Vəli İlyasov |
O gün uzaqda deyil
Artıq üçüncü aydır ki, İranda baş verən qanlı hadisələri həyəcanla izləmək məcburiyyətindəyik. Çox təəssüf ki, adı "İslam respublikası" olsa da özü İslam qayda-qanunlarından çox uzaq İranda azadlıq istəyən etnik qruplara qarşı misli görünməmiş zorakılıq və qəddarlıqlar davam edir. Artıq silahlar işə salınıb və toqquşmalar bir çox yerlərdə, o cümlədən də Güney Azərbaycanın müxtəlif şəhərlərində baş verir, çoxsaylı insan itkiləri var. "Azadlıq", "Ədalət", "Milli Demokratik Hökumət" hayqıran fədakar soydaşlarımız qurbanlar verirlər, yaralıların, həbsə atılanların sayı durmadan artır. Bütün bunlar Azərbaycanın şimalında yaşayan bizləri ciddi şəkildə narahat edir. Təbii ki, oradakı qardaş-bacılarımızın taleyi bizdən tələb edir ki, onlara mənəvi dəstək verək, kömək əlimizi uzadaq.
Zülm verdiyi insanların tələblərini dinləmək və lazımi tədbir görmək əvəzinə qəddar molla rejimi kürd əsilli Məhsa Əmininin qətlinə dinc şəkildə etiraz edən insanlara qarşı ağlasığmaz cəza üsullarından istifadə etməklə aksiyaları zorakı müstəviyə yönəltməyə üstünlük verdi və bununla da guya “xaricdən himayə və idarə olunan” etirazçıları susdurmaq üçün tətbiq etdiyi sərt tədbirlərə bəraət qazandırmağa çalışdı. Yayılan məlumata görə,yüzlərlə etirazçının edam olunmasına zəmin hazırlanır. Belə görünür ki, İran fars rejimi uzun illərdir müstəmləkə zülmü altında saxladığı insanları qorxutmaq, onların etirazlarını beşikdəcə boğmaq üçün məqsədli şəkildə təxribatçı addımlar atıb. “Əxlaq polisi”nin əxlaqsızcasına gənc qızı döyərək öldürməsi də əvvəldən hazırlanmış planın tərkib hissəsi olub. Bir neçə gün əvvəl daha bir azərbaycanlı, universitetin tibb fakültəsinin tələbəsi Aylar Həqqi qətlə yetirildi. Hətta polisin onun dəfn mərasiminə azğın hücumu da təşkil edildi. İki ay ərzində qətlə yetirilən 400-dək dinc etirazçının 56-sı uşaqlardır ki, bu da dəhşətli rəqəmlərdir.
Görünən odur ki, İran nə beynəlxalq təşkilatların, nə də dünyanın aparıcı ölkələrinin sanksiyalarının qarşılığında geri çəkilmək istəmir. Hadisələrin axarı göstərir ki, ölkədə vətəndaş müharibəsinin baş verəcəyi təhlükəsi var. Artıq buna zəmin yaranıb.
Qan tökməkdən gözü doymayan qudurğan fars rejimi müstəqil Azərbaycan Respublikası ilə də düşmənçilik aparır. Sərhədlərimizdəki hərbi təlimlər, ərazilərimizə sərsəm iddialar, təhdidlər, ölkəmizə narkotik maddələrin ötürülməsi və yayılmasıvə sair əməllər İranın insanlıq əleyhinə yönəlmiş cinayətlərinin göstəriciləridir. Ancaq fədakar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakıda fəaliyyət göstərən casus şəbəkələrini, antimilli ünsürləri müvəffəqiyyətlə ifşa edərək istintaq qarşısına çıxarırlar. Bu günlərdə bir neçə casus şəbəkəsinin ifşa edilməsi buna sübutdur.
Şübhə yoxdur ki, dövlətimiz sözünü bundan sonra da qətiyyətlə deyəcək. Ancaq bu yolda dövlətimizə dəstək vermək, həmrəyliyimizi daha da möhkəmləndirmək, sıx milli birliyimizi qorumaq hər birimizin müqəddəs borcudur. Dövlətimiz cənublu doğmalarımıza necə dəstək göstərəcəyini özü yaxşı bilir. Bu, iki aydan çoxdur ki, qanlı molla rejimi ilə mübarizə aparan, haqq və hüquqları yolunda canlarından keçən güneyli qardaş-bacılarımızın bizdən əsas gözləntisidir. İki yüz il Ermənistanla çiyin-çiyinə dayanan qəddar bir rejim müstəqil Azərbaycan dövlətini, bayrağını özünə təhlükə gördüyü üçün Azərbaycanın şimalı ilə cənubu arasında intensiv əlaqələrin yaranmasına hər zaman süni əngəllər törədib. Amma nə əsrlərin Araz həsrəti, nə də digər maneələr ürəkdən-ürəyə gedən yolları bağaya bilməyib. “Bakı-Təbriz, Ankara! Biz hara, farslar hara?” şüarını əzəmətlə səsləndirən güneyli soydaşlarımızın tezliklə bu istibdad zəncirini qırması üçün üzərimizə düşən missiyanı yerinə yetirməliyik. Artıq bu istiqamətdə işlər aparılmaqdadır.
Milli Məclisin son iclaslarında İranın radikal molla rejiminin anti-Azərbaycan davranışlarına etirazların ucadan səsləndirilməsi ilə bərabər, real işlərin görülməsi barədə planlar irəli sürülür. Məsələn, deputatlar tərəfindən Cənubi Azərbaycandan olan gənclərin Azərbaycan Respublikasında güzəştli şərtlərlə təhsil almasına şərait yaradılması təklif edildi ki, bu, çox vacib məsələdir. Azərbaycan dövləti bütün dünyada yaşayan soydaşlarımızın Vətənidir, həmçinin Güney Azərbaycandakı qardaş-bacılarımızın. Güneydəki aksiyalarda Prezident İlham Əliyevin portretlərinin qaldırılması, Azərbaycanın üçrəngli bayrağının meydanlarda dalğalandırılması milyonlarla soydaşımızın nəzərlərinin Bakıda olduğunu göstərir. Odur ki, biz soydaşlarımıza lazımi köməyimizi göstərməli, baş verənlərə biganə qalmamalıyıq. QHT-lərimiz Güney Azərbaycan xalqının pozulan hüquqları barədə beynəlxalq təşkilatlara gündəlik hesabatlar, məlumatlar göndərməli, soydaşlarımızın ana dilində təhsil almaq, normal yaşamaq hüququnun təmin edilməsi, qanunsuz təqib olunmalarına son qoyulması, həbsxanalardakı minlərlə fəalın dərhal azad edilməsi tələbini irəli sürməlidir. Demokratiya heç bir ölkənin daxili işi deyil, o cümlədən İranın. Orada onsuz da demokratiya deyilən məfhum yoxdur və nə qədər ki, cəllad rejim mövcuddur, olmayacaq. Biz güclü və müstəqil Azərbaycan Respublikası olaraq soydaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi üçün mübarizəyə hazır olmalıyıq. Gec-tez bu rejim və xalqlar həbsxanası olan bir rejim dağılacaq, iki yüz illik ayrılığa son qoyulacaq, azadlıq günəşi Güney azərbaycanlılarının da başının üstündə doğacaq. O gün yaxındadır.