KÖŞƏ

Vəli İlyasov

Ey sarvan, qoyma gedə o karvan...

01 iyun 2023 01:58
3739

Yuxarıdakı müraciət Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbçilərinədir. Çünki onlar İkinci Qarabağ müharibəsi bitəndən indiyədək Xankəndi ətrafında gizlənib qalmış 10 mindən artıq  terrorçunu qoruyub bəsləməkdə davam edirlər. Həmin on min nəfərdən çox quldurun ərzaqla, geyimlə, hərbi texnika və silah-sursatla təminatını adını sülhməramlı qoymuş bu ermənipərəst hərbçilər öz üzərlərinə götürüblər. Onlar Ermənistandan göndərilən dolu yük maşınlarını öz hərbi texnikalarının müşayiəti ilə Xankəndiyə keçirirlər. Doğrudur, son vaxtlar Laçında sərhəd-keçid məntəqəsi açılandan sonra bu cinayətkar fəaliyyətin qarşısı alınıb. Ancaq əvvəllər daşıyıb gətirdikləri ehtiyatlar kifayət qədərdir.

Sülhməramlılar azərbaycanlılara yaxın gəlməsələr də, erməniərin  ən müxtəlif tədbirlərinə qatılır,  axciklərlə şəkil çəkdirir, birlikdə yeyib-içirlər. Yayılan məlumatlara görə, hay qızları ilə evlənən sülhməramlılar da var. Onlardan bir neçəsi bildirib ki, hərbi qulluq müddəti başa çatandan sonra həmişəlik qalıb Ermənistanda yaşayacaq. Təbii ki, belə doğmalıqdan və qohumluqdan sonra hayların sifarişlərini canfəşanlıqla yerinə yetirirlər. Əlbəttə, onların bu hərəkətləri diqqətdən kənarda qalmır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hərbçilər əyri  əməllərində düzəliş etmir, sülh yaratmaq əvəzinə yeni silahlı qarşıdurma üçün zəmin hazırlayırlar.

Ancaq hərbçilər işlərini bununla bitmiş hesab etməyərək hara gəldi, hətta səlahiyyətlərinə aid olmayan işlərə də burun soxurlar.

İş o yerə çatıb, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbçiləri bu günlərdə Azərbaycanın Alban-Udi xristian icmasının nümayəndələrinin özlərinin dini ibadətgahlarını-Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət etməsinə mane olublar.  “Sülhməramlılar deyir ki, bu ərazi bizimdir, sizin buraya keçməyə ixtiyarınız yoxdur. Nə vaxt icazə versələr, keçəcəyik”. Bu sözləri Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari mətbuata açıqlamasında deyib. O, təəssüflə bildirib ki, ancaq bura ermənilər üçün daim açıqdır və onları daşıyıb bura gətirən başıpozuq sülhməramlılar onları göz bəbəyi kimi qoruyurlar. Xatırladaq ki, vandal ermənilər 2020-ci ildə buradan gedərkən abidənin divarlarındakı qədim alban əlifbası ilə yazılmış  lövhələri və daş kitabələri də söküb özləri ilə İrəvana aparıblar. Ermənilər abidəni beləcə qarət edəndə sülhməramlı deyilənlər onlara qarovul çəkərək şərait yaradıblar. Bu kimi insidentlər əvvəllər də baş verib.

Qeyd etdiyimiz kimi, əvvəlki illərdə erməni keşişlərinin və inanclıların buraya gəlməsini təşkil edən, onlara şərait yaradan sülhməramlılar müvəqqəti olduqları yerlərdə özlərini oraların sahibi kimi aparır, azərbaycanlılara qarşı kobud hərəkətlər edirlər.

Soruşuruq: Nə haqla? Siz kimsiniz və Azərbaycanın bu bölgəsində müvəqqəti olduğunuzu doğrudanmı anlamırsınız?! Qarabağda 10 minlik erməni terrorçu ordusunu bağrına basan, onların karvanlarına “sarvan”lıq edən rus hərbi kontingenti bizim müqəddəs abidələrimizə girişimizi yasaqlayacaq qədər azğınlıq edirsə, deməli, onlara öz həddini bildirməliyik.

Onlar iki il ərzində erməni “zəvvarları” Qarabağdakı alban kilsələrinə daşıyırlar. İndi bizim, o məbədlərin əsl sahiblərinin yolunu kəsirlər! Simasızlığa baxın! Nikol Paşinyanın zəhləsi getdiyi, Suren Papikyanın belə saya almadığı Rusiya əsgərləri bununla nə demək istəyirlər? Cavab verməsələr də olar, məlumdur, amma hər şeyin bir həddi var. Yəni, bu qədər ərköyünlük etmək olmaz, üz verəndə astar istəməzlər. Yəqin ki, dövlətimiz bu kimi özbaşınalıqlarla bağlı qətiyyətli sözünü bir daha deyəcək. Ancaq biz bunu da yazaq rus hərbi kontingentinin komandiri, general Aleksandr Lentsovun ayağına.  Burnunda çoxdankı iy qalan general əsgərlərinin özbaşınalıqları üçün izahat verməlidir...Vəzifəsinin öhdəsindən gələ bilmədiyini etiraf etməli və tərəf tutmasının səbəblərini açıqlamalıdır. Tələb etməliyik ki, utanıb-qızarmadan quldur erməni karvanlarına sarvanlıq edən əsgər və zabitlər özlərini adam kimi aparsınlar. Özü isə quldur hayların yedəyində getməsin, mundirinə-andırına hörmət etsin!