KÖŞƏ

Vəli İlyasov

Zalımın zülmü varsa...

23 dekabr 2022 00:36
1565

Artıq dördüncü aydır ki, İranda molla rejiminin əleyhinə etiraz aksiyaları davam edir. İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd  və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb”, “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xameneyi qatildir, rəhbərliyi batildir!” və digər şüarlar səsləndirilib. Üç gündür ki, gecə saatlarında da yüzlərlə insan küçələrə çıxır. Qəzəbindən boğulan hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib. Xalqın haqq səsini eşitmək istəməyən molla rejimi onun tələblərinə əməl etmək əvəzinə cinayətkar planlara rəvac verməkdədir. Azadlıq, adi insan hüquqları istəyən sadə vətəndaşları güc strukturları dəyənəklə, həbsxanalara atmaqla, işgəncə verməklə və edamla ram etməyə çalışırlar. Onlar qaniçən sələflərinin vəsiyyətlərinə artıqlaması ilə əməl edərək baş qaldıranların başını kəsməyi, dar ağaclarından asmağı daha məqbul hesab edirlər.

Ancaq etirazçılara tətbiq edilən vəhşi cəzalardan daha da hiddətlənən insanlar bunlardan qorxub çəkinmədən ədalətsiz rejimin üstünə daha möhkəm addımlarla gedirlər. Vilayətlərdə SEPAH-ın əməkdaşlarının öldürdüyü etirazçıların sayı 500 nəfəri keçib, minlərlə insan isə həbsxanalarda təhdid, təhqir və işgəncələrə məruz qoyulur. Öldürülənlərin və həbs edilənlərin arasında azərbaycanlılar çoxluq təşkil edirlər. Rejimin keçmiş sadiq məmurlarının bir çoxu hakimiyyətin vəhşi tədbirlərinə dözməyərək xalqın tərəfinə keçir, istibdada “yox” deyirlər. Bu sırada hüquqşünaslar da var. Zülmün ərşə dirəndiyini görən və vicdanını itirməmiş ədalət tərəfdarları da rejimə qarşı çıxırlar.

Bu günlərdə təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyaniyə "hökumət əleyhinə təbliğat aparması" ittihamı əsasında hökm çıxarılıb. Hökmə əsasən, təbrizli vəkil 1 il həbs cəzasına məhkum edilməklə yanaşı, onun 2 il ölkədən çıxmasına qadağa qoyulub. O, Təbriz həbsxanasında saxlanılır və hər cür alçaltmalara məruz qoyulur. Ancaq dediyimiz kimi, Kyani tək deyil, onun məsləkdaşları çoxdur.

Xatırladaq ki, Negin Kiyani ilə yanaşı, Sina Yusifi, Əmir Mehdipur və Qasim Bodi adlı azərbaycanlı vəkillər Təbrizdə hökumət məmurları tərəfindən həbs edilən 1700 nəfərin azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını açıqladıqdan bir gün sonra saxlanılıblar. Onlara da “hökumətin düşməni” yarlığı yapışdırılaraq təqsirləndiriliblər. Belə görünür ki, terrorçuları və erməni qardaşlarını bağrına basan İran rejiminin rəhbərləri öz vətəndaşlarının haqlı tələblərinə sərt cəza tədbirləri ilə cavab verirlər. Təbii ki, cəzalandırılanların sayı artıqca İranın insanlıqdan uzaq rejiminə xalqların nifrəti də artır. Əzazilliyin,  zülmün isə sonu heç vaxt xeyirlə qurtarmır. Bunu biz yox, tarix belə deyir. Tarix həm də onu deyir ki, zalımın zülmü varsa, məzlumun da Allahı var.