02 may 2025 23:27
155

Travma və stresslə bağlı problemlərin müalicəsində effektiv vasitə - MÜSAHİBƏ

EMDR terapiya insanların travmatik və ya stressli xatirələrinin yaratdığı mənfi emosional reaksiyaları azaldır

EMDR terapiya (Eye Movement Desensitization and Reprocessing-Göz Hərəkətləri ilə Həssaslaşdırma və Yenidən Processing) psixoloji travmaların, narahatlıq və posttravmatik stress pozuntusunun (PTSP) müalicəsində istifadə olunan psixoterapiya üsuludur. EMDR-terapevt psixoloq Süleyman Məmmədzadə İkisahil.TV-yə müsahibəsində psixologiyada son illərdə geniş tətbiq olunan və travmalara qarşı çox müsbət nəticələr verən EMDR terapiyası ilə bağlı geniş məlumat verdi.

-Süleyman müəllim, EMDR terapiyasının əsas prinsipləri nələrdir?

-EMDR terapiyası travma və digər psixoloji çətinliklərə qarşı inkişaf etdirilən bir psixoterapevtik yanaşmadır. Bu terapiya insanların travmatik və ya stressli xatirələrinin yaratdığı mənfi emosional reaksiyaları azaldır. Bu terapiya zamanı beyin, sağ və sol yarımkürələrin eyni anda aktivləşdirilməsi ilə daha effektiv işləyir. Terapiyanın tətbiqi zamanı xəstə göz hərəkətləri və ya digər stimullar vasitəsilə travmatik xatirələri təkrar dərk edir. Bu, beynin təbii emal mexanizmini stimullaşdırır və xatirələrin müsbət və ya neytral bir şəkildə yaddaşda saxlanmasını təmin edir. EMDR terapiyasının digər bir vacib prinsipi, “desensitizasiya” və “yenidən emal” prosesini əhatə etməsidir. Burada “desensitizasiya” o deməkdir ki, insan travmatik xatirələrinə qarşı olan emosional reaksiyalarını azaldır və bu xatirələr artıq onu təsirləndirmir. Bu, insanın keçmişdə yaşadığı travmaların psixoloji yükünü azaldır və bu hadisələrin bugünkü həyatına daha az təsir etməsinə kömək edir. Əsasən EMDR, travmatik hadisələrdən əziyyət çəkənlər üçün tətbiq olunsa da, fobiyalar, anksiyete, panik ataklar və digər emosional pozuntuların müalicəsində də çox effektivdir.

-Bu terapiyanın ənənəvi terapiya metodlarından fərqi nədir?

-EMDR terapiyasının ənənəvi terapiya metodlarından fərqi çoxtərəflidir. Ənənəvi terapiya metodları, məsələn, danışıq, koqnitiv davranış terapiyası, əsasən şüurlu düşüncələri və davranışları dəyişdirməyə yönəlib. Bu metodlar insanların keçmiş təcrübələrini şüurlu şəkildə müzakirə etmələrini və həmin təcrübələrə qarşı daha sağlam yanaşmalar tapmalarını təmin edir.

EMDR terapiyasının əsas fərqi, travma ilə əlaqəli xatirələrin daha az şüurlu və emosional reaksiya yaradan sahələrdə tətbiqidir. Burada, terapiya zamanı göz hərəkətləri və ya digər stimullar vasitəsilə beyinin sağ və sol yarımkürələri eyni anda aktivləşdirilir. Bu, travmatik xatirələrin daha tez və effektiv şəkildə emal edilməsini təmin edir. Ənənəvi terapiya metodları daha çox şüurlu düşüncələrlə və təcrübələrlə işləyir, amma EMDR, travmaların dərindən və daha çox sürətli şəkildə emalına imkan tanıyır. Bundan əlavə, EMDR terapiyası daha qısa müddət ərzində effektiv nəticələr verə bilər. Ənənəvi terapiya üsullarında bir insanın travmalarla üzləşməsi  daha uzun müddət ala bilər. Halbuki EMDR terapiyası nisbətən daha sürətli və konkret nəticələr əldə edir.

-EMDR terapiyasını uşaqlar və yeniyetmələr üçün tətbiq etmək mümkündürmü?

-EMDR terapiyası uşaqlar və yeniyetmələr üçün də tətbiq oluna bilər. Araşdırmalar göstərir ki, EMDR terapiyası uşaqlarda və yeniyetmələrdə posttravmatik stress pozuntusu (PTSP) simptomlarını və anksiyete səviyyələrini əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, bir tədqiqatda EMDR terapiyasından sonra uşaqlarda PTSP simptomlarında və anksiyete səviyyələrində statistik olaraq əhəmiyyətli azalmalar müşahidə edilmişdir. EMDR terapiyası uşaqların və yeniyetmələrin yaşına və inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır. Məsələn, kiçik yaşlı uşaqlarla terapiya zamanı oyunlar, şəkillər və ya hekayələrdən istifadə edilə bilər. Bu metod, uşaqların və yeniyetmələrin travmatik hadisələri daha asan qəbullanmasına kömək edər. Bununla belə, EMDR terapiyasının tətbiqi zamanı uşağın və ya yeniyetmənin emosional hazırlığı və təhlükəsizlik hissi nəzərə alınmalıdır. Terapiya, yalnız travmatik təcrübənin artıq başa çatdığı və fərdin bu təcrübəni emal etməyə hazır olduğu hallarda tətbiq edilməlidir. Əks halda, terapiya zamanı travmanın yenidən yaşanması riski arta bilər . Bu terapiyanın tətbiqi zamanı fərdin hazır olması və terapiyanın peşəkar bir mütəxəssis tərəfindən aparılması vacibdir.

-Bu terapiya Azərbaycanda nə dərəcədə tanınıb və buna maraq necədir?

-Amerika və ətraf dövlətlərdə EMDR terapevtlərinin sayı artdıqdan sonra EMDR İnternational Assosiation (EMDRİA) təsis edilib. Kanada, Cənubi və Şimali Amerika ölkələrinin təlimçiləri qeyd edilən assosiasiyasının üzvləridir. Eyni zamanda, Avropada EMDR Europe Assosiation (EMDREA) yaradılıb. EMDREA-ya İsrail, Türkiyə və Azərbaycan daxil 40 Avropa dövləti üzvdür. Bu terapiyanın Azərbaycanda geniş şəkildə tanınması və tətbiqi üçün hələ də maarifləndirmə və təlimlərin artırılmasına ehtiyac var. EMDR terapiyasının effektivliyi və praktikası haqqında daha çox məlumatın yayılması, bu metodun psixoloji xidmətlərdə daha geniş istifadə olunmasına töhfə verə bilər.

-EMDR terapiyası üzrə cəmiyyətə hansı tövsiyələri verərdiniz?

-Bu sahə haqqında cəmiyyətin məlumatlılıq səviyyəsi hələ də məhduddur. Bu terapiyanın nə olduğunu, necə tətbiq edildiyini və hansı problemlərin müalicəsində istifadə olunduğu barədə geniş maarifləndirmə kampaniyaları təşkil edilməlidir. Bu məqsədlə seminarlar və informasiya materialları hazırlanaraq ictimaiyyətə geniş təqdim olunmalıdır. EMDR terapiyasını uğurla tətbiq etmiş şəxslərin təcrübələrini paylaşmaq, digər insanlara bu metodun effektivliyi barədə real nümunələr təqdim etmək baxımından faydalıdır. Bu, terapiyaya qarşı olan skeptisizmi azaltmağa və daha çox insanın bu üsula müraciət etməsinə səbəb ola bilər. Hesab edirəm, EMDR terapiyası, travma və stresslə bağlı problemlərin müalicəsində effektiv bir vasitə olaraq cəmiyyətin psixoloji sağlamlığının qorunmasına və yaxşılaşdırılmasına mühüm töhfə verə bilər.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”