Bakı sayca beşinci minifutbol üzrə dünya çempionatına ev sahibliyi edir
Artıq neçə ildir ki, Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz Bakı-2015 I Avropa Oyunlarına, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına, "Formula I”ə, UEFA Avropa Liqasının final oyununa, gimnastika üzrə 37-ci Dünya çempionatına, idman gimnastikası üzrə Dünya kuboku yarışlarına, bədii gimnastika üzrə XXXV Avropa çempionatına, Avropa Gənclər Olimpiya Festivalına, beynəlxalq şahmat festivallarına və digər mötəbər idman tədbirlərinə ev sahibliyi etməklə bunu dəfələrlə sübut edib. Bu isə o deməkdir ki, artıq Azərbaycan dünyada beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Yeri gəlmişkən qeyd edək ki, bu gün ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir.
Bakı daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Belə ki, bu gün, yəni mayın 21-də Bakıda, Milli Gimnastika Arenasında sayca beşinci minifutbol üzrə dünya çempionatına start veriləcək. Bu mundialda 32 komanda 8 qrupda yarışacaq. Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn komandalarıdır. Mayın 21-də komandamız Bəhreynə qarşı ilk oyununu keçirəcək. İki gün sonra Azərbaycan millisi Sloveniya ilə üz-üzə gələcək. Mayın 25-də isə Azərbaycan – Mavritaniya qarşılaşması olacaq.
Azərbaycan futbolunun tanınmış simalarından biri, həm futbolçu, həm də məşqçi kimi çempionluq tituluna yiyələnmiş, hazırda UEFA-nın Məşqçi kurslarında təlimatçı kimi fəaliyyət göstərən Arif Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında komandamızın uğur qazanacağını əminliklə dilə gətirdi: “Ümid edirəm ki, komandamız azarkeşlərimizin önündə yaxşı oyun nümayiş etdirəcək və etimadı doğruldacaq. Yəni, ilk “üçlüy”ə düşə biləcək. Elə komandanın məsul şəxsləri də bu fikirdədirlər. Əlbəttə, belə yüksək uğur əldə etmək çətin olacaq. Amma inanıram ki, millimiz layiqli çıxış edəcək və ən yüksək yerlərdən birini tutacaq. Komandamızın perspektivləri də çox gözəldir. Çünki heyətdəki oyunçular bacarıqlı və təcrübəlidirlər. Təbii ki, doğma meydanda oynamaq da bizim xeyirimizədir. Düşünürəm ki, ev sahibi olmaq bizə əlavə üstünlük yaradacaq. Unutmayaq ki, futbolda bəzən bəxt amili də müəyyən rol oynayır. Amma hər şeyi bəxtə də bağlamaq istəməzdim”.
A.Əsədov, həmçinin Bakıda keçirilən mundialın dünya minifutbol tarixində özünəməxsus iz buraxacağını əminliklə vurğuladı: “Bakının digər beynəlxalq yarışlar kimi minifutbol üzrə dünya çempionatına da uğurla ev sahibliyi edəcəyinə əsla şübhə etmirəm. Onu da bildirək ki, belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün Bakıya etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir”.
Müsahibimizin sözlərinə görə, minifutbolçularımız 2022-ci idə Slovakiyada keçirilmiş Avropa çempionatının qalibi olublar:”O zaman dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Avropa çempionları ilə görüşüb. Həmin tədbirdə cənab İlham Əliyev idmançılarımıza demişdi: “Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur”. Yeri gəlmişkən onu da bildirək ki, ölkəmizdə bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb”.
Həmsöhbətimiz, həmçinin bildirdi ki, belə yarışlar yalnız bir idman yarışı deyil: “Bu tədbirin həm də Azərbaycan reallıqlarını dünyaya çatdırmaq baxımından əhəmiyyətli olacaq. Şübhəsiz, mindiala gələnlər ölkəmizin turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında da geniş məlumat əldə edə biləcəklər”.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək davam edəcək. Mundialda 14 ölkənin referisi iş başında olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”