22 may 2025 17:10
113

Budapeşt Bəyannaməsi TDT-nin beynəlxalq nüfuzunun yüksəlməsi üçün böyük əhəmiyyətə malikdir

2025-ci ilin mayın 20-si  və 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının «Şərq və Qərbin görüş nöqtəsi» adlanan qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Eyni zamanda, burada təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt Bəyannaməsi qəbul edilib.

Hazırda dünyada baş verən münaqişələr və ziddiyyətlər fonunda  bu qəbildən olan tədbirlərin keçirilməsi Türk birliyi üçün olduqca böyük əhəmiyyətə malikdir. Macarıstan TDT-də müşahidəçi dövlət kimi çıxış edərək Türk dünyası ilə Avropa arasında körpü və rolunu oynayır. Ölkənin baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə səfərə gələn Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu gün Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Bu, səfər Azərbaycan Prezidentinin Macarıstana 6-cı səfəridir. Viktor Orban isə Azərbaycana 7 dəfə səfər edib. Prezident İlham Əliyev bu bərədə deyib: «Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır».

Xüsusi vurğulamaq lazımdır ki, Macarıstan hökumətinin Türk Dövlətləri Təşkilatında oynadığı rol, bu ölkənin Türk dünyasına inteqrasiyası cənab Baş nazir Viktor Orbanın qətiyyəti və müstəqil siyasət yürütmək əzmi nəticəsində mümkün olmuşdur. Eyni zəmanda, xüsusi vurğulanmalıdır ki, bəzi Avropa ölkə başçılarının narazılıqlarıba baxmayaraq Viktor Orban TDT-nin ötən ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi sammitində də iştirak etmişdir.

Zirvə görüşündə bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Cari ildə isə Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması planlaşdırılır. Hazırda Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Bu isə ona gətirib çıxarıb ki, ölkəmiz Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev deyib: « Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir»

Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Yaxın 10 il ərzində Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Həmçinin ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın  zamanlarda işğaldan azad edilmiş Laçında istifadəyə veriləcək. Beləliklə 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.

Prezident İlham Əliyev tədbirdə bildirib ki,  ötən il Azərbaycanda COP29 kimi mötəbər beynəlxalq  keçirilib. Vurğulayb ki, bu möhtəşəm tədbir 200 ölkənin yekdil qərarı ilə Azərbaycanda reallaşdı. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkilinə nail olunub. Tədbirdə 197 ölkəni təmsil edən 77 min iştirakçı, 70 dövlət və hökumət başçısı iştirak edib. Bununla da  Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşma oldu. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır..

Beləliklə, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının qeyri-rəsmi Zirvə toplantısı Türk dünyasının siyasi-iqtisadi və digər sahələrdəki əlaqələrinin daha da genişlənməsinə yardımçı olacaqdır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri