Vəli İlyasov |
Vallahi, billahi bu İran mollaları həm ssenarist, həm də tragikomediya aktyorlarıdır. Özü də hər ikisinin lap axmağından. Gic-gic oyunlar qururlar. Sonra məlum olur ki, bunlar uşaq-muşaq oyunları imiş. İndi də Azərbaycan ərazisində "Kərimə" və ya "kərmə" adlı dövlət qurmağı ssenariləşdiriblərmiş. Ancaq bu dəfə aktyorları bizim nəşə həvəskarları olub.
"Kərimə" qadın adı ola bilər. Kərim sözü həm də ərəbcə ədalət deməkdir. Kərmə də addır. Kərmə bilirsiniz də nədən hazırlanır? Püfff! Ayıbdır, açıq demək olmaz. Tərbiyəmiz buna imkan verməz. Amma bilənlər him-cimlə bilməyənlərə anlatsınlar. İranın ortaya atdığı mövzudan bax, həmin pis qoxu gəlir. Əvvəlcə xırdalayaq.
Bu günlərdə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər aşkar edilərək saxlanılıb. Saxlanılanlar özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələrdə, eləcə də ibadət yerlərində, insanların daha çox toplaşdığı digər mərasimlərdə İranı mədh edən zərərli təbliğatlar aparmaqla ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqlarını "can-başla" yerinə yetiriblər. Əslində özlərini "Allahın qulları" adlandıran bu nadan və cahillər o qədər gerizəkalıdırlar ki, 32 nəfərlə, 320 nəfərlə, lap 3200 nəfərlə də dövlət qurmağın mümkünsüzlüyünü qanmırlar.
Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycan Respublikasının mövcud Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslər məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmağı planlaşdırıblar.
Onlar barədə verilən məlumatlar göstərir ki, tamamilə gicbəsər və axmaq deyillər və "barter üsulu" ilə "işləyirlər." Yəni, sarsaq bir işə qurşansalar da karlı pul qazanırlar.
Araşdırmalarla müəyyən edilib ki, onlar İran İslam Respublikasından məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bakının küçələrində bahalı maşınlar sürən və sükan arxasında bir əlində təsbeh şaqqıldadıb təkbir deyən saqqallı oğlanları və çadralı qadınları görəndə nədənsə yadımıza "kərimçilər" düşür.
İran molla rejimi uzun müddət Azərbaycandakı dindarları, İslam Partiyası, digər siyasi qüvvələri və "Hüseyniyyə" mərkəzləri ya "Müsəlman Birliyi" Hərəkatı vasitəsi ilə bizim dünyəvi Azərbaycan dövlət quruluşunu dəyişib, İranyönlü teokratik şiə-şəriət dövləti qurmağa cəhd etdi. Cəmiyyətin də birmənalı dəstəyi ilə dövlət dünyəvi Konstitusiya quruluşumuza zidd əməl, niyyətli şəbəkə, cərəyana qarşı sərt tədbirlərini gördü. 44 günlük Qarabağ Vətən Müharibəsi, Azərbaycanın Zəfərini, Prezident-ordu-dövlət-xalq vahid birliyini görəndən sonra İran rejimi ölkəmizdəki teokratik şəriət dövləti qurmaq xəyalından tam əlini üzsə də xəyalından əl üzmədi. Ancaq bundan sonra B variantına keçdi. Bu dəfə, yarımteokratik, yarımşiə-şəriət, hibrid dövləti qurmaq cəhdinə, ölkəmizdəki iranyönlü dindar və demokratların birliyində, yeni "Kərimi dövləti" qurmağa. Nəzəriyyə, ideologiya isə, bir qədər, teokratik, şəriət mühafizəkarlığı azaldıb, araya demokratik müasirlik çalarları qatıb, cılız hibrid dindar-demokrat birliyi yaratmaqdır. Və bu hökumətin cilovunu, bununla dövləti, xalqı da dolayısı ilə İran molla rejiminə bağlamaqdır.
Ssenari, plan üzrə qanun cəza tətbiqi mümkün olmayan variant seçilir. Türmədə dindar Allahın təhqiri və onu müdafiə adı ilə bir, aclıq aksiyası keçirir. Dəstəkçi demokratlar onu insan haqları adı ilə müdafiə edib, məsələni beynəlxalq aləm səviyyəsində ictimailəşdirir. İran isə, o tərəfdən, İslam dünyasında "Allahsız Azərbaycan" təbliği aparır. Azərbaycandakı dini kəsim ayağa qalxır, xalqı, cəmiyyəti və dövləti silkələnir, ara qarışır, vəziyyət nəzarətdən çıxır və sonda qonşu ölkə müdaxiləsi, "Kərimi dövlətin" kənarda siyahı ilə hazlrlanmış dindar-demokrat hibrid hökuməti Azərbaycana oturdulur... Amma iş elə gətirdi ki, həmin başıpozuqlar hakimiyyətdə deyil, həbsxanada oturası oldular.
Pis qoxu verən kərmə dövləti isə İranın özündə qurulsa yaxşıdır, çünki əmmaməli şeytanların Tehran dövləti elə kərmədən qurulub. Ona görə də Tehrandan dünyaya üfunət iyi yayılmaqdadır. Güvəndikləri başıboş tiryəki adamlarla orda-burda quraşdırmaq istədikləri şər-şeytan yuvaları isə qurulmadan dağılacaqdır. Ölkəmizdə olduğu kimi.
Burada yada "Yeddi oğul istərəm" filmində qəbiristanlıqda Gəray bəylə Bəxtiyarın qarşılaşması düşür. Gəray bəy Bəxtiyara deyir: "Gədə-güdələrini də götür, rədd ol burdan."