KÖŞƏ

Vəli İlyasov

Tələdə vurnuxan siçovullar...

09 avqust 2023 02:14
5836

Ancaq xilas yolu görünmür

Xankəndidəki qondarma qurumun sonunun çatdığı artıq hər kəsə məlumdur. Orada cəmləşmiş terrorçular ikiqat tələyə düşmüş siçovul vəziyyətində yaşamağa məhkum olublar. Beyinləri zərərli təbliğatla-“miatsum”, “böyük Ermənistan “, “dənizdən dənizə” və s. doldurulmuş sadə ermənilər artıq anlamağa başlayıblar ki, bütün bu uydurmalar, bunların əsasında Azərbaycan ərazilərinin işğalında onlardan bir alət kimi istifadə etmək üçün petrosyanlara, koçaryanlara, sarkisyanlara, paşinyanlara və digər “iş adamlarına” lazım imiş. “Erməni xəstəliyi”ndən ayılanlardan biri bu günlərdə öz düşüncələrini paydaşları ilə də bölüşüb.

“Araik başa düşmür ki, “iş adamının çevikliyi” ilə “ölkəyə” (yəni qondarma quruma) rəhbərlik edə bilməz”.

 Bu sözləri erməni analitik Arşak Abramyan öz feysbuk səhifəsində yazıb.

“Dünənki çıxışı zamanı onun qırxılmamış üzünə və çarəsiz görünüşünə baxıb fikirlərini eşitdikdə bir şey məlum oldu. Arutyunyan bütün hesablamalarında yanılır, böyük oyunçuların heç biri artıq onunla hesablaşmır və vəziyyətə nəzarət edə bilmir. Belə bir vəziyyətdə o, ehtiyatlılıq nümayiş etdirməli və böhran vəziyyətlərində idarə edə bilən, bacaran insanlara yol verərək səssizcə getməlidir”, - deyə Abramyan qeyd edib.

Bəli, Araik Arutyunyan ağıllı adam olsaydı çoxdan qaçıb aradan çıxmalı idi. Axı, onun adı azərbaycanlılara qarşı törədilən hərbi cinayətlərdə hallanır. Ən azı Gəncə şəhərinə raket atmağa, orada günahsız dinc sakinlərin ölümünə görə onu ən ağır cəza gözləyir.  Ancaq baş terrorçu o qədər həyasızlaşıb ki, milyonlar qazandığı Qarabağdan getmək istəmir. Görünür, hələ də pul “sağmaq” imkanları var. İndi isə gecdir, çünki Laçın keçid məntəqəsindən keçib qaçmaq mümkün deyil. Çünki müharibə canilərinin siyahısında onun adı birincilər cərgəsindədir və beynəlxalq axtarışa verilib. O, yaxşı başa düşür ki, əlinin altındakı terrorçulardan biri olan Meşəli soyqırımının təşkilatçısı və icraçısı cəllad Vaqif Xaçaturyanın Laçın sərhəd-buraxılış məntəqəsində ifşa edilərək həbs olunması kimi məşum bir hadisə onun başına da gələcək. Təəccüblü odur ki, Araik Arutyunyan kiməsə, nəyəsə arxayındır. İndi o, sözün əsl mənasında ikiqat tələdədir. Bir tərəfdə onu Azərbaycanın ədalət məhkəməsi, digər tərəfdə isə öz millətinin iti caynaqları onu gözləyir. Hər iki tərəfdən salamat qurtulmaq üçün heç bir alibisi yoxdur. Üç ilə yaxındır ki, İkinci Qarabağ müharibəsində itkin düşən erməni əsgərlərinin bir çoxunun taleyi haqda heç bir məlumat ala bilməyən valideynlər  Araiki didib-parçalamağa hazırdırlar. Oğullarının meyitini alıb dəfn edə bilməyən əsgər valideynləri Paşinyanla bərabər Arutyunyanı da günahlandırırlar. Bəlkə də Araik öz ermənilərinin intiqamından qorxduğundan İrəvana getmək istəmir. Bir həqiqət də var ki, terrorçu qruplaşmanın başçılarından biri sayılan Qarabağda Samvel Babayan və tərəfdarları da Araikə düşmən kəsiliblər. Əvvəllər bu dəstələrin üzvləri arasında dava-dalaş və silahlı insidentlər tez-tez baş verirdi. Ssmvelçilər geci-tezi Araikçilərlə son haqq-hesabı çürütməyə hazırlaşırlar. Xankəndidə vəziyyətin getdikcə gərginləşməsi  qarşıdurmanı daha da yaxınlaşdırır. Ermənilərin astvası kimin üzünə güləcək onu yalnız özü bilir. O da ola bilər ki, bir ayağı daim Moskvada  olan və dar məqamlarında oradakı “axperlərindən” dəstək alan baş terrorçu yenə də onların köməyinə ümid bağlayıb. Araik nəyə və kimə ümid bağlasa da, ancaq iki tələnin birindən qaça bilməyəcəyi şübhə doğurmur. Hazırda Araik və başkəsənləri tələyə düşmüş siçovullar kimi ora-bura vurnuxur, xilas yolu axtarırlar. Yolları açıq olmasın!