03 may 2025 00:57
171

Yararsız ət məhsullarının satışının qarşısı necə alınır?

AQTA-nın ət kəsimi mərkəzləri layihəsi bu problemin həllinə yardım edir

Bu gün dönərxanalar «fast food» yəni,  qısa vaxtda hazırlanan və ayaqüstü yemek deməkdir. Loru dildə desək «tez-bazar» yeməkdir. Ona görə də onun keyfiyyəti və qidaya yararlığını müəyyən etmək ancaq satıcının insafına qalır. Hətta bu səbəbdən də mən dönər xoşlayan nəvəmin istəyini yerinə yetirərkən satıcıdan həm xahiş, həm də tələb edirəm ki, qida üçün təhlükəli deyilsə, fəsadları olmayacaqsa versin. Əslində, dönərin keyfiyyətli ətdən hazırlanması ona dad verməklə yanaşı, həm də insana xüsusi iştah gətirir.

Təbii ki, son zamanlar az da olsa dönərlərdən zəhərlənmə faktları var. Bunun səbəbi isə ətin köhnə və yararsız olmasıdır. Xatırladım ki, təqribən 3-4 il əvvəl  Bərdə və Ağcabədi rayonlarından Bakıya gətirilən 1 tona yaxın mənşəyi məlum olmayan ətin, eyni zamanda, Xaçmaz rayonunda meşədə külli miqdarda at və eşşək cəsədlərinin tapılması bir daha  təsdiq edirdi ki, bir qrup «işbazlar», insanlara mənşəyi naməlum ətlər yedirtməkdədirlər. Hətta birmənalı  demək olar ki, bu istiqamətdə xüsusi dəstələr mövcud idi və onlar şəbəkə halında işlərini qurmağı bacarmışdılar. Məhz həmin illərdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin apardığı uğurlu əməliyyat nəticəsində Ağcabədi sakini «leş Tofiq» ləqəbli şəxs həbs edilməklə cəzasını almışdır. Eyni zamanda, bu kimi önəmli tədbirlər DİN tərəfindən uğurla davam etdirilmişdir. Məlum olmuşdur ki, həmin cinayətkarların satış bazarları dönərxanalar, yeməkxanalar, hətta restoran və kafelər imiş. Məhz məlumatsız müştərilər belə yararsız ətlərlə bilmədən qidalanıblar. Xəstəlik mənbəyi olan həmin «ət məhsulları»nın realizəsi üçün təbii ki, kafelərin və kababxanaların, restoran və dönərxanaların sahibləri də məsuliyyət daşıyırdılar.

Burada bir məsələyə də diqqət yetirmək lazımdır ki, son bir neçə ildə dönərxanalara və restoranlara yararsız ətlərin satışına qarşı dövlət tərəfindən ciddi tədbirlər görülür. Belə ki, bui şi  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirir. Agentlik Azərbaycan Prezidentinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) publik hüquqi şəxs statusunda yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 may tarixli Qərarına əsasən İnstitutun Nizamnaməsi təsdiq edilib. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli və 22 may 2018-ci il tarixli sərəncamlarına əsasən, müvafiq dövlət orqanlarının balansında fəaliyyət göstərən laboratoriyalar, avadanlıqlar, inzibati binalar və ştat vahidləri Agentliyin balansına verilib. Nəticədə qida təhlükəsizliyi sahəsində vahid yanaşma tətbiq etməklə, yeni mərkəzləşdirilmiş idarəetmə forması yaradılıb. Bakıda və regionlarda ən müasir avadanlıqlarla təchiz edilmiş, ən mürəkkəb təhlilləri aparmağa imkan verən 16 laboratoriyadan ibarət şəbəkə formalaşdırılıb.

Agentliyin vəzifəsi əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmaqdan ibarətdir. Təşkilat qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyat və təsdiq, idxal sağlamlıq aktı, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini həyata keçirir. Agentlik 13 regional bölmə və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan ibarətdir.

Hazırda AQTA paytaxtda və rayonlarda ət kəsiminə ciddi nəzarət etməklə onların reallaşmasını ət kəsimi mərkəzlərində reallaşdırır.  Ət kəsimi mərkəzlərində fəaliyyət  göstərən mütəxəssislər, burada quraşdırılan müasir tipli avavadanlıqlar və labarotoriyalar kəsimə yararsız heyvanları qısa müddətdə aşkar edirək satışdan çıxarırlar. Nəticədə yararlı və sağlam ətlərinin istehlakçıya çatdırılması məsələsi mütəxəssislər tərəfindən təyin edilir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, at və eşşək ətlərini «işbazlar» həm də kolbasa sexlərinə verməyə cəhd edirlər. Məhz bu gün kolbasaların qiymətlərindəki ucuzluq da təsdiq edir ki, burada istifadə olunan ətlər istehlaka yararlı deyildir. Məsələn, əgər ətin parakəndə satış qiyməti 14 manatdırsa, necə ola bilər ki, bir kilo kolbasa və sosika marketlərdə kiloqramı 12-13 manata satılır. Buna görə də AQTA həm kolbasa sexlərində, həm də supermarketlərdə keçirdiyi reydlərlə istifadəyə yararsız ət məhsullarının  satışını nəinki qadağan edir, hətta müəssisə rəhbərinin cərimələnməsini reallaşdırr.

Dəyərli  atalar sözümüzdə deyildiyi kimi, ən böyük biclik düzlükdür. Axı, bizim dönərçilər, restoran və kafe sahibləri nə üçün halal və təmiz ətlərlə müştərilərinə xidmət etməsinlərki?... İndi ölkəmizdə ticarətin liberallaşması faktı mövcuddur və onun satışında qiymətlər adətən təklif və tələbata uyğun realizə olunur. Təbii ki,  kim bazara keyfiyyətli məhsul çıxarırsa, onun müştərisi də bol olur. Eyni zamanda, ticarətdə ən böyük halallıq məhsulun istehsal olunduğu və satıldığı məkanın təmizliyidir, onun standart qaydalara uyğun  qorunaraq istehlakçılara sağlam, təhlükəsiz məhsulun verilməsidir.

Elçin Zaman, «İki sahil»