KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənilərə reinteqrasiya şansı...

14 mart 2023 02:15
2834

Yeni görüş dəvəti Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürüdür

Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, bununla da onların ağır sosial problemlərdən, həmçinin separatçıların təsir və təzyiqlərindən, daha dəqiqi əsarətindən qurtarmaları üçün növbəti dəfə imkan yaradıb. Belə ki, martın 13-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin bu tarixi şansı lazımi səviyyədə dəyərləndirmələri həm onların Azərbaycan qanunları çərçivəsində öz hüquq və imkanlardan yararlanmaq imkanları əldə etmələri, həm də sözügedən regionda yeni iqtisadi inkişaf dövrünün başladılması baxımından müstəsna əhəmiyyət daşıyır. Çünki nə qədər gizlədilməyə çalışılsa da Qarabağdakı mülki erməni əhalinin problemləri gündən-günə artır və bu problemlərin separatçılar tərəfindən həll edilməsi heç bir halda mümkün deyil. Bu baxımdan erməni sakinlərin nümayəndələrinin müzakirələr üçün paytaxt Bakıya dəvət edilməsi, eyni zamanda, Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürüdür. Bu, bir daha göstərir ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində müzakirələr aparmağa və konkret addımlar atmağa hazırdır. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Qarabağdakı mülki ermənilərin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş baş tutub. Ancaq mart ayının 1-də Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsindən sonra proses yeni mərhələyə qədəm qoymuş oldu. Elə həmin gün R.Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı ilk dəfə olaraq rəsmi şəkildə Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Gözlənildiyi kimi, ilk rəsmi təmas Xankəndidə separatçılar arasında gərginliyin artması və siyasi qarşıdurmaların güclənməsi ilə nəticələndi. Hətta görüşün nəticələrinə toxunan qondarma qurumun “prezident”i

Araik Arutyunyan “təhlükəsizlik şurası”nın iclasında Azərbaycanın tələblərinə əməl etməməyin ağır nəticələri ilə bağlı xəbərdarlıq da etdi və iki seçim imkanının olduğunu bildirdi: “Biz ya seçdiyimiz mübarizəni davam etdirməyi seçirik, ya da ictimaiyyətdə elə bir əhval-ruhiyyə yaranırsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman onların öz vətəndaş hüquqları çərçivəsində sözlərini demək imkanları var.”

Araik elə həmin iclasda növbəti dəfə “vəzifə”sindən istefa verə biləcəyinin anonsunu da verdi ki, bu da baş separatçının məsuliyyətdən yayınmaq üçün aradan çıxmağa hazırlaşdığı ilə proqnozların kifayət qədər əsaslı olduğunu sübut edir. Yeri gəlmişkən, “Hraparak” nəşrinin yazdığına görə, martın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla Arutyunyan arasında görüş baş tutub. Arutyunyan yaxınlarına görüşün çətin keçdiyini və Paşinyanın rəsmi Bakının təkliflərini təkrarladığını bildirib. Konkret olaraq, Ermənistanın baş naziri Araikə deyib ki, Qarabağdakı erməni ictimaiyyətinin Azərbaycana reinteqrasiyasının, onların azərbaycanlılarla anlaşmalı, yaşamalı olmasının alternativi yoxdur. Əks halda yeni silahlı toqquşmaların baş verəcəyi qaçılmazdır ki, bu da ermənilər üçün böyük fəlakətlə nəticələnə bilər. Bu səbəbdən baş separatçı İrəvandan Qarabağa çox pis əhval-ruhiyyə və təəssüratlarla qayıdıb və artıq “prezident” vəzifəsində qalmaq istəmədiyini bəyan edib.

Göründüyü kimi, artıq Ermənistanın baş naziri Nikol Paşinyan da, Qarabağdakı separatçıların rəhbərliyi də, elə Qarabağın erməni əhalisi də Azərbaycanın əsaslı tələblərinin yerinə yetirilməsinin zərurət olduğunu nəhayət ki, başa düşürlər. Məhz belə bir vaxtda Azərbaycan hökumətinin Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etməsi ermənilər üçün böyük bir şansdır – tolerant Azərbaycanın bütün digər vətəndaşları kimi sülh və əmin-amanlıq şəraitində yaşamaq şansı...

Mahir Rəsuloğlu, “İki sahil”