22 may 2025 00:12
133

Böyük sahibkarlar ordusu bol məhsul və firavan həyat deməkdir

Bəs dövlətin onlara ayırdığı güzəştli kreditlərdən səmərəli istifadə olunurmu?

Böyük sahibkarlar ordusuna malik ölkənin iqtisadiyyatı da güclü olur. Çünki çoxlu sahibkar çoxlu iş yeri, bol məhsul, geniş ixrac potensialı və ən nəhayət firavan həyai deməkdir. Eyni zamanda, məsuliyyətli və işgüzar sahibkar təkcə öz malının və mülkünün deyil, həm də dövlətinin vəVətənin də sahibi olmaq imkanlarına malikdir. Bu dəyərli tendensiyanını prioritet məsələyə çevirən Azərbaycan dövləti ölkəmizdə güclü sahikarlar ordusu yaratmaq üçün bir çox səmərəli və innovativ tədbirlər həyata keçirir.

Xüsusilə onlara edilən vergi güzəştləri və ayrılan maliyyə dəstəyi hər il artmaqdadır. İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu (SİF) ölkədə sahikarlığın inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi üçün əsas vasitələrdəndir. Fondun güzəştli kreditləri sahibkarların bizneslərini böyütmək üçün müraciət etdiyi əsas maliyyə mexanizmlərindən biridir. 2024-cü ildə bu mexanizmdən yararlanan sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu barədə Fondun saytında bildirilir ki, ötən il SİF tərəfindən güzəştli kreditlə təmin edilən sahibkarlıq subyektlərinin sayı 2023-cü illə müqayisədə 74,7 faiz artaraq 5722-yə çatıb. Verilmiş kredit məbləği isə 28 faiz artaraq 248,1 milyon manat təşkil edib.

Bəs Fond bu dövlət vəsaitlərini səmərəli və balanslı şəkildə idarə edə bilirmi? Eyni zamanda, sahibkarlar onlara ayrılan vəsaitlərdən istiqaməti üzrə istifadə edirlərmi? Qeyd edək ki, 2024-cü il üzrə sənaye (o cümlədən, aqrar emal), kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura, yaşıl layihələr, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdi. Fond tərəfindən verilmiş ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq və akvakultura sahələrinə yönəldilib.

Həmçinin 2024-cü ildə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının təmin edilməsi üçün onların güzəştli maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Ötən ildə Fond tərəfindən maliyyələşdirilən layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Burada diqqətçəkən müsbət məqam odur ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektləri də geniş şəkildə dəstəklənir. Belə ki, fevral ayından etibarən «İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək» mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə «Elektron kredit və zəmanət» informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına malikdirər.

SİF-in bu fəaliyyəti cari ilin ilk iki ayı ərzində də davam edib. Belə ki, 2025-ci ilin yanvar- fevral aylarında 547 layihənin maliyyələşdirilməsinə ayrılmış 32,1 milyon manat güzəştli kredit hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin ümumi məbləğinin 40,5 faizi kənd təsərrüfatının, 56 faizi sənayenin 3,5 faizi isə digər sahələrin payına düşüb.

Elçin Zaman, «İki sahil»