KÖŞƏ

Vəli İlyasov

23 may 2023 02:14
3348

Bildirçinin iki il yarımlıq bəyliyi...

Bizimlə ermənicə danışan sülhməramlıların vaxtı azalır

Bölgəyə gəldiyi gündən haylara qafiyə tutan Rusiya sülhməramlı kontingentinin pozucu fəaliyyəti barədə saysız-hesabsız faktlar var. Onlar terrorçu ermənilərin cinayətkar hərəkətlərinə nəinki şərait yaradır, hətta separatçılara qahmar çıxır, Qarabağa silah-sursat daşımaqda kömək də edirlər. Bütün bunlar Azərbaycan hərbçilərinin gözləri qarşısında baş verdiyi üçün öz etirazlarını dəfələrlə bildirmişdilər. Narazılıqlardan biri də Azərbaycanın qədim yer adlarının ermənicə yazılmasıdır. Biz dəfələrlə eşitmişik ki, Ermənistanın baş naziri Nikol Paşinyan televiziya ilə çıxışlarında Azərbaycanın yer adlarını Azərbaycan dilində deyir. Ancaq “babam mənə kor deyib” davranışları sərgiləyən sülhməramlılar revanşist ermənilərin xoşuna gəlmək üçün narazılıqları qulaqardına vuraraq etik qaydaları kobudluqla pozmaqda davam edirlər. Sülhməramlıların fəaliyyəti Paşinyanın sülh çağırışları ilə qətiyyən düz gəlmir.

Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin keçən ilin sonlarında yaydığı rəsmi etirazda deylir: “Təəssüflə bildiririk ki, Rusiya MN-in rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bundan başqa, hər dəfə Qarabağ iqtisadi rayonunun "dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır. Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya MN, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib”.

 Hətta belə bir xəbərdarlıqdan sonra da onlar özlərinin qondarma sülhyaratma statusuna uyğun olaraq heç olmasa, erməni adları ilə yanaşı Azərbaycan adlarını da göstərməyi özünə rəva bilmirlər.

Eyni zamanda, Azərbaycanda qeydiyyatdan keçməyən hansısa “fond”la birgə “humanitar aksiya” da keçirir ki, bu da sülhməramlı missiyasına heç bir aidiyyəti olmayan fəaliyyətdir. Onu da qeyd edək ki, bu günərdə Rusiya hərbi kontingentinin müşayiəti ilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin postlarına silah-sursat və digər yüklər daşınmasına dair yeni videogörüntülər yayımlandı.

Bütün bunlar Rusiyanın ərazilərimizdəki “şeytan barmağı”nın “fəaliyyətdə” olduğunu göstərir.

 Azərbaycanın yer adlarını bizim dildə yazmağı, səsləndirməyi özünə yaraşdırmayan, bununla da bizimlə erməni dilində danışan, faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, onun toponimlərini, deməli həm də tarixini, bugününü, gələcəyini şübhə altına alan ermənməramlı kontingentdən nə “sülhməramlı”, nə də “vasitəçi” çıxar!

Hərbi kontingentin ifasında bu iblisliklər həm də Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının müzakirələri və 3 ölkə başçısının yaxın vaxtda nəzərdə tutulan görüşü fonunda baş verir. Azərbaycan və Ermənistanın sülh danışıqlarına əngəl yaradan belə hərəkətlər işğalçı ölkədə də narazılıq yaradır. İrəvanda başa düşürlər ki, “işıq gələn yerə” barmaq tıxayan kimdir. Artıq bu barədə açıq danışanların sayı kifayət qədərdir.

“Rusiyada keçirilən müzakirələrdən müsbət nəsə gözləməyə dəymir. Çünki Rusiya problemləri həll etmək əvəzinə, yenilərini yaradır... Rusiya daha çox problem yaradır, nəinki onların həllinə çalışır”.

Bunu Ermənistan parlamentində Nikol Paşinyanın partiyasını təmsil edən depuatat Viqen Xaçaturyan Ermənistanın maraqlarının təminatı kontekstində deyib. Ancaq nə qədər paradoksal olsa da, eyni cümlələri Azərbaycanın maraqlarının təminatı baxımından da demək olar. Ümumiyyətlə, hadisələri dərindən izləyəndə Azərbaycan və Ermənistan rəhbərlərinin sülh danışıqlarında maraqlı olduqları hiss olunur. Təəssüf ki, ortalıqda maskalı qüvvələr dolaşaraq sülhə imkan vermək istəmirlər. Siyasi hadisələr kulminasiya nöqtəsinə yaxınlaşdıqca yüzillərin saxlancında gizlədilmiş həqiqətlər üzə çıxır, kimin kimə quyu qazdığı açıq görünür. Və sadə bir həyat həqiqəti var ki, “quyu qazanlar” axırda özləri oraya düşüblər...

Vəli İlyasov, “İki sahil”