KÖŞƏ

Vəli İlyasov

Ermənilər Şuşa xəbərdarlığından ağıllanmasalar…

10 noyabr 2022 23:28
1063

Zəfər bayramını Şuşada hərbçilərlə birgə qeyd edən Prezident İlham Əliyev oradakı çıxışında həlli vacib bir neçə məsələyə toxundu. Cənab İlham Əliyevin sözügedən çıxışından bir daha məlum oldu ki,  Rusiya sülhməramlılarının qoltuğuna və bəzi xarici qüvvələrin himayəsinə sığınmış ermənilər 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə öz həllini tapmış münaqişənin son nöqtəsinin qoyulmasında maraqlı deyillər.  Prezident hər kəsə açıq mətnlə bildirdi ki, Azərbaycan öz prinsiplərindən bir addım da geri çəkilmir.

Dövlətimizin başçısı Şuşadan ermənilərə mesaj göndərdi ki, Bakı sülhməramlıların qalması üçün daha müraciət etməyəcək: “Qarabağ bizim torpağımızdır, rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.

Sülhməramlılar beş  ildən sonra, yəni, 2025-ci ildə Azərbaycan ərazisindən çıxarılacaqlar.  Lakin rəsmi Bakı artıq indidən “sülhməramlıların qalma müddətinin uzadılması üçün müraciət etməyəcəyini” bəyan edir. Bunun sülhməramlıların müddətinin uzadılması məsələsinin müzakirə edildiyi Soçi görüşündən sonra bir daha qətiyyətlə vurğulanması da diqqətçəkən məqamdır. Cənab Əliyev Putin və Paşinyanın bu istəyini yaxın buraxmadı və eyni mövqedə qaldığını yenidən nümayiş etdirir.

Prezident Ermənistan silahlı dəstələrinin hələ də Qarabağdan çıxarılmadığını bildirdi: “Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”.

Cənab İlham Əliyev erməni qoşunların tam çıxarılmasını tələb etdi və ona görə də anti-terror əməliyyatının ola biləcəyinin mesajını verdi, “Fərrux”, “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərdi.

Lakin məğlubiyyətlərdən düzgün nəticə çıxarmayan Ermənistan xəbis niyyətini davam etdirməkdədir. Xankəndidəki son təxribat mitinqi, Laçın dəhlizi ilə silah daşınması faktları buna əyani sübutlardır. Ona görə də Azərbaycan rəhbəri Ermənistana mesaj verdi ki, vəziyyət belə davam edərsə  Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər: “Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun... Biz nə vaxta qədər gözləməliyik?”

Dövlətimizin başçısının çıxışında  Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşılıq olaraq  Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edilir. Soçi görüşündən sonra dəhlizdən  Qarabağa yenə də silah-sursatın daşınması faktı bu istiqamətdə əsaslar yaradır.

Prezident  İlham Əliyevin fikirlərindən çıxan ümumi nəticə belədir ki, qarşıdakı dövrdə Azərbaycan Ordusunun proseslərə müdaxiləsi mümkündür. Əlbəttə, hərbi müdaxilə olarsa onun məsuliyyəti Ermənistanın üzərində qalacaqdır. Çünki kapitulyant ölkə iki ildir ki, öz üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib və pozucu hərəkətləri ilə bu fikirdə olmadığını da açıqca büruzə verir. Şəraitin bu cür tündləşdirilməsi isə Azərbaycanı  lazımi addımların atılması məcburiyyətində qoyur. Çünki qalib gəlmiş ölkə kimi öz qələbəsini nəticələndirməlidir. Bunu ölkənin və xalqımızın milli maraqları tələb edir.

Görünür, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasını istəmir və öz işğalçı niyyətlərindən hələ də əl çəkmək fikrində deyil. Ancaq hesablamır ki, başına enəcək ikinci “Dəmir yumruq”dan sonra onu kimsə xilas edə bilməyəcək və onun dövlətçiliyi oyuncaq bir quruma çevriləcəkdir. Yəqin İrəvanda fərqində deyillər ki, onlar dibi görünməyən bir uçurumdan üzü aşağı yuvarlanmağın bir addımlığındadırlar. Əgər yersiz inadları və ağılsızlıqları ucbatından yeni məğlubiyyətlərin acısını çəkəcəklərsə, onda bunun babalı yenə də öz boyunlarında qalacaq.