KÖŞƏ

Vəli İlyasov

Arvad davası... "Kişi" Yasinin arxasındakı nakişilər kimlərdir?

01 fevral 2023 02:15
1963

Gülünc və acınacaqlıdır. Arvadını evində saxlaya bilməyən orta yaşlı bir cüvanəzən qapı-qapı düşüb arvadını axtarır, özü də əliavtomatlı. Amma bilmir ki, qeyrət avtomatda deyil, özünə kişi deyənin canında olmalıdır. Görünür, mollalar bu "kişiyə" arvadını evinə qaytarmaq üçün bu tədbiri görüblər, yoxsa indi onu belə  aydan arı, sudan quru, çıxarmağa girişməzdilər. Əgər belə olmasaydı, çoxdan itli-pişikli axtarıb arvadını tapıb “kişiyə” verərdilər. Arvaddır da, iynə deyil ki? Xoşqədəmin yeri məlum, ikicə günə tapardı, lap yerin deşiyində olsa da.

Ancaq görünən odur ki, İran xüsusi xidmət orqanlarının düşüncələrinin məhsulu olan bu cinayət nə qədər dəhşətlidirsə, onun üçün uydurulan, yaxud əvvəlcədən quraşdırılmış rəvayət də bir o qədər primitivdir.

Əvvəlcə hər şeyi guya ermənilərlə bağlamağa çalışan İran sonradan hamını inandırmağa çalışır ki, səfirliyə hücum edən həmin “kişi” Yasin terror yox, arvad davası edirmiş. Guya bunun arvadı  doqquz aydır  ki, Azərbaycan səfirliyindədir və heç cür onu geri ala bilmir və sair. Amma özü sübut edir ki, “arvad saxlayan yetim” deyilmiş.

Burada bir çox suallar yaranır: axı,  Azərbaycan səfirliyinin nəyinə lazımmış bir şərəfsizin arvadı? Həmin bu arvad nə qədər matah şey oldu ki, nə Azərbaycan onu vermir, nə də İran onu ala bilmir? Aidiyyəti hökumət orqanları bu zənəni axtarıblarmı? Bu arvadın özünün səsi-küyü niyə çıxmır, lal deyil ki? Onu beynəlxalq axtarışa veriblərmi? Suallar çoxdur, ancaq hamısının cavabı mənfidir.

Yəni, İran o qədər aciz dövlətdir ki, doqquz aydır səfirlikdən bu adamı ala bilməyib? Əgər doğrudan da belə bir məsələ var idisə, indiyə qədər Azərbaycana qarşı min bir iftira, şər-böhtan yağdıran İran mətbuatı, televiziyaları niyə susurdular? Bəlkə utanıblar? Amma bunlarda utanan üz yoxdur axı. Necə olur ki, elə həmin İran televiziyaları hadisədən dərhal sonra bu cinayətkardan müsahibələr almağa başlayırlar? Kim və nədən onlara bu şəraiti yaradır? Bütün bunlardan da əlavə, ən azı İran hökuməti Azərbaycan dövlətinə müraciət edə bilərdi.

Digər yandan, qeyrət axtarışına çıxan bu “kişi” səfirliyə “arvad dalınca” gəlmişdisə, girişdəki İran polisinə niyə işarə göstərib keçirdi, polis hardasa yarım saat ərzində əlində avtomat, kuvald, “molotov kokteyli” ilə binaya girməyə çalışan bu biqeyrəti niyə saxlamırdı? Ya da İran polisinin bu işdə barmağı yox idisə, nədən Tehranın polis rəisi həmin gün işindən azad edildi və niyə heç də əvvəlkindən aşağı olmayan başqa bir vəzifəyə keçirildi? Loru dildə desək, hörüyü dəyişdirildi.

Nəhayət, bu terrorun Holokost qurbanlarının Beynəlxalq Anım Günündə baş verməsi təsadüfdürmü? Xatırladaq ki, həmin gün Azərbaycanın İrandakı səfirliyi ilə paralel olaraq İsraildə də terror aktı törədildi və 8 nəfər həlak oldu. Doğrudanmı bütün bunlar təsadüfdür və İranın məqsədi  terror yox, arvad davasıdır?...Ancaq yuxarıda hər cür izah etdik ki, arvad davasına hacət yox idi. Arada Yasin Hüseynzadəyə biqeyrət damğası vuruldu, əmmaməsini yerə soxdular...

44 günlük müharibədən əvvəl və sonra İran Ermənistanı dəstəklədi, silah-sursat, yanacaq, avadanlıq və s. göndərdi, xeyri olmadı, Azərbaycan qorxub çəkinmədi. “Ermənistan sərhədi qırmızı xəttimizdir” dedi, Azərbaycandakı tulalarını üstümüzə qısqırddı, ölkəmizi “sionizmin dayağı” kimi qələmə verməyə çalışdı, Arazın sahillərində hərbi təlimlər keçirib əzələ oynatdı,  yenə xeyri olmadı və sair.

Nəhayət, belə görünür ki, İran Azərbaycana qarşı istifadə etdiyi bütün digər təzyiq və təhdid vasitələrinin işə yaramadığını gördüyü üçün bu axmaq və çirkin əmələ əl atdı. Amma bu da alınmadı...

İran dünyada bir çox sarsaq əməlləri ilə nüfuzunu büsbütün itirmişdi, indi bu “arvad davası” ilə özünü lap biabır etdi. Belə getsə İranı tüpürcək seli aparacaq, çünki bu hadisəni eşidən bütün dünya hayxırıb İrana tüpürür...