Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi çıxış edir. Dövlət başçısı cənab İlham Əliyevin 2025-ci il mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə etdiyi işgüzar səfər bu istiqamətdə münasibətlərin sürətlə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Səfəri çərçivəsində keçirilən təkbətək və geniş formatlı görüşlər, eləcə də verilən bəyanatlar iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Ölkə başçımız cənab İlham Əliyev Azərbaycan və Macarıstanı dost və strateji tərəfdaş ölkələr kimi xarakterizə etdi.
Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyev və Baş nazir cənab Viktor Orban arasındakı şəxsi dostluq əlaqələri də ölkələr arasında münasibətlərin güclənməsində əhəmiyyətli faktor kimi çıxış edir. 2023-cü ildə dövlət başçımız Macarıstana iki dəfə səfər edib, cənab Orban isə 2023 və 2024-cü illərdə Azərbaycana işgüzar səfərlər gerçəkləşdirib. Cari səfər çərçivəsində Prezidentin Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakı bu münasibətlərin gələcək inkişafı üçün vacib platforma rolunu oynadı. Viktor Orban Prezident cənab İlham Əliyevi “Macarıstanın köhnə dostu” adlandıraraq, çətin dövrlərdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi.
Azərbaycan və Macarıstanı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini tam dəstəkləyir və bu layihəyə qoşulmaqda maraqlıdır. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu sazişə uyğun olaraq, Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi planlaşdırılır. Xəzər dənizindəki külək enerjisi potensialı bu layihənin uğurla reallaşdırılmasında əsas rol oynayacaq. Dövlət başçısı cənab İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, Macarıstan şirkətləri Azərbaycanın nəhəng enerji layihələri – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də iştirak edir. 2026-cı ilin əvvəllərində yeni müqavilənin imzalanması planlaşdırılır və bu çərçivədə Macarıstan şirkəti Azərbaycanın quruda yerləşən neft yataqlarında fəaliyyət göstərəcək. 2023-cü ildən etibarən Macarıstana təbii qazın ixracı başlanıb və Azərbaycanın bu ölkənin qaz tələbatını təmin etmək potensialı yüksəkdir. Hazırda Azərbaycan 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə qaz ixrac edir.
Macarıstan eyni zamanda, Türk Dövlətləri Təşkilatında da fəal mövqe nümayiş etdirir. Bu ölkə 2018-ci ildən təşkilatda müşahidəçi statusuna malikdir və Budapeştdə Türk Dövlətləri Təşkilatının nümayəndəliyi fəaliyyət göstərir. Təşkilatın qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü Azərbaycana məxsus olmuş, bu təşəbbüsü Macarıstan dəstəkləyərək davam etdirmişdir. Prezident cənab İlham Əliyev bu dəstəyi yüksək dəyərləndirərək, Macarıstanın tarixi köklərə və türk dünyası ilə əlaqələrə önəm verdiyini xüsusi qeyd edib.
Prezident cənab İlham Əliyevin xarici ölkələrə etdiyi səfərlər və beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrindəki imkanlarının, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq münasibətləri hər iki ölkənin uzunmüddətli maraqlarına xidmət edir və gələcəkdə daha da dərinləşəcək əməkdaşlıq üçün güclü zəmin formalaşdırır.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri