Vəli İlyasov |
Makron deyəsən Cənubi Qafqazı Cənubi Afrika ilə dəyişik salır
Fransızların əski zamanlardan yaxşı "qəmədiyə" oynadıqları hər kəsə məlumdur. Bu sahədə çəkdikləri bir çox filmlər məşhuri-cahandır. Bu ənənə indi də davam edir. Ancaq yeni "qəmədiyələrdə" baş rolları peşəkar aktyorlar deyil, peşəkar "afyorlar" aparırlar. Bu da o səbəbdəndir ki, aktyorları qocalıblar, həm də çox yorğundurlar. Yeni tamaşa Ermənistanın sərhədlərinə həsr olunub və baş rola firəng Tomat təsdiq olunub. Tomat, yəni yeməyə tökülən tomat yox ha, səhv salmayın, Stefano Tomatı deyirəm. Nə isə. Bu barədə az sonra da danışacağıq. İndi isə...
Deyirlər ki, Fransa Avropa İttifaqının Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazırdır.
Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Twitter” səhifəsində yazıb. “Bu, çox mühüm qərardır və Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq”. Əlbəttə, mühüm qərardır və arxasında hansı oyunların gedəcəyi də təxminən bəllidir.
Qeyd edək ki, Aİ Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. İddia olunub ki, guya missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam və Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit yaratmaqdır. EUMA-nın ilkin mandatı iki il olacaq və onun əməliyyat qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandanı EEAS-ın Mülki Planlaşdırma və İcra üzrə idarəedici direktoru Stefano Tomat olacaq. Sahə əməliyyatlarına cavabdeh olan missiyanın rəhbəri, yəni “uçastkovı” yaxın vaxtlarda təyin olunacaq.
Artıq rəsmi Bakı missiyanın göndərilməsi qərarına münasibətini açıqlayıb.
Burada sual yaranır: Fransa indiyədək Ermənistanın arxasında ermənilərdən də möhkəm dayanıb, Azərbaycanı hədələyib də, şantaj da edib, böhtan da atıb. İndi nə baş verib ki, Fransa hunanist mövqe tutub? Şübhəsiz ki, iki yüz il Azərbaycanla düşmənçilik edən erməniləri ağıllandırmaq, onları insan olmağa razı salmaq nə Tomatın işidir, nə də onun nənəsi pomidorun. Burada məqsəd tam başqadır. Çoxdandı ki, müsyö Makron Cənubi Qafqazda sivri burnunu soxmağa bir deşik axtarırdı. Nəhyət, çox çabaladıqdan sonra bu arzusuna çatıb. Öz məiyyətindən bir neçə nəfəri Ermənistanın razılığı ilə oraya göndərməyə imkan tapıb. Amma bu hələ hamısı deyil, Ermənistanla Azərbaycan arasındakı sərhədlərdə "əsl qəmədiyə" bundan sonra göstəriləcək. Buraya birtəhər dürtülmüş fransızlar gicbəsər erməni “bacılarına” afyorluq öyrədəcəklər, lazım gələndə aranı qatacaqlar, torpaq oğurlamağın “sirlərini öyrədəcəklər” və s. Həm də bu "missiya" hazırda həssas məsələlərdən biri olan sərhədlərlə bağlı olan mübahisələri guya dinc yolla, danışıqlar və qarşılıqlı razılaşmalara əsas yaratmaqla məşğul olmalıdır.
Ancaq fransızlar üçün başlıca məsələ Ermənistan deyil, Azərbaycandır. Makron hökuməti Ermənistandan bir tramplin kimi istifadə edir. Əsas hədəf Azərbaycandır. Fransa rəhbərliyi düşünür ki, Ermənistan ərazisində möhkəmlənib Azərbaycana öz şərtlərini qəbul etdirə bilər. Təəccüblü odur ki, müsyö Makron iyirmi birinci əsrdə yaşayıb on səkkizinci əsr şüuru ilə düşünür. Hələ də anlamaq istəmir ki, Cənubi Qafqazda yeni reallıqlar mövcuddur və bunu qəbul etmək lazımdır. Yoxsa "babam mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi artıq yerimir və heç bir işə yaramır. Belə adamlara el dilində "qartdaq" da deyirlər.
Bizim ölkəmiz xoş niyyətlə əməkdaşlıq etmək istəyənlərin üzünə açıqdır. Ancaq Fransa prezidenti müsyö Makron ədəbazlıq edərək öz istəyinə təzyiq və zor yolu ilə nail olmaq istəyir. O, deyəsən Cənubi Afrika adalarını Cənubi Qafqazla dəyişik salır. Dünyada söz sahiblərindən birinə çevrilmiş Azərbaycan isə belə münasibətləri rədd edir, yalnız xoşməramlı əməkdaşlığı qəbul etdiyini bildirir.
Azərbaycan Ordusunun Ermənistanla sərhədlərindəki əsgərlərimiz ayıq olsunlar, bir də görəcəklər ki, "Budur gəlir cüt bacı"...Biri erməni, bir də fransız.