KÖŞƏ

Vəli İlyasov

Bunun harası blokadadır?

20 dekabr 2022 00:56
1334

Xankəndi üçün yaxasını cıran Qərb 35 ildir təcrid vəziyyətində yaşayan Naxçıvanı görməzdən gəlir

Laçın yolunda ekofəalların aksiyası artıq  9-cu gündür ki, davam edir. Bu günlər ərzində Rusiya sülhməramlılarının komandanlığı tərəfindən dinc aksiyaya qoşulan azərbaycanlıların tələblərinə məntiqə uyğun cavab və reaksiya verilməyib.  Müəmmalı susqunluq davam etməkdədir.  Bu susqunluğun arxasında bəzi mətləblərin olduğu aydındır. Azərbaycanlıların haqlı tələblərinə əməl edilməməsi öz yerində.  Qərbin bəzi beynəlxalq təşkilatları və dövlətləri Azərbaycanı aksiyaya son qoymağa,  "Xankəndini blokadadan  çıxarmağa" çağırıblar. Onların acı istehza doğuran tələblərindən belə görünür ki, Azərbaycan öz sərvətlərinin dağıdılıb aparılmasına göz yummalı, terrorçulara "Gözün üstündə qaşın var" da deməməlidir. Görünür, onlar ya bilərəkdən terrorçuları dəstəkləyirlər, ya da məsələnin məğzini öyrənmədən panika yaradırlar. Ancaq otuz beş illik münaqişənin haqqında məlumatsız olmaq, buna görə təsadüfi mövqe göstərilməsi o qədər də ağlabatan deyil. Çünki SSRİ kimi dünyanı saran “xərçəng xəstəliyi”nin məhv edilməsi ermənilərin qaldırdığı Qarabağ münaqişəsindən başladı.  Nəhayət, 2020-ci ilin 44 günlük müharibəsindən sonra  haqq-ədalət öz yerini tutdu, Azərbaycan  əzəli torpaqlarını işğaldan azad etdi.  Siyasi tənzimləmələr ona gətirib çıxardı ki, sülhdən boyun qaçıran Nikol Paşinyan hökuməti  "ipə-sapa" yatdı və Azərbaycanın tələblərini yerinə yetirməyə razı olduğunu bildirdi. Təəssüf ki, Azərbaycanla Ermənistan öz aralarında sülhə gəlmək fikirlərini bildirsələr də bəzi aralıq qüvvələr buna imkan vermək istəmirlər. Onların məqsədi belədir ki, nə sülh olsun, nə müharibə, nə qalib olsun, nə də məğlub.  Yəni, iki xalq əbədi olaraq qarşı-qarşıya dayanmış vəziyyətdə qalsın. Qarabağda qalan terrorçu quldur dəstələrinin orada saxlanması da bu məqsədə qulluq edir.

Əvvəla, adından və ilk günlərdən səsləndirilən şüarlardan da göründüyü kimi, Azərbaycan Ermənistanın davam etdirməkdə olduğu ekoloji terrora və buna dəstək verənlərə qarşı etiraz edir. Bu, bir növ ekoloji antiterror aksiyasıdır. İkincisi, Azərbaycan tərəfi gün ərzində həmin yoldan istifadə edən sülhməramlının humanitar yardım maşınını buraxır, təcili yardıma qapı açır, Xankəndinə qaz verir, kommunikasiyaya məhdudiyyət tətbiq etmir və sair.

 Xaricdən ermənilər sərbəst surətdə Xankəndiyə gəlirlər, oradan da heç bir maneəsiz xaricə gedirlər.Təəccüblüdür, bunun harası blokadadır? Rəsmi Bakı və eləcə də aksiyada iştirak edən fəallar indiyədək Xankəndini blokadada saxlamaq niyyətinin olduğunu açıqlamayıb. Əksinə, Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə öz köməyini təklif edib, onları quldurların dalınca gedib, həyatlarını pisləşdirməməyə çağırıb. Xankəndi separatçıların şeytan yuvası olsa da, bu aksiyaya qədər və bundan sonra da Azərbaycan dövlətinin Qarabağda yaşayan sadə ermənilərlə heç bir problemi olmayıb və yoxdur. Problem Qarabağda hələ də qalmaqda olan terrorçu dəstələridir. Onlar hətta müharibədən sonra da öz qanlı əməllərini davam etdirməkdədirlər. Bəs minaları Ermənistandan daşıyıb ərazilərimizə basdıran kimlərdir? Əlbəttə, həmin bu qatillərdir.

Yenə təəccüblüdür ki, indi Qərbdə haray-həşir salanlar Naxşıvanın otuz beş illik blokadası haqqında heç bir dəfə də olsa danışmayıblar və indi  də danışmırlar.  Heç olmasa, paralellər belə aparmırlar. Belə münasibət həm siyasət aləmində, həm də sadəcə insanlıqda demaqoqluqdan və vicdansızlıqdan başqa bir şey sayıla bilməz. Əgər belə olmasaydı otuz beş ildə 400 minlik naxçıvanlıların da blokadada olmazın çətinliklərini və əziyyətlərini lal olmuş dillərinə gətirərdilər. Dünyanın ən yaramaz milləti adını qazanmış ermənilər yəni, belə gülməşəkərdilər? Bir dılqır erməninin burnu qanayan kimi dərhal Qərbin şeypurçuları şivən qoparırlar. Ancaq erməni diversantlarının azərbaycanlıları kütləvi surətdə qırmasına gəlincə isə...

Son günlərdə Kəlbəcər rayonunda minaya düşən 8 nəfər azərbaycanlının həlak olmaları və yaralanması bu “demokratları” niyə narahat etmir görəsən? Kəndləri işğal olunmuş, öldürülmüş və yaralanmış, əmlakları erməni quldurları tərəfindən talan olunmuş naxçıvanlılar məgər insan hüquqlarından məhrum olunublar? Üçtərəfli Bəyanat qəbul olunandan ötən iki ildə mina partlayışlarından ölən və yaralanan azərbaycanlıların sayı 300 nəfəri  keçib. Ancaq özünü sivil adlandıranlar buna heç bir reaksiya vermirlər. Necə olur ki, hər gün Laçından keçib İrəvana gedən ermənilər blokadada sayılır, amma dörd tərəfdən Azərbaycanla əlaqəsi tamamilə kəsilmiş Naxçıvan blokadada sayılmır? Budurmu Qərbin insan hüquqlarına hörməti? Bu vicdansızlıq nə vaxta qədər davam edəcək?

Təbii ki, Azərbaycan rəhbərliyi Qərbin ikili standartlarına qarşı illərdir ki, mübarizə aparır və ən yüksək səviyyələrdə riyakarlığ və ikiüzlü siyasəti sərt tənqid edir. Azərbaycan bədxahlarının ona qurduqları labirintlərdən məharətlə keçib irəli gedir. Deyirlər ki, dəyirman öz bildiyini edər, çax-çax baş ağrıdar.