KÖŞƏ

Vəli İlyasov

Kənaninin burnunun ucu...

22 dekabr 2022 02:16
1325

İran "tısbağanın xalası oğluna" oxşayır

İranın istənilən səviyyələri təmsil edən məmurlarının Azərbaycan haqqında fikirləri acı istehza doğurur. Çünki bilirik ki, onların hətta canıyananlıqları belə allergiya yaradır. Onu da bilirik ki, bunlar boğazdan yuxarı deyilmiş boş sözlərdir. İranın keçmiş xarici işlər naziri, hazırda ölkənin ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin "Azərbaycan bizim gözümüzün nurudur" sözlərini ucadan deməsi bizdə acı gülüş doğurdu. Bir çoxları isə özünü saxlaya bilməyib: "Yalançının atasına lənət" dedi. Çünki Vilayətinin hansı yuvanın quşu olduğunu Azərbaycanda hər kəs yaxşı bilir.

Namərd dostdansa mərd düşmən yaxşıdır. Siçovul kimi ayaq altı eşmək normal adam işi deyil. Belələrindən biri də peyda olub: Nasir Kənani. Görün "gözümüzün nuru" Nasir nə deyir: “İranın diqqəti Laçın dəhlizinin blokadasının tezliklə sülh yolu ilə aradan qaldırılmasına yönəlib”.

Diqqət yetirdinizsə, bu hərif də düşmənlərimizə qoşulub "Laçın dəhlizinin blokadası" ifadəsini necə həyasızlıqla işlədir. Tutaq ki, o birilər avropalılardır, bizdən min kilometrlərlə uzaqda yaşayırlar, ona görə də əsl həqiqəti və nə danışdıqlarını heç özləri də bilmirlər. Bəs hər şeyi yaxşı bilən və burnunun ucunda baş verənləri görən Kənani niyə bildiyini tərsinə danışır? 

Qeyd edək ki, bu sayıqlamaların müəllifi sıradan bir şəxs deyil, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənanidir. O, İSNA agentliyinə açıqlamasında ümidvar olduğunu bildirib ki, Laçın yolunun “blokada”sının götürülməsi məsələsi tezliklə sülh yolu ilə, Azərbaycan və Ermənistan arasında dialoq yolu ilə həll olunacaq.

“İran İslam Respublikası həmişə Azərbaycan Respublikası ilə Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinə önəm verib. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs Bəyanatının şərtlərinin tam yerinə yetirilməsi iki ölkə, Azərbaycan Respublikası və Ermənistan arasında fikir ayrılıqlarına son qoya bilər”, – guya bununla diplomatik gediş edən Kənani deyib.

Bölgədə sülhün və sabitliyin bərqərar olmasının lüzumsuz gərginlikdən uzaq durmağı tələb etdiyini deyən Kənani Laçın yolunun açılması məsələsinin dialoq yolu ilə tezliklə həll olunacağına ümid etdiyini bildirib. Halbuki Kənaninin dağılmaqda olan ölkəsində düzələcəyinə ümidvar olmalı olduğu çoxlu problemlər var. Qoy saxtakar diplomat ümidvar olsun ki, İranda insanların pozulmuş hüquqları özlərinə qaytarılacaq və bu ölkədə də sadə insanlar insan kimi yaşayacaqlar.

İranın xirtdəyəcən problemlər içində çabaladığı indiki zamanda ermənilərə canıyananlıq göstərməsi özü düz-əməlli yeriyə bilməyən tısbağanın xalası oğlunu belinə şəlləməsinə oxşayır. Axırları xeyir olmasın!