KÖŞƏ

Vəli İlyasov

İrəvanda yenə at izi it izinə qarışdı

24 noyabr 2022 02:56
1074

Ermənistan KTMT-dan çıxmağa cəsarət edəcəkmi?

Siyasi məhvərindən çıxmış Ermənistanda yenə də at izi it izinə qarışıb.  Bir neçə təsir dairəsində çabalayan ermənilər gah Qərbi, gah da Rusiyanı ittiham edir və sonra əksinə, onlara sevgilərini bildirirlər. Əslində bu, sevgi deyil, yaltaqlıqdır. Faktlara keçək.

Noyabrın 19-da Qarabağdakı araqarışdıranlar daha bir abırsızlıq aksiyasını nümayiş etdirdilər. Xankəndidəki terrorçu rejimin təşəbbüsü və "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın himayəsi ilə “rus mərkəzi”nin açılışını keçirdilər. Əslində, bu proses bir neçə aydır başlayıb. Ağdərədə vaxtilə ermənilərə ərə gəlmiş 5-6 rus arvadlarından "icma" təşkil edilməsi artıq dəb düşüb. Xankəndidə vaxtaşırı Rusiya bayrağının qaldırılması, Rusiyaya yalmanma tədbirlərinin davamlı xarakter almasının ardınca “rus mərkəz”lərinə qoyulan külli miqdarda vəsaitin məqsədi bəllidir. Qarabağdakı separatçılar anlayırlar ki, "sülhməramlı"ların ətəyindən bərk yapışmasalar onların xəyalları qısa müddətdə və həmişəlik məhv olacaq. Heç şübhəsiz ki, bu plan erməni separatçıların öz ağlı deyil.  Sifarişin Kremldən gəlməsi şəksizdir.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti açıq mətnlə bəyan etdi ki, biz Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi barədə orada yaşayan ermənilərlə danışmağa hazırıq, “amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib olan Ruben Vardanyan kimi insanlarla yox”. Çünki o, Azərbaycan ərazisinə Moskvadan çox aydın gündəliklə göndərilib. Ruben Vardanyanın öz pullarını başqa adlar altında “rus mərkəzləri”nə səxavətlə xərcləməsi onun  məkrli planının tərkib hissəsidir. Ermənilər rus sülhməramlılarının 2025-ci ildən sonra da bölgədə qalmasının zəruriliyindən bəhs edirlər, hətta Paşinyan başı girməyən yerə bədənini dürtməyə çalışır, rus hərbçilərin daha 10-20 il qalmasını nəzərdə tutan sənədə qol çəkməyə hazır olduğunu iddia edir. Bu, onda artıq şakərə çevrilib. Nikol Paşinyan çətin vəziyyətə düşən kimi Rusiya rəhbərliyinin xoşuna gəlməyə çalışır, komik rollara girir. Amma dünənədək İrəvanda vəzifə tutan rusları işdən çıxarırdılar, ölkədən qovurdular,  Rusiya səfirliyinə yumurta atırdılar, Putinin portretini ayaqlayıb yandırırdılar, rus ordusunun çıxarılmasını istəyirdilər. Ancaq sonra vəziyyət tam əksinə dəyişdi.

Baş terrorçu, Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarışa verdiyi, barəsində cinayət işi qaldırdığı Araik Arutyunyanın “rus icması”nın təsis tədbirində iştirak etməsi faktı bu quldurbaşının rus kölgəsində gizlənmək cəhdidir.  Bir ayağı Moskvada olan Araik Arutyunyan bir müddət əvvəl gözlənilmədən gecə ilə uçmuşdu ora. Təbii ki, bu səfərlərin hamısı məkrli planların hazırlanmasında iştirak etmək üçün lazım idi.

Ruslar Ermənistandan qaçıb, ya da qovulublar, indi bunlar Qarabağda süni yolla “ruslar”ın sayını artırırlar. Qarabağda 15-20 min erməni girovluqdadır, canlarını qurtarmaq üçün yollar arayırlar, Azərbaycan vətəndaşlığını qəbul etməyə də qorxurlar, çünki belədə quldurbaşı Araikin cəza dəstələri onlarla haqq-hesab çəkəcəklər. Belə bir vəziyyətdə hansı rus köçüb orda yaşamaq istəyər? Görəsən Ağdərədə, Xocavənddə nə qədər tələbat varmış “rus icması”na? Dediyimiz kimi, hər rayonda iki cüt, bir tək qoca rus var. Heç Ermənistanın özündə belə bu qədər “rus icması” mərkəzləri yoxdur, amma Qarabağda bir ucdan ofis açırlar. Özü də qocalıb əldən düşmüş və artıq çoxdan erməniləşmiş çətinliklə yeriyən ahıllar. Göründüyü kimi, bunların hamısı tragikomik bir tamaşanın nümayişidir.

Bütün bunlara rəğmən noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfəri zamanı İrəvanda minlərlə erməninin etiraz mitinqi ilə qarşılandı. Ermənilər öz ölkələrinin Rusiyanın təsirində olan KTMT-dan çıxmasını tələb edirlər. Yenə də paradoksal vəziyyət yarandı. Bir tərəfdə rus sevgisi, digər tərəfdə rusa nifrət. Vallah, bu ermənilər izaholunmaz və başadüşülməz bir varlıqdırlar.