımından prioritet vəzifə olaraq qalır. Kamboca ilə bu sahədə əməkdaşlıq ortaq təcrübənin bölüşdürülməsi və humanitar problemlərin həlli istiqamətində faydalı nəticələr verə bilər.

Dövlət başçısının sülh və təhlükəsizlik məsələləri ilə bağlı mövqeyi isə bəyanatın siyasi mahiyyətini tamamlayır. Prezident İlham Əliyev bir daha vurğulamışdır ki, davamlı sülh və təhlükəsizlik beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Azərbaycanın uzun illər davam edən işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlaması ölkəmizin müasir tarixində mühüm mərhələdir. Bu gün həmin ərazilərdə yaşayış məntəqələri yenidən qurulur, infrastruktur yaradılır, iqtisadi fəaliyyət bərpa olunur və insanların doğma torpaqlarına qayıdışı təmin edilir.

Azərbaycanın təcrübəsi göstərir ki, sülh yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və təhlükəsizlik təminatları ilə möhkəmləndirilməlidir. Bu baxımdan Azərbaycan ilə Kambocanın beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqlik məsələsində ortaq mövqedən çıxış etməsi münasibətlərin siyasi əsaslarını daha da gücləndirir. Sülhün və təhlükəsizliyin inkişafın başlıca şərti kimi qəbul edilməsi də hər iki ölkənin gələcəyə yönəlmiş yanaşmasını əks etdirir.

Bütövlükdə, Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı ikitərəfli münasibətlərin yeni imkanlarını üzə çıxaran mühüm siyasi hadisədir. Səfər çərçivəsində müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan–Kamboca əməkdaşlığı üçün siyasi dialoqdan iqtisadiyyat və investisiyaya, təhsildən rəqəmsal transformasiyaya, humanitar təhlükəsizlikdən parlamentlərarası əlaqələrə qədər geniş fəaliyyət istiqamətləri mövcuddur. İmzalanmış sənədlər və əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsi bu potensialın real nəticələrə çevrilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Əsas məqsəd mövcud siyasi etimadı davamlı iqtisadi və humanitar əməkdaşlıqla möhkəmləndirmək, qarşılıqlı fayda prinsipinə əsaslanan tərəfdaşlığı daha da inkişaf etdirməkdir. Prezident İlham Əliyevin bəyanatından irəli gələn başlıca mesaj da budur: müasir beynəlxalq münasibətlərdə coğrafi məsafələrdən daha çox siyasi iradə, qarşılıqlı etimad və konkret əməkdaşlıq təşəbbüsləri həlledici rol oynayır. Azərbaycan və Kamboca arasında əlaqələrin genişlənməsi bu prinsiplərin praktik təzahürü olmaqla yanaşı, ölkəmizin çoxşaxəli xarici siyasətinin və Asiya dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi strategiyasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Bəhruz Məmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi,
Naxçıvan Dövlət Universitetinin dosenti