KÖŞƏ

Vəli İlyasov

Papağı keçi dərisindən, xəbəri yoxdur...

18 aprel 2023 00:11
1986

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu beş il ərzində çıxışlarında kifayət qədər "xoruz" buraxıb. Artıq erməni toplumunda onun əllaməlikləri və qəribəlikləri barədə rəy də formalaşıb. Məlum olub ki, cəmiyyəti arxasınca aparmalı olan bu adam vacib məqamlarda öz yerində deyil, haradasa daldada-bucaqda əhəmiyyətsiz işlərlə məşğul olur, ya da sadəcə baş girləyir. Belə bir "nümunə" bu günlərdə yenə baş verib və o, yenə "xoruz" buraxıb.

İki  gün əvvəl baş nazir Nikol Paşinyan parlamentdə növbəti anormal bəyanatla çıxış edib. Deputatlar onun bivec çıxışından belə qənaətə gəliblər ki, baş nazir postunu boş yerə məşğul edən Paşinyan öz evində nizam-intizam qura bilməyən tədbirsiz ailə başçısı kimidir.

Xəbər verilir ki, Ermənistan-Azərbaycan sərhədində sonuncu təxribatı dolayısı ilə ölkəsindəki "beşinci kolon"un törətdiyinə işarə edən Nikol Paşinyan bildirib ki, təhlükəsizlik xidməti bu məsələ ilə ciddi məşğul olmalıdır. Baş nazir qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin tərkibində xarici ölkələrin agentlərinin olması istisna edilmir: "Məsələn, yüksək rütbəli zabit orduda təşviş yaradır və tabeliyində olanlara döyüş mövqelərini tərk etməyi tapşırır. Bu cinayətlərin motivlərini aşkar etmədən vəziyyəti izah etmək olmaz. Deməli, bu zabitlərin komandirləri ilə yanaşı, onların yuxarıdan əmr aldıqları daha bir instansiya var”.

Aprelin 12-də axşam  Müdafiə Nazirliyində olan  Nikol Paşinyan oradan birbaşa hakim “Vətəndaş müqaviləsi” partiyasının  ofisinə tələsib. Burada onun iştirakı ilə gecə saatlarına qədər qapalı iclas keçirilib. 

 Bu haqda Ermənistanda çıxan “Past” gündəlik nəşri məlumat yayıb: "Mənbələrimizin məlumatına görə, Nikol Paşinyan öz komandasının üzvləri ilə yaranmış vəziyyət barədə danışıb, bütün mümkün risklərin və ssenarilərin təfərrüatlarını təqdim edib. Eyni zamanda o, parlament deputatlarını öz siyasi gündəliyindən kənara çıxmamağa, xüsusən də sessiyalar zamanı müxalifətlə mübahisələrə getməməyə, onlarla ixtilafdan çəkinməyə, müxalifətin gündəminə əhəmiyyət verməməyə çağırıb." Bu da baş nazirin gördüyü tədbir. Görünür ki, Paşinyan öz partiyadaşlarından başqa kimsəyə inanmır və qərarlarını onlarla məsləhətləşəndən sonra verir. Bu, həm də ona dəlalət edir ki, Paşinyanın yaxın ətrafı özü kimi naşı və qorxaqlardan ibarətdir.

Ali Baş Komandanı olduğu orduda kimlərin özbaşına əmrlər verməsindən bixəbər olan Paşinyan söyləyib ki, ordusunda "beşinci kolon"a sadiq casuslar var və onlar istədikləri məqamlarda bölmələrə atəş əmri verirlər. Özü də belə əmrlər bir deyil, iki deyil, saysızdır. Belə əmrlərdən ən dəhşətlisi 2021-ci ilin sentyabrında da verilmişdi və o zaman döyüşdə Ermənistanın bütöv bir hərbi hissəsi darmadağın edilmişdi. Həmin döyüşlərdə yüzlərlə erməni əsgər və zabiti öldürülmüş və yaralanmışdı. Təəccüblüdür ki, Paşinyan bütün bunları bilə-bilə lazımi tədbir görmək əvəzinə boş-boş danışır, ordusunu xarici casuslardan və xəyanətkarlardan təmizləməyi bacarmadığını nümayiş etdirir. Özü ali vəzifəli, külli-ixtiyar sahibi ola-ola hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyindən gileylənir. Görəsən bu, kimə gileylənir? Özünün dediyi "daha bir instansiya" hansıdır, haradadır? O "instansiya" nə qədər güclüdür ki, Paşinyan öz ölkəsində onun əlində əsir-yesir kökündə qalıb? Həmin "yuxarı instansiya" nə vaxt aşkarlanıb neytrallaşdırılacaq? Ermənistan özü öz taleyinin sahibi nə vaxt olacaq? Bunları bir Paşinyan bilir, bir də astvası...